Zərdab rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimat mərasimi keçirilib
10 iyul 2025, 09:36

Zərdabda “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, YAP Zərdab rayon təşkilatının sədr müavini, idarə, müəssisə və təşkilatların rəhbərləri, əslən Qərbi Azərbaycandan olan rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramo Hacıyev açaraq nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının 1-ci cildi seriyanın ilk nəşridir. Kitabın 1-ci cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova çıxış edərək qeyd edib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Bildirilib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Digər çıxış edənlər Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizminin faciəli nəticələrindən bəhs edib. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin saxta erməni adları ilə əvəz edilməsinin, 20-ci əsrdə Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının maddi-mədəni irsinə və tarixi-coğrafiyasına qarşı törədilən cinayətlərin erməni faşizmi nəticəsində baş verdiyini diqqətə çatdırıblar. Həmçinin Cənab Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə və təhlükəsiz, ləyaqətli qayıdışı naminə ardıcıl həyata keçirdiyi tədbirlərdən söz açıb və sonda görülən işlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildindən bəhs edən sənədli film nümayiş olunub.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.