Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti, AFFA və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə Xəzər rayon məktəbliləri arasında təşkil olunan voleybol (oğlanlar və qızlar) və mini-futbol turnirinin mükafatlandırılma mərasimi keçirilib.
Turnir “24 Dekabr – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü və Qərbi Azərbaycan İcmasının yaranmasına” həsr olunub.
Turnirin mükafatlandırma mərasimi Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbdə baş tutub.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İcmanın Aparatının şöbə müdiri Faiq Kərimov və icma nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Gülbala Qurbanov və icra hakimiyyətinin nümayəndələri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova, AFV-nin meneceri, veteran voleybolçu Yelena Porxomenka, AFV-nin Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, AFFA nümayəndəsi, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, veteran futbolçular Tərlan Əhmədov və Arif Əsədov, “Qarabağ” FK-nın mətbuat katibi Anar Hacıyev, Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev, məktəb direktorları, idman müəllimləri və şagirdlər iştirak ediblər.
Mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev çıxış edərək qonaqları salamlayıb və tədbirin 24 dekabr tarixinə həsr olunmasının mahiyyəti barədə məlumat verib. Daha sonra Xəzər rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov çıxış edərək turnirin əhəmiyyətini vurğulayıb və məktəblilərə uğurlar arzulayıb.
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında İcmanın yaranma tarixi və fəaliyyəti haqqında danışıb, bu cür tədbirlərin gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxış edərək məktəblilər arasında idmanın inkişafının sağlam həyat tərzinin formalaşdırılmasında əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, 4 oktyabr 2025-ci ildən başlayan mini-futbol turnirində 24 məktəbin, 15 noyabrdan start götürən qızlar arasında voleybol turnirində 18 məktəbin, 6 dekabr tarixindən keçirilən oğlanlar arasında voleybol turnirində isə 19 məktəbin şagirdləri iştirak ediblər. Ümumilikdə turnir 700-ə yaxın məktəblini əhatə edib.
Turnirin təşkilində Şağan qəsəbəsində yerləşən 124 saylı və Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəblər yaxından dəstək göstəriblər. Bu münasibətlə hər iki məktəbə təşəkkür əlaməti olaraq diplomlar təqdim olunub.
Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinə göstərdiyi dəstəyə görə 181 saylı tam orta məktəbin direktoru Təhmasib Məmiyevə diplom, voleybol və futbol topları, eləcə də “Qarabağ” FK-nın xüsusi bayrağı təqdim edilib. Həmçinin məktəbin 60 illik yubileyi münasibətilə Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi adından hazırlanmış xatirə divar saatı məktəbə hədiyyə olunub.