Rizvan Nəbiyev: Qayıdış artıq yalnız humanitar məsələ deyil – siyasi və hüquqi müstəviyə keçib
24 iyun 2026, 16:37

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edərək Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdış məsələsinin artıq yalnız humanitar problem deyil, siyasi və hüquqi müstəvidə həllini tələb edən məsələ olduğunu bildirib.

Çıxışında dünyada qaçqın probleminin miqyasına diqqət çəkən Rizvan Nəbiyev qeyd edib ki, qaçqınların geri qayıdışı məsələsinə siyasi, hüquqi və humanitar aspektlərdən yanaşmaq lazımdır.

O vurğulayıb ki, uzun illər Qərbi Azərbaycanlıların deportasiyası məsələsi əsasən humanitar çərçivədə təqdim olunurdu:

“Qərbi azərbaycanlılar 1988-1991-ci illərdə deportasiyaya məruz qaldıqdan sonra məsələ uzun illər yalnız humanitar aspektdən qiymətləndirilirdi. Lakin 2022-ci ilin dekabrından sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyələri ilə bu məsələ siyasi və hüquqi müstəviyə keçdi”.

Deputat bildirib ki, bundan sonra Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq səviyyədə sistemli fəaliyyət aparılıb. Onun sözlərinə görə, bu fəaliyyətin əsas istiqamətlərindən biri diplomatik müstəvidə sənədlərin hazırlanması və beynəlxalq təşkilatlarla iş, digəri isə parlament və ictimai diplomatiya xəttidir.

Rizvan Nəbiyev qeyd edib ki, Qərbi Azərbaycanlıların qayıdış hüququnun hüquqi əsasları həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq hüquq normalarında öz əksini tapır.

O, xüsusilə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunda yer alan müddəaya diqqət çəkib: “1998-ci ildə qəbul olunmuş vətəndaşlıq haqqında qanunda çox mühüm bir prinsip təsbit edildi. Azərbaycan vətəndaşlığı verilən şəxslərin tarixi torpaqlarına qayıtmaq hüququnun saxlanılması ayrıca qeyd olundu. Bu, həm siyasi, həm də hüquqi baxımdan böyük əhəmiyyət daşıyan məsələdir”.

Nəbiyev bildirib ki, qayıdış hüququ beynəlxalq sənədlərlə də tanınır və bu hüquq yalnız torpağa fiziki qayıdış deyil, eyni zamanda pozulmuş hüquqların bərpasını da əhatə edir.

“Qayıdış sadəcə torpağa qayıdış deyil. Burada mülkiyyət hüququnun bərpası, insanlara dəymiş ziyanın ödənilməsi və ədalətin təmin olunması məsələləri də var”, – deyə o vurğulayıb.

Çıxışında beynəlxalq təcrübəyə toxunan Rizvan Nəbiyev Bosniya nümunəsini xatırladaraq qeyd edib ki, münaqişələrdən sonra insanların təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün mümkün olduğunu göstərən nümunələr mövcuddur.

O bildirib ki, qayıdış prosesinin əsas şərtlərindən biri təhlükəsiz mühitin yaradılmasıdır. Lakin Ermənistan cəmiyyətində bu istiqamətdə ciddi problemlərin qaldığını qeyd edib.

Deputat Ermənistan məktəblərində istifadə olunan dərsliklərdə azərbaycanlılara qarşı mənfi stereotiplərin təbliğ edildiyini bildirib:

“Araşdırmalar göstərir ki, bu gün də Ermənistan dərsliklərində azərbaycanlılar kollektiv şəkildə düşmən obrazında təqdim olunur. Bu, gələcək nəsillərin düşüncəsinə təsir edən ciddi problemdir”.

Rizvan Nəbiyev bildirib ki, tarixi düşmənçilik və nifrət ideologiyası uzun müddət formalaşdırılıb və bunun aradan qaldırılması sülh prosesinin vacib hissəsidir.

O, çıxışının sonunda bildirib ki, Qərbi Azərbaycan məsələsi artıq yalnız humanitar çərçivədə deyil, siyasi-diplomatik müstəvidə müzakirə olunur. O qeyd edib ki, qarşıda duran əsas məsələlərdən biri təhlükəsiz və ləyaqətli qayıdış üçün şəraitin yaradılmasıdır.

“Biz görürük ki, başladığımız yol humanitar məsələlərdən keçərək, Prezident İlham Əliyevin məsələyə birbaşa müdaxiləsindən və tövsiyələrindən sonra siyasi-diplomatik müstəviyə keçib. Burada, əlbəttə, mövcud çətinliklər, təhlükəsizlik və digər məsələlər var. Lakin mən fikirlərimi belə bir fəal mövqe ilə yekunlaşdırmaq istəyirəm ki, qarşıdakı dövrdə formalaşacaq Ermənistan hökumətinin nümayəndələri Qərbi Azərbaycan İcmasının rəhbərliyinə müraciət edəcək və İcma rəhbərini İrəvanda dialoqa dəvət edəcək. Bu dialoqda əsas müzakirə mövzularından biri də Qərbi azərbaycanlıların qayıdışının necə təmin olunması məsələsi olacaq”, – deyə Rizvan Nəbiyev bildirib.