“Şərur-Dərələyəz qəzasının kameral təsviri” və “Yeni Bəyazid qəzasının kameral təsviri” kitablarının təqdimatı olub
29 dekabr 2024, 22:47

Dekabrın 29-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru, Nazir Əhmədlinin müəllifi olduğu “Şərur-Dərələyəz qəzasının kameral təsviri” və “Yeni Bəyazid qəzasının kameral təsviri” kitablarının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada Qərbi Azərbaycana aid kitabların təqdimatının artıq ənənə halına gəldiyini bildirib.

O, vətənpərvər ziyalı Nazir Əhmədlinin Rusiya imperiyası dövründəki Cənubi Qafqaz tarixi ərazilərinin kameral təsvirlərinin tərcümə və dərcini elmi, tarixi, siyasi və ideoloji baxımdan müstəsna əhəmiyyətə malik bir fəaliyyət kimi qiymətləndirib.

Sonra çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, akademik Nizami Cəfərov, kitabda yer alan XIX əsrə aid kameral təsvirlərin elmi və milli-mənəvi baxımdan əvəzsiz dəyərə malik olduğunu bildirib. O qeyd edib ki, bu kitablar Azərbaycan türklərinin Cənubi Qafqazdakı məskunlaşma tarixini, coğrafi və şəxsi adların filoloji tədqiqini, eləcə də türklərin tarixi yurdlarının araşdırılmasını təmin edən zəngin mənbədir. Eyni zamanda, əsərlər bir çox nəsil şəcərələrinin bərpası üçün mühüm sənədli əsas təqdim edir.

Digər çıxış edənlər - Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Kitabın rəyçisi, İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, İdarə Heyətinin üzvü, AMEA Tarix və Etnologiya İnstitunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Ağsaqqallar Şurasının üzvü filologiya elmləri doktoru, profesor Aslan Bayramov, İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, tədqiqatçı alim Əli Şamil, Ziyalılar Şurasının üzvü Musa Musayev, Nəzarət Təftiş Komissiyasının üzvü, Qafan rayon İcmasının sədri, tibb elmləri doktoru professor Eldar Abbasov, İdarə Heyətinin üzvü, Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov, Paşalı rayon icmasının sədrinin müavini Məhəmməd Rəsuloğlu, Ağsaqqallar Şurasının üzvü filologiya üzrə fəlsəfə doktoru Alı Alıyev kitabın Qərbi Azərbaycanın tarixi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz olduğunu bildiriblər.

Qeyd edək ki, 1961-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində dünyaya göz açan Nazir Əhmədli, sonradan doğma yurd həsrətində yaşamağa məcbur olub. Bu nisgil və milli amal onun elmi fəaliyyətində mühüm yer tutub.