Vorontsovka rayon İcmasının təşkilatçılığı ilə Soyuqbulaq kənd sakinləri ilə görüş keçirilib
20 iyul 2026, 11:59

19 iyul 2026-cı il tarixində Qərbi Azərbaycanın Vorontsovka rayon İcmasının təşkilatçılığı ilə rayonun Soyuqbulaq kənd sakinləri ilə görüş keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, rayon və kənd icmalarının nümayəndələri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Soyuqbulaq kəndindən olan xanımların hazırladıqları milli şirniyyat və Qərbi Azərbaycan mətbəxinə aid zəngin kulinariya nümunələrindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan təamlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə dair çıxışlarından fraqmentləri, eləcə də soydaşlarımızın deportasiya tarixini əks etdirən sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə Vorontsovka rayon İcmasının sədri Heydər Piriyev açaraq Soyuqbulaq kəndinin tarixi, sakinlərinin doğma yurda bağlılığı və Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür görüşlər tarixi yaddaşın yaşadılması, icma üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və Qayıdış Konsepsiyasının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi azərbaycanlıların doğma torpaqlarına dinc və təhlükəsiz qayıdışının tarixi ədalətin bərpası olduğunu bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması hər bir soydaşımızın üzərinə düşən mühüm vəzifədir.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Telli Pənahqızı çıxışında milli-mənəvi dəyərlərin, doğma yurd yaddaşının və Qərbi Azərbaycan mədəni irsinin qorunmasının vacibliyindən bəhs edib. O qeyd edib ki, yurd sevgisinin, tarixi həqiqətlərin və milli irsin gələcək nəsillərə ötürülməsi hər bir Qərbi azərbaycanlının mənəvi məsuliyyətidir.

Daha sonra Soyuqbulaq kənd orta məktəbinin müəllimləri, kənd ağsaqqalları Telman Cəfərov və Nəsib Alıyev, kənd tibb məntəqəsinin həkimi, kənd ağsaqqalı Sabir Nənəcanov, şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Aşıq Pəri" Məclisinin sədr müavini Sübadə İrəvanlı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanın Barana rayon icmasının sədri Osman Hacıyev, eləcə də Amasiya İcmasının sədr müavini, ehtiyatda olan polkovnik Elmar Hüseynov çıxış edərək Soyuqbulaq kəndinin tarixi, doğma yurd həsrəti, milli birlik və Qərbi Azərbaycana Qayıdış ideyasının əhəmiyyətindən danışıblar. Natiqlər tarixi yaddaşın yaşadılmasının, milli həmrəyliyin möhkəmləndirilməsinin və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirin bədii hissəsində aşıq havaları səsləndirilib, vətən mövzusunda şeirlər ifa olunub, kənd sakinləri milli rəqslər nümayiş etdirərək doğma yurdun unudulmayan xatirələrini birlikdə yaşayıblar.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.