06 oktyabr 2025, 16:47
Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin ofisi açılıb, məktəblilər arasında futbol turnirinə start verilib
Oktyabrın 4-də Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin yeni ofisinin açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, rayon ictimaiyyətinin nümayəndələri və İcma üzvləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin ofisinin açılışı baş tutub. İcma rəhbərliyi və üzvlər yeni məkanda yaradılan şəraitlə tanış olublar.
Qərbi Azərbaycan İcmasının Xəzər rayonu üzrə nümayəndəsi Alı Alıyev tədbir qonaqları salamlayaraq yeni ofisin fəaliyyətə başlamasının icma üzvləri üçün mühüm hadisə olduğunu qeyd edib. O, nümayəndəliyin qarşısında duran əsas vəzifələr, fəaliyyət istiqamətləri və planlaşdırılan layihələr haqqında məlumat verib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında Xəzər rayon nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının əsas məqsədi soydaşlarımız arasında birliyi möhkəmləndirmək, milli yaddaşın qorunmasına və Qərbi Azərbaycana qayıdış ideyasının təbliğinə töhfə verməkdir. Yeni ofisin açılışı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir.
İcmanın Qəyyumlar Şurasının sədri Mürvət Həsənli də çıxışında Xəzər rayon nümayəndəliyinin təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, yeni ofis icma üzvlərinin bir araya gəlməsi, ictimai fəaliyyətin koordinasiyası və həmrəyliyin gücləndirilməsi baxımından böyük önəm daşıyır.
***
Məktəblilər arasında mini futbol turnirinə start verilib
Eyni gün, oktyabrın 4-də Şağan Olimpiya İdman Mərkəzində Qərbi Azərbaycan İcmasının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “24 dekabr – Respublika Prezidentinin doğum gününə həsr olunmuş məktəblilər arasında mini futbol turniri”nin açılış mərasimi keçirilib.
Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Azərbaycan futbolunun veteranı İskəndər Cavadov, rayon ictimaiyyəti, məktəblilər və media nümayəndələri iştirak ediblər.
Tədbiri Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev açıq elan edib və iştirakçıları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rəsmi hissədə çıxış edən Xəzar Elşən Salahov, Əziz Ələkbərli, Cahangir Fərəcullayev və İskəndər Cavadov gənclərin fiziki və mənəvi inkişafında idmanın, xüsusilə futbolun rolunu vurğulayıb, məktəblilərə turnirdə uğurlar arzulayıblar.
Rəsmi hissə başa çatdıqdan sonra 156 və 136 nömrəli məktəblərin komandaları arasında oyun başlayıb.
Beləliklə, “24 dekabr – Respublika Prezidentinin doğum gününə həsr olunmuş” mini futbol turnirinə rəsmi şəkildə start verilib. Yarış gənclər arasında sağlam rəqabət, dostluq və birlik ruhunda keçib.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi mini futbol yarışı Xəzər rayonunun 25 məktəbini əhatə edəcək. Turnirə 20 dekabrda yekun vurulacaq.















