Zəngilan qayıdışın və qürurun ünvanıdır!
20 oktyabr 2026, 10:00

Əziz Ələkbərli,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması 

İdarə Heyətinin sədri

Zəngilanın adı çəkiləndə insanın yaddaşında iki mənzərə canlanır: birində doğma yurdundan ayrılmağa məcbur edilmiş insanların Arazın o tayına keçərkən yaşadığı ağrı, digərində isə illər sonra həmin torpaqda üçrəngli bayrağımızın dalğalanması. Birinci mənzərə işğalın faciəsi, ikinci isə xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Zəngilanın taleyi bu iki mənzərənin arasında deyil, onların yaratdığı tarixi yaddaşın içində yaşayır.

Zəngilan Azərbaycanın cənub-qərbində yerləşən adi bir rayon deyil. Arazın sahilində, qədim yolların qovşağında qərar tutan bu torpaq tariximizin, mədəniyyətimizin və milli yaddaşımızın ayrılmaz parçasıdır. Zəngəzurun taleyinə təsir göstərən tarixi-siyasi proseslər, Azərbaycanın torpaqlarının parçalanması və bölgədə dəyişdirilən sərhədlər bu ərazinin strateji əhəmiyyətini daha da artırıb. Zəngilanın hər qarışı həm təbiətin bəxş etdiyi sərvəti, həm də nəsillərin qoruyub saxladığı yurd yaddaşını yaşadır.

1993-cü ilin payızı Zəngilan üçün unudulmaz faciəyə çevrildi. Füzuli və Cəbrayılın işğalından sonra rayon mühasirə şəraitində qaldı. 67 gün davam edən ağır mübarizənin sonunda insanlar doğma evlərini tərk etmək məcburiyyətində qaldılar. Arazı keçən zəngilanlıların hər biri özü ilə yalnız bir neçə əşya deyil, bütöv bir həyatın xatirələrini aparırdı. Arxada evlər, həyətlər, ata-baba məzarları, uşaqlıq illəri və bir daha nə vaxt qayıdılacağı bilinməyən doğma yurd qalırdı. Zəngilanlılar Azərbaycanın müxtəlif bölgələrinə səpələndilər, amma yurd həsrəti onların içində yaşamaqda davam etdi.

İşğal təkcə insanların ev-eşiyindən ayrılması ilə nəticələnmədi. Zəngilanın tarixi və dini-mədəni irsi də ağır zərbə aldı. Qədim məscidlər, türbələr, yaşayış məskənləri və memarlıq abidələri dağıntılara məruz qaldı. Məmmədbəyli türbəsi, Şərifan abidələri, Hacallı dairəvi bürcü və başqa tarixi nümunələr bu torpağın əsrlərlə formalaşmış mədəni yaddaşının izləridir. Daşlara həkk olunmuş tarixə zərər vurmaq mümkün olsa da, həmin tarixi yaradan xalqın yaddaşını silmək mümkün deyil.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyini dəyişən tarixi mərhələyə çevrildi. Azərbaycan Ordusu düşmənin illərlə qurduğu müdafiə sədlərini yararaq irəlilədi, işğal altındakı torpaqlarımız bir-bir azad edildi. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunmasını xalqa elan etdi. Bu xəbər yalnız hərbi uğur haqqında məlumat deyildi. Bu, illərlə doğma yurdunun həsrəti ilə yaşayan insanların qəlbində közərən ümidin gerçəyə çevrilməsi idi.

 

Zəngilanın azadlığı Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqımızın birliyinin və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olan böyük Zəfərin mühüm səhifəsidir. Müharibənin ağır günlərində dövlət başçısının siyasi iradəsi və beynəlxalq müstəvidə apardığı mübarizə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin həmin istiqamətdə bərpası da təmin olundu. Beləliklə, bu qələbə həm tarixi ədalətin bərpası, həm də ölkəmizin strateji mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət qazandı.

Ancaq Zəngilanın azadlığı ilə iş bitmədi. Qarşıda daha çətin və məsuliyyətli vəzifə dayanırdı: dağıdılmış yurdu yenidən qurmaq, yolları, evləri, məktəbləri bərpa etmək, insanları doğma torpaqlarına qaytarmaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti məhz bu məqsədə xidmət edir. Bu gün Zəngilanda görülən işlər azadlığın yalnız siyasi anlayış olmadığını, insanın öz evində yaşamaq, öz torpağında işləmək və gələcəyini doğma yurdunda qurmaq imkanı demək olduğunu göstərir.

Ağalı kəndində həyata keçirilən ağıllı kənd layihəsi bu yeni mərhələnin rəmzlərindən biridir. Müasir yaşayış evləri, enerji və rabitə sistemləri, sosial xidmətlər və ekoloji həllər burada kənd həyatının yeni modelini formalaşdırır. Zəngilan şəhərində salınan yaşayış kompleksləri, qurulan infrastruktur, inkişaf etdirilən nəqliyyat əlaqələri isə rayonun gələcək iqtisadi və sosial həyatının əsasını yaradır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və dəmir yolu layihələri bölgənin ölkənin digər əraziləri ilə əlaqələrini gücləndirməklə yanaşı, onun iqtisadi imkanlarını da genişləndirir.

Zəngilanın dirçəlişi həm də dövlətin gələcəyə baxışının göstəricisidir. Burada məqsəd yalnız dağıdılmış binaların yerində yenilərini tikmək deyil. Məqsəd insanların qayıdıb yaşaya, işləyə, övladlarını böyüdə biləcəyi, gənclərin gələcəyini görə biləcəyi canlı və inkişaf edən məkan yaratmaqdır. Çünki şəhəri şəhər edən təkcə binalar deyil, onun insanları, küçələrində eşidilən səslər, məktəblərində yanan işıqlar, həyətlərində yenidən boy atan ağaclardır.

Zəngilan uğrunda canından keçən şəhidlərimizin xatirəsi qarşısında ən böyük borcumuz bu torpağın azadlığını qorumaq, onun inkişafını təmin etmək və gələcək nəsillərə firavan yurd kimi ötürməkdir. Onların fədakarlığı sayəsində bu gün Zəngilanın üzərində Azərbaycan bayrağı dalğalanır, doğma sakinlərin qayıdışı davam edir, yeni həyat qurulur. Bu qayıdış hər bir ailənin sevincindən daha böyük məna daşıyır: o, xalqın öz tarixi ilə yenidən qovuşmasıdır.

20 Oktyabr – Zəngilan Şəhəri Günü işğalın ağrısından Zəfərin qüruruna uzanan yolun rəmzidir. Bu tarix bizə xatırladır ki, doğma yurddan ayrı düşmək xalqın yaddaşını məhv etmir, işğal isə tarixi həqiqəti dəyişə bilmir. Zəngilan bu gün azad Azərbaycanın quruculuq meydanına çevrilib. Onun gələcəyi artıq köçkünlük xatirələri ilə deyil, doğma torpaqda böyüyən uşaqların gülüşü, zəhmətkeş insanların əməyi və dövlətimizin qətiyyətli siyasəti ilə yazılır.