Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda İcmanı təmsil etmişdir.
29 noyabr - 1 dekabr 2023-cü il tarixlərində Braziliyanın San-Paolo şəhərində keçirilmiş Forumda UNESCO üzv dövlətlərinin yüksək səviyyəli rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak etmişlər.
M.İbrahimqızı tədbirdə panelist qismində çıxış etmiş və Ermənistandan azərbaycanlıların didərgin salınması, bunun irqi ayrı-seçkilik aspektləri barədə məlumat vermişdir. Xanım İbrahimqızı irqi ayrı-seçkiliyə qarşı mübarizə sahəsində beynəlxalq səylərin, o cümlədən, UNESCO forumunun əhəmiyyətini qeyd etmişdir.
İrqi ayrı-seçkiliyin ən mənfur formalarından birinin mədəni irsə qarşı hücumlar olduğunu qeyd edən M.İbrahimqızı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması barədə ətraflı məlumat vermişdir. Məlahət İbrahimqızı çıxışında mədəni irsin qorunması sahəsində UNESCO-nun rolunu qeyd edərək, bu qurumun Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin hərtərəfli qiymətləndirmək üçün Ermənistana missiya göndərməyə dair İcmanın çağırışını yeniləmişdir.
İcmanın nümayəndəsi etnik və mədəni müxtəlifliyin qorunduğu, bütün insanların ləyaqət və sülh şəraitində yaşayacağı, irqçilik və ayrı-seçkiliyə yer olmayan dünya uğrunda UNESCO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
M.İbrahimqızı tədbir çərçivəsində üzv dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə də görüşlər keçirmişdir.
Qərbi Azərbaycan İcmasının Forumda iştirakı onun öz insan haqları gündəliyinin beynəlxalq aləmdə irəlilədilməsi istiqamətində mühüm addımdır. İcma Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun müvafiq beynəlxalq formatlarda təqdim edilməsi istiqamətində səylərini davam etdirəcək.