Vedi rayon İcmasının növbəti iclası keçirilib
13 aprel 2026, 12:19

13 aprel 2026-cı il tarixində Vedi rayon İcmasının növbəti iclası keçirilib. Toplantı Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon İcmasının sədri, akademik Vaqif Şadlinskinin rəhbərliyi ilə baş tutub.

İclasda Vedi rayonunu əhatə edən kənd və qəsəbə icmalarının sədrləri, eləcə də fəal üzvlər iştirak ediblər.

Toplantının gündəliyinə təşkilatlanma işlərinin gücləndirilməsi, üzvlərin sayının dəqiqləşdirilməsi, üzvlərin vəsiqələrlə təmin olunması, üzvlük haqlarının tənzimlənməsi, qarşıda duran vəzifələr, eləcə də planlaşdırılan layihələr və görüşlərin təşkili məsələləri daxil edilib. Müzakirələr zamanı icmanın fəaliyyətinin daha sistemli qurulmasının vacibliyi xüsusi vurğulanıb.

İclas zamanı çıxış edən Vaqif Şadlinski qeyd edib ki, bu gün icmanın qarşısında duran əsas vəzifə təşkilatlanmanı daha da gücləndirmək, üzvləri vahid məqsəd ətrafında birləşdirmək və hər bir üzvün məsuliyyət hissini artırmaqdır. O bildirib ki, icmanın inkişafı hər bir üzvün fəallığından və təşəbbüskarlığından asılıdır, buna görə də planlı və məqsədyönlü fəaliyyətin qurulması xüsusi əhəmiyyət daşıyır. V. Şadlinski vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, icma daxilində həmrəyliyin möhkəmləndirilməsi və gələcək nəsillərə düzgün mirasın ötürülməsi əsas prioritetlərdəndir. Eyni zamanda o qeyd edib ki, yaxın dövrdə müxtəlif layihələrin həyata keçirilməsi, maarifləndirici görüşlərin təşkili və icma üzvləri arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılacaq.

İclas iştirakçıları da çıxış edərək təkliflərini səsləndirib, icmanın fəaliyyətinin daha səmərəli təşkili üçün fikir mübadiləsi aparıblar.

Sonda qarşıdakı dövr üçün fəaliyyət planı üzrə ümumi razılıq əldə olunub.

Qeyd edək ki, Vedi rayon İcması çərçivəsində keçirilən bu cür görüşlər təşkilati işlərin koordinasiyası və icma daxilində əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.