Qərbi Azərbaycan İcması
Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir.
Bunu Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusuna həsr olunmuş II beynəlxalq konfransda deyib.
O, Qərbi Azərbaycan İcmasının fəaliyyətini çox yaxından izlədiyini söyləyib:
“İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur. Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.
M.Çavuşoğlu bildirib ki, Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur:
“Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.
Türkiyəli deputat beynəlxalq ictimaiyyətin Azərbaycan xalqının məruz qaldığı zülmə səssiz qalması və əksinə zülm edənə dəstək olmasından təəssüfləndiyini vurğulayıb:
"Ermənistan bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməlidir. Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görmək, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. Düzdür, 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.