Qərbi Azərbaycan İcması
BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Qərbi Azərbaycan məsələsinin yalnız coğrafi və ya siyasi məsələ deyil, tarixi yaddaş, ədalət və insan hüquqları məsələsi olduğunu vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycan yüz minlərlə azərbaycanlının əsrlər boyu yaşadığı ata-baba yurdu olub və bu torpaqlardan deportasiya edilmiş insanların öz doğma yurdlarına qayıdış hüququ beynəlxalq hüququn tanıdığı fundamental insan hüquqlarından biridir.
Şamil Ayrım XIX əsrdən etibarən regionda aparılan demoqrafik dəyişikliklər və müxtəlif dövrlərdə azərbaycanlıların məruz qaldığı deportasiyaların ağır nəticələrindən bəhs edərək, insanların yalnız evlərini deyil, həm də tarixi yaddaşlarını, mədəni irslərini və mənəvi bağlarını itirdiklərini qeyd edib.
Çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin və sonrakı dövrdə ölkənin öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinin regionda yeni reallıqlar yaratdığını bildirən TBMM üzvü, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hüquqa, insan haqlarına və sülhə əsaslanan mühüm təşəbbüs kimi dəyərləndirib.
Şamil Ayrım həmçinin Qərbi Azərbaycana qayıdış tələbinin hər hansı qarşıdurma deyil, bölgədə uzunmüddətli sülhün və birgəyaşayışın təmin olunmasına xidmət edən humanitar çağırış olduğunu vurğulayıb. O, Türk dünyasının bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edərək, tarixi həqiqətlərin akademik, diplomatik və mədəni platformalarda daha fəal şəkildə təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.