Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
09 may 2026, 00:32

8 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İcmanın Ziyalılar Şurasının sədr müavini, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik, Əməkdar elm xadimi Nizami Cəfərov Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasi kursun əhəmiyyətindən danışıb. O bildirib ki, Heydər Əliyevin zəngin siyasi irsi bu gün də Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir və milli birlik ideyasının möhkəmlənməsində mühüm rol oynayır.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov isə Ulu Öndərlə bağlı xatirələrini bölüşərək onun Azərbaycan tarixində və dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynadığını qeyd edib. O bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və ölkənin beynəlxalq nüfuzunun artırılması baxımından tarixi əhəmiyyət daşıyır. Eyni zamanda vurğulanıb ki, Ümummilli Lider Qərbi azərbaycanlıların problemlərinə hər zaman həssas yanaşıb, onların hüquqlarının müdafiəsini və doğma yurdlarına qayıdış məsələsini daim diqqət mərkəzində saxlayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Qərbi azərbaycanlılara xüsusi diqqət və qayğı göstərib, onların problemlərinin həlli və hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. O bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış ideyasının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu gün qarşıda duran əsas məqsəd həmin torpaqlara təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin olunmasıdır.

İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi Fərrux Rüstəmov çıxışında Heydər Əliyevin Qərbi azərbaycanlılara daim xüsusi həssaslıqla yanaşdığını bildirib. O vurğulayıb ki, Ümummilli Lider deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, onların doğma yurdlarına bağlılığının qorunması və milli yaddaşın gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıb.

Daha sonra filologiya elmləri doktoru, professor Aslan Bayramov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafı və milli ideologiyanın formalaşmasında mühüm xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi siyasət Azərbaycanın sabitliyi, inkişafı və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Konfransda çıxış edən digər iştirakçılar da mövzuya müxtəlif aspektlərdən yanaşaraq Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, dövlətçilik fəlsəfəsindən, milli həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlərdən və Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıblar. Tədbirdə qeyd olunub ki, Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın inkişaf yolunda əsas istiqamətverici amillərdən biri olaraq qalır.