Zəngibasar rayon icmasının ümumi toplantısı keçirilib
02 mart 2024, 09:55

Qərbi Azərbaycan İcmasında Zəngibasar rayon icmasının ümumi toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin Sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanın ən iri icmalarından olan Zəngibasar İcmasının nümayəndələri ötən əsr boyunca Ermənistan tərəfindən törədilən deportasiyalar zamanı ağrı-acılar yaşamış, sonuncu 1987-1991-ci il deportasiyası nəticəsi öz doğma el – obalarını tərk etmək məcburiyyətində buraxılmışlar. Sədr vurğulayıb ki, Zəngibasar İcmasının üzvləri də Qərbi Azərbaycan İcması ətrafında birləşən digər rayon icmaları kimi ata-baba yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan İcmasının qarşısında Vətənə dönüş uğrunda, məhv edilmiş və dağıdılmaqda olan mədəni irsimizi, dəyişdirilmiş toponimlərimizi, tariximizin öyrənilməmiş qatlarını araşdırmaq kimi məsuliyyətli vəzifələr dayanır.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Zəngibasar rayon icmasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli qeyd edib ki, bu toplantının keçirilməsində məqsəd  təşkilatlanma və Qərbi Azərbaycan İcmasına dəstək ifadə etməkdir. O vurğulayıb ki, Qərbi Azərbaycanın şəhər, rayon, kənd icmaları bu gün Qərbi Azərbaycan İcmasının ətrafında toplanmaqla İcmanın geri qayıdış istiqamətində apardığı işə dəstək verməyi, bu amal uğrunda güclərini birləşdirməklə vətənə dönmək üçün birgə addımlamağı qarşılarına məqsəd qoyublar. Mirfaiq Mirheydərli 1987-1991-ci illərdə Qərbi Azərbaycandan, o cümlədən Zəngibasar rayonundan zorla çıxarılmış azərbaycanlı əhalinin siyahılarının dəqiqləşdirilməsi, onlara vurulmuş zərərin hesablanmasının ən ciddi tapşırıqlardan olduğunu qeyd edib.

Toplantıda çıxış edən Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Əştərək, Üçkilsə və Sərdərabad rayonları İcmasının sədri Cəlal Allahverdiyev, QAİ-nın Qadınlar Şurasının üzvü Professor Sevil Məmmədli, UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Milli Qəhrəman, QAİ-nın Ziyalılar Şurasının üzvü Sahil Məmmədov,  YAP Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov və digərləri Zəngibasarda dağıdılan mədəni abidələrimiz, deportasiya nəticəsində zərər görən qeyri – maddi mədəni irsimiz barədə danışıb, üzləşdikləri müsibətlərə dair acı xatirələri paylaşıblar. Çıxışçılar həmçinin tarixi torpaqlarımıza qayıdaraq yenidən orda yaşayacaqlarına böyük ümidlər bəslədiklərini vurğulayıblar.

Tədbirdə Milli Qəhrəman, QAİ-nın Ziyalılar Şurasının üzvü Sahil Məmmədov fəxri fərmanla təltif olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.