Qərbi Azərbaycan İcması
5-6 dekabr 2024-cü ildə Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcma İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov ilə Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı arasında görüş keçirilib.
Qardaş ölkədən olan qonağı İcmada salamlamaqdan məmnun olduğunu deyən Əziz Ələkbərli azərbaycanlıların öz tarixi torpaqlarından, indiki Ermənistan ərazisindən deportasiyaları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq konfrans zamanı müzakirə olunacaq əsas məsələ–qayıdış hüququ soydaşlarımıza şamil olunmalı, onlar öz ata–baba yurdlarına sülh yolu, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmalıdırlar. Sədr vurğulayıb ki, son 200 ildə ata–baba yurdlarından zorla çıxarılan qərbi azərbaycanlıların maddi –mədəni irsi də hazırki Ermənistan ərazisində talan edilməkdədir, burda vaxtilə mövcud olmuş 600 qəbristanlığımızdan isə cəmi ikisi mövcuddur, digərləri dağıdılıb.
O qeyd edib ki, sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən doğma yurdlarından didərgin salınıb. Həmin dövrdə 172 kənddə ancaq azərbaycanlılar yaşayırdılar və orada bir nəfər də olsun erməni yox idi.
Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır. Onların geri qayıdışına şəraitin yaradılması Ermənistan dövlətinin öhdəliyidir.
Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin inkişaf etdiyini diqqətə çatdıran M.Çavuşoğlu ölkəmizin bu istiqamətdə sülhpərvər siyasətini təqdir edib. Vurğulayıb ki, Azərbaycan qaçqınların geri qayıdışı məsələsində beynəlxalq hüquqa uyğun davranır.
İcma İdarə Heyətini sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən də qonağı salamlayaraq, onun İcmaya səfərinin Qərbi Azərbaycanlılar üçün mühüm mənəvi dəstək olduğunu qeyd etdi. Bildirdi ki, Qərbi Azərbaycanlılar geri qayıdışı hüquqi yolla istəyirlər. Ermənistandan zorla çıxarılan insanlar öz ata–baba yurdlarına geri qayıdaraq minilliklər boyu olduğu kimi burda yaşamaq istəyirlər. Ramil Həsən qeyd edib ki, Qərbi Azərbaycanlılar əgər öz evlərindən çıxarılmasaydılar indi yaşam və fəaliyyətlərini məhz ata–baba yurdlarında davam etdirmiş ola bilərdilər.
Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov bildirdi ki, Qərbi Azərbaycanlıların haqq işi insan hüququ məsələsidir. Millət vəkili qeyd etdi ki, Qərbi Azərbaycan İcması bu günə qədər Ermənistanın baş naziri daxil olmaqla beynəlxalq ictimaiyyətin mühüm aktorlarına məktublar, müraciətlər göndərmiş, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına dair tələbini ifadə etmişdir. Lakin təəsüf ki, Ermənistan tərəfi İcmanın dialoq müraciətinə hələ də cavab verməyib. Qaya Məmmədov Ermənistandakı irqçilik siyasətinin də yolverilməz olduğunu bildirib.
Mövlut Çavuşoğlu bildirib ki, Türkiyə olaraq Qərbi Azərbaycanlıların apardıqları mübarizəni yaxından izləyir, qayıdış istiqamətində görülən işləri dəstəkləyirlər. “Biz də Türkiyə olaraq istəyirik ki, qardaşlarımız öz evlərinə qayıtsınlar, dağıdılan irsləri bərpa olunsun, hüquqları təmin olunsun” – deyə Türkiyəli qonaq vurğulayıb.
Çavuşoğlu qeyd edib ki, Ermənistan və dünya ictimaiyyəti insan hüquqlarından irəli gələn, Qərbi Azərbaycanlıların haqq işinə mütləq reaksiya verməli, bu hüququn təmin olunmasını təşkil etməlidirlər.