Vedi rayon icmasının növbəti toplantısı keçirilib
19 avqust 2026, 16:38

19 avqust 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Vedi rayon icmasının növbəti toplantısı keçirilib.

Toplantıya Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri, professor Vaqif Şadlinski sədrlik edib. Görüşdə Vedi rayonuna daxil olan kənd icmalarının sədrləri və icma fəalları iştirak ediblər.

Toplantıda Vedi rayon icmasının fəaliyyəti, qarşıda duran vəzifələr və təşkilati məsələlər müzakirə olunub. Vaqif Şadlinski çıxış edərək icmanın fəaliyyətinin daha sistemli və məqsədyönlü şəkildə qurulmasının, kənd icmaları arasında əlaqələrin gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icra edilməsinin vacibliyini vurğulayıb.

İcma sədri bildirib ki, Vedi rayon icmasının fəaliyyətində rayonun tarixi, mədəni irsi, toponimləri və adət-ənənələrinin qorunması və təbliği, Vedi rayonundan olan həmvətənlər arasında əlaqələrin gücləndirilməsi, xüsusilə gənclərin və qadınların icma fəaliyyətinə daha fəal cəlb olunması əsas istiqamətlərdən biri olmalıdır. O qeyd edib ki, hər bir kənd icmasının fəallığı və təşəbbüskarlığı ümumi fəaliyyətin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

Təşkilati məsələlərin müzakirəsi zamanı Vaqif Şadlinski yeni təyinatı da elan edib. Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Vedi rayonunun Kiçik Vedi kəndindən olan Samirə İmanova Əbülfət qızı Vedi rayon icmasında qadınlarla iş üzrə məsul şəxs təyin olunub.

Vaqif Şadlinski Samirə İmanovanın elmi və ictimai fəaliyyətini nəzərə alaraq, yeni vəzifədə qadınların icma fəaliyyətinə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi və qadınlar arasında əlaqələndirmə işinin gücləndirilməsi istiqamətində fəal fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

Toplantıda, həmçinin kənd icmalarının fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. İcma sədri bu istiqamətdə konkret tapşırıqlar verərək kənd icmaları ilə koordinasiyanın daha da gücləndirilməsini və görülən işlər barədə mütəmadi məlumatların təqdim olunmasını tapşırıb.

Daha sonra icma sədrləri və fəalların təklifləri dinlənilib. İştirakçılar Vedi rayon icmasının fəaliyyətinin daha da genişləndirilməsi, rayonun tarixi və mədəni irsinin təbliği, kənd icmaları arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin və qadınların ictimai fəaliyyətə daha fəal cəlb olunması, eləcə də yeni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı irəli sürülən təkliflər nəzərə alınaraq növbəti görüşün mövzusu və proqramı müəyyən edilib.

Sonda verilən tapşırıqların icrasına nəzarətin təmin edilməsi məqsədilə kənd icmalarına tapşırılıb ki, bir ay müddətində görülən işlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə Vedi rayon icmasına məlumat təqdim etsinlər.

Toplantı qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin əlaqələndirilməsi və növbəti görüşdə görülən işlərin nəticələrinin müzakirə olunması barədə razılıqla başa çatıb.