Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib. İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli görüş zamanı gəncləri göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edib və qarşıdakı təhsil illərində, həyat yollarında uğurlar diləyib. Sədr bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş kütləyə çatdırılması və soydaşlarımızın ata – baba yurdlarına geri qayıdışı istiqamətində aparılan işlərdə gənclərin rolu böyükdür və bu reallığın gələcək nəsillərə ötürülməsinin aparıcı qüvvəsi də elə məhz gənclərdir.
İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxışında qeyd etdi ki, gənclər qazandıqları bu parlaq uğurla kifayətlənməməli, gələcəkdə bu uğurlu yolun davam etməsi üçün bütün səylərini ortaya qoymalıdırlar. Misir Mərdanov gənclərin Qərbi Azərbaycana bağlılığını onların bu tədbirdə böyük şövqlə iştirakından gördüyünü bildirdi.
Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov bildirdi ki, azərbaycanlı gənclər hər zaman elmə, təhsilə böyük maraq göstəriblər və bu günkü tədbirə gələn, ölkənin və dünyanın yüksək səviyyəli ali məktəblərinı daxil olan gənclərin simasında bu fikirlər öz əksini tapır. Digər çıxış edənlər - İcmanın Müşahidə Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev, Nəzarət-Təftiş Komissiyası sədrinin müavini Şahin İsmayilov, Qadınlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qadınlar Şurasının üzvü, hüquq elmləri doktoru, professor Firuzə Abbasova, İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor Zahid Cəfərov, Gənclər Şurasının üzvü Səbinə Xasayeva, Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, gənclərin İcma ilə sıx əlaqələrinin qurulması, Qərbi Azərbaycan barədə daha geniş miqyasda məlumatlandırılmanı təmin etmək üçün onları aktiv olmağa çağırdılar.
Yüksək bal toplayan abituriyentlər - Amil Ələsgərov - Bakı Ali Neft Məktəbi (İnformasiya təhlükəsizliyi), Mədinə Daşdəmirova - ADA (hüquq), Nəzrin Məmmədova - ABŞ, Boston Universiteti (hüquq), Öndər Cəfərli - ADA (hüquq), Banu Nəbiyeva - İstanbul, Cərrahpaşa Universiteti (tibb) çıxış edərək səslənən fikirlərə şərik olduqlarını, onları qarşıda gözləyən yolda, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında bundan sonra da bütün güclərini ortaya qoyacaqlarını bildiriblər. Sonda gənclərə Qərbi Azərbaycan İcmasının simvolik hədiyyələri təqdim olundu.