Qərbi Azərbaycan İcması
Qarakilsə rayon İcmasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Zəngəzurda Baharın Dadı: Qarakilsədə Baharın bir anı” adlı tədbir keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, Nizami rayon nümayəndəsi Xəqani Səfərov, yazıçı-publisist Əvəz Mahmud Lələdağ, sabiq icra başçısı Tahir Quliyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İcma sədri, professor Nadir Qəhrəmanov Novruzun milli-mənəvi dəyərlərimizin təcəssümü olduğunu vurğulayaraq, bu cür tədbirlərin Qərbi Azərbaycan irsinin yaşadılması və gənc nəslə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib, həmçinin tarixi torpaqlara qayıdış ideyasının daim diqqətdə saxlanmasının vacibliyini bildirib.
Daha sonra çıxış edən Ramiz İsmayılov, Xəqani Səfərov, Əvəz Mahmud Lələdağ və Tahir Quliyev çıxışlarında Novruz ənənələrinin Qərbi Azərbaycandakı zəngin irsindən bəhs edərək, bu bayramın milli birlik, mənəvi bağlılıq və tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını, eyni zamanda icma fəaliyyətinin gücləndirilməsi və qayıdış ideyasının davamlı şəkildə diqqətdə saxlanmasının vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində milli rəqslər, yallı, aşıq havaları təqdim olunub, qədim əşyalar, Qərbi Azərbaycan mətbəxinə aid nümunələr sərgilənib və adətlər yada salınıb, tonqal qalanıb.