Banner

Ümummilli Lider Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan məsələsi

“1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar dövlət adlandır­malıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik, Soruşdular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o sualı mənə niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən, 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik”.

Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında çıxışı, 05.02.1991

http://anl.az/el/Download/02.2014/207565.pdf

 “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”.

Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı, 23.02.1994

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“Mustafa bəy Topçubaşov XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir. O, İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb, Kiyev Universitetini bitirib, sonra isə Bakıya gəlib və burada fəaliyyətə başlamışdır”.

Görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışı, 14.10.1995

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“1988-ci ildə bizim soydaşlarımızı, azərbaycanlıları ermənilər zorla, silah gücünə Ermənistandan çıxarandan sonra buraya köçmüş adamlara burada ad qoydular: yerazlar. Bu adı mənfi nöqteyi-nəzərlə qoydular. Kimlər qoydu bu adı? Vəzirov kimi alçaq adamlar, onun şaykasında olan adamlar, Mütəllibov kimi alçaq adamlar, onun şaykasında olan adamlar. Anadan olduğu yerdən asılı olmayaraq, azərbaycanlı hər yerdə dəyərli adamdır. Kəlbəcərdə, Laçında, ya da Zəngəzurda, yaxud Göyçə mahalında anadan olub, ya da Borçalıda, Bakıda, Maştağada anadan olub – fərqi yoxdur, hamısı bir millətin adamlarıdır, azərbaycanlılardır. Millətimizin, xalqımızın içindən bunları təbəqələrə bölənlər, bir-birindən ayıranlar Azərbaycan xalqına, millətimizə ən böyük xəyanət edən adamlardır. Yerindən-yurdundan didərgin düşmüş adamlara, yaxud Ermənistandan zorla sürülüb çıxarılmış adamlara mənfi münasibət göstərmək, yaxud mənfi ad qoymaq, onlara belə təkəbbürlü yanaşmaq ən böyük cinayətdir və deyə bilərəm ki, ədəbsizlik, mənəviyyatsızlıq, tərbiyəsizlikdir.

Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan Prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da”.

 Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşdə giriş və yekun sözü, 01.04.1996

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır.

Amma eyni zamanda Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edərkən beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”.

Milli bayram – Respublika Günü münasibətilə təntənəli yığıncaqda nitqi, 26.05.1996

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“Bilirsiniz ki, keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İqdırın qarsısın­dakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İqdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü-beşi deyəcək ki, ya Zəngiba­sardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncə­dəndir, Naxçıvandandır”.

İqdır nümayəndələrini dinlədikdən və məktubla tanış olduqdan sonra çıxışı, 21.06.1996

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“Zəngilan Azərbaycanın gözəl bir guşəsidir, qədim Zəngəzur diyarının bir parçasıdır və qədim Azərbaycan diyarıdır”.

Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə nitqi, 29.12.1996

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır.

Milli bayram – Respublika Günü münasibətilə təntənəli yığıncaqda nitqi, 27.05.1997

http://anl.az/el/emb/Cumhuriyyet/nitqler/Heyder_Eliyev/27.05.1997.pdf

“Məlumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yaradanlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəvanın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən Hacınskiyə teleqramı bizim arxivlərimizdə vardır...

Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir...

Təəssüf etmək olar ki, Naxçıvan torpaqlarının bir qismi bəzi hallarda ermənilərin əllərinə keçib, ancaq Naxçıvan öz ərazisini əsasən qoruyub saxlamışdır. Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi, Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi. Ancaq Zəngəzur mahalının, o cümlədən onun bir hissəsi olan Mehri, Qafan rayonlarının – Azərbaycan torpaqlarının 1920-ci ildə Ermənistana verilməsi bizim tariximizdə Azərbaycan torpaqlarının əldən getməsinin çox ağır bir hadisəsidir”.

Azərbaycan Respublikası Konstitusiya komissiyasının iclasında nitqi, 14.01.1998

https://lib.aliyev-heritage.org/az/7012267.html

“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”.

Qeyd: Ulu Öndər “Qərbi Azərbaycan” ifadəsini ilk dəfə burada işlətmişdir.

“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı, 10.12.1998

https://files.preslib.az/projects/heydaraliyev/cixislar.pdf

“Biz hələ 1918-1919-cu illərdə Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin məktubu ilə İrəvan xanlığının, İrəvanın Ermənistana verilməsini görürük. Sovet hakimiyyəti qurulduqdan sonra bu proses davam edibdir. Bunun nəticəsində, o cümlədən Zəngəzur mahalı Ermənistana verilibdir. Baxmayaraq ki, bu, qədim Azərbaycan torpağıdır. Bu da Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın ərazisini bir-birindən ərazicə ayırıbdır.
...Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaq üçün çox güclü bir konsepsiya, əsas yaratmalıyıq. Elə bir əsas yaratmalıyıq ki, heç bir qüvvə heç bir zaman bundan sonra Azərbaycan torpaqlarının hansısa bir hissəsini ələ keçirə bilməsin”.

Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında nitqi, 09.02.1999

https://lib.aliyev-heritage.org/az/5091911.html

“Ermənistanın digər hissəsi, yəni Gürcüstana tərəf hissəsi də var. Orada da azərbaycanlılar yaşayırdılar. Yaxud, Zəngəzuru götürək. Məsələn, Sisyan, Gorus, Qafan rayonları – indi bunların adları Ermənistanda belə adlandırılır, amma onların hamısı Zəngəzura daxil olan torpaqlardır. Orada da yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Amma niyəsə nə orada, nə də bu biri yerdə azərbaycanlılara o vaxt muxtariyyət verilmədi”.
Xaricdə yaşayan həmvətənimiz, tanınmış müğənni Yaqub Zurufçu ilə görüşdəki söhbəti, 28.07.1999

https://lib.aliyev-heritage.org/az/25906623.html

“Azərbaycanın bir hissəsi kimi Naxçıvan sonralar ərazi nöqteyi-nəzərindən Azərbaycanın böyük hissəsindən ayrı düşmüşdür. 20-ci illərdə sərhədlər bölünərkən, Zəngəzur diyarı Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdü”.
Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasında nitqi, 12.10.1999

https://lib.aliyev-heritage.org/az/2472262.html

“Bəli, Zəngəzurda azərbaycanlılar çox yaşayıbdır. Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni”.

Cons Hopkins Vaşinqton Universitetində görüşdə nitqi, 15.02.2000

https://lib.aliyev-heritage.org/AZ/8272490.html

“Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş deportasiya və soyqırımı siyasəti sovet hakimiyyəti illərində beynəlmiləlçilik pərdəsi altında məharətlə maskalanaraq həyata keçirilmişdir. Sovet Rusiyasının köməyi ilə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan ərazisi elan edildi. Ermənilər türk-müsəlman respublikalarına qarşı ayrı-seçkilik siyasəti yürüdən SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində 1948–1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular”.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciəti, 29.03.2000

https://lib.aliyevheritage.org/az/6531921.html
 

 

“Təəssüflər olsun ki, 1920-ci ildə Sovet hökuməti Ermənistan-Azərbaycan sərhədini elə bölübdür ki, Azərbaycan torpağı olan Naxçıvan ilə Azərbaycanın bu biri hissəsini birləşdirən Zəngəzur mahalını Ermənistana veribdir. Ora da Azərbaycan torpağıdır, orada da azərbaycanlılar yaşayıblar, amma Ermənistana verilibdir. Ona görə də Naxçıvan Azərbaycanın böyük torpağından aralı düşübdür”.
Türkiyə Cümhuriyyətinin qazilərini Prezident Sarayında qəbul edərkən giriş nitqi, 15.08.2000

https://lib.aliyevheritage.org/print.php?lang=az&page=8998524

“Təbiidir ki, Azərbaycan torpaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indiki Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər”.
Türkiyənin dövlət naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti, 23.08.2000

https://lib.aliyev-heritage.org/print.php?lang=az&page=393304

“Ancaq vaxtilə Azərbaycana qəsd edilibdir və Azərbaycan torpağı olan Mehri rayonu, Zəngəzur Ermənistana verilibdir. Bu da Naxçıvanı ərazi nöqteyi-nəzərdən Azərbaycandan ayırıbdır. Sovet vaxtında bunu o qədər hiss etmirdik. Çünki hamısı bir idi. İndi, xüsusən Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra bu, vəziyyəti get-gedə gərginləşdirdi”.
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin bir qrup sakini ilə görüşdə söhbəti, 28.02.2001

https://lib.aliyevheritage.org/az/38055594.html

“Tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur və digər ərazilər o zamankı sovet hökuməti rəhbərlərinin köməyi ilə Ermənistana verilmiş, Dağlıq Qarabağ erməniləri muxtariyyət qazanmış və onların gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin yaradılmışdır. 1948–1953-cü illərdə ermənilər SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasi­yasına nail oldular”.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciəti, 27.03.2001

https://lib.aliyev-heritage.org/print.php?lang=az&page=24772946

“Ancaq məlumdur ki, XX əsrdə, sovet hakimiyyəti qurulan zaman bu bölgənin sərhədləri müəyyən edilərkən, Azərbaycanın torpaqlarının bir qismi Ermənistana qatılıbdır. O cümlədən Zəngəzur və indi Naxçıvanı Azərbaycanın böyük hissəsindən ayıran Mehri rayonu. Bu, tarixi ədalətsizlikdir. Biz bunu bu gün ürək ağrısı ilə xatırlayırıq”.
Naxçıvan Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində nitqi, 15.06.2002

https://lib.aliyevheritage.org/az/5187244.html

“XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşdə nitqi, 17.06.2002

https://lib.aliyev-heritage.org/az/943664.html

“1920-ci ildə bu sərhədləri quranda, o vaxtlar Azərbaycanın Moskvada kimi olubdur? İqtidar ermənilərin əlində idi. Azərbaycanın torpağı – Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistana veriblər ki, Ermənistanın İranla sərhədi olsun. Bu tamamilə süni bir şeydir”.
Milli Mətbuat Günü münasibətilə Bakı Mətbuat Klubunun təsisçiləri ilə görüşü, 22.07.2002

https://lib.aliyev-heritage.org/az/95282450.html

Belə bir şəraitdə, 1988-ci ildə münasibətlər kəskinləşdi və Ermənistanda həmin o qəddar millətçi qüvvələr əsrlər boyu öz doğma vətənində, doğma torpağında yaşamış insanları, azərbaycanlıları zorla öz yerlərindən çıxarmağa başladılar. Beləliklə, ermənilərin Azərbaycana qarşı təcavüz hərəkətlərinin son mərhələsi baş verdi.

Siz bilirsiniz ki, bir neçə il bundan öncə, 1998-ci ildə mən ermənilərin indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı ədalətsiz hərəkətləri, azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya olunması ilə əlaqədar fərman vermişdim. Bu deportasiyanın 50 illiyi münasibətilə öz fikirlərimi bildirmişdim. Amma bu deportasiya, azərbaycanlıların Ermənistandan deportasiyası ilk hadisə deyildi. İndiki Ermənistanın ərazisində əhalinin əksəriyyətini həmişə  azərbaycanlılar təşkil ediblər. Ermənistanın paytaxtı olan Yerevanda əsrlər boyu azərbaycanlılar çoxluq təşkil ediblər. Bu hələ çar hökumətinin statistikasında da var. Bunu  heç kəs inkar edə bilməz. Ancaq, təəssüflər olsun ki, o illərdə də, XX əsrin əvvəllərində də ermənilərin azərbaycanlılara qarşı düşmənçilik münasibəti, azərbaycanlılara qarşı təcavüzü tədri­cən həyata keçirilirdi.

1918-ci ildə onlar azərbaycanlılarla ermənilər arasında qanlı vuruşlara şərait yaratdılar. Azərbaycanlıları Ermənistan ərazisində və başqa yerlərdə qırmağa başladılar və qırğın yaratdılar. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar, demək olar ki, o vaxtdan öz doğma torpaqlarını tərk etməyə məcbur oldular. Hər il tədricən Ermənistandan qədim ata-baba torpaqlarını tərk edib Azərbaycanın ərazisinə köçmək məcburiyyətində oldular.

Beləliklə, getdikcə ermənilər azərbaycanlılara məxsus olan torpağı, Ermənistan adlanan yeri zəbt edəndən sonra orada özlərinə dövlət yaratmağa, əhalinin çoxluğunu təmin etməyə çalışdılar. Buna da nail oldular. Sonrakı dövrdə də Azərbaycana Ermənistan  ərazisindən azərbaycanlıların axını davam edibdir.

Ancaq 1948-ci ildə SSRİ hökumətinin qərarı ilə təəssüflər olsun ki, o vaxtkı Azərbaycan hökumətinin də razılığı ilə – azərbaycanlıları kütləvi olaraq Ermənistan ərazisindən  deportasiya etdilər. Özü də çox ağır şəraitdə–insanlara öz mal-mülklərini də  yığışdırmağa  imkan vermədilər. Dağlıq yerdə yaşayan adamları yük vaqonlarına doldurub, dəmir yolu ilə gətirib Azərbaycanın Muğan, Mil zonasına – çöllərə tökdülər. Məlumdur ki, deportasiya olunanların bəzisi orada qırıldı, bəzisi sonra yenə də müəyyən yollarla öz torpaqlarına, öz evlərinə qayıtdı.  Çünki ürəkləri davam gətirə bilmirdi. Böyük bir qismi də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına qoşuldu və  Azərbaycanda yaşadı.

Beləliklə, get-gedə Ermənistan ərazisində azərbaycanlıların sayı azaldı, azaldı, azaldı. Nəhayət, ermənilər 1988-ci ildə Ermənistan–Azərbaycan münaqişəsini başlayaraq, dərhal azərbaycanlıları Ermənistan ərazisindən tamamilə çıxartdılar. O cümlədən siz də, əziz qardaşlar, bacılar, həmin o vaxt ermənilərin azərbaycanlılara qarşı bu sonuncu qəddar, düşmənçilik siyasətinin və terrorçuluq hərəkətlərinin qurbanı oldunuz. Evinizi-eşiyinizi, varınızı-dövlətinizi itirdiniz, ata-baba yurdlarını tərk etdiniz, ulu babalarınızın qəbirlərindən ayrıldınız və Azərbaycana gəldiniz. O vaxt sizin məskunlaşmağınız üçün bəzi tədbirlər görülmüşdür. Ancaq bunlar lazımi qədər olmamışdır. Açıq deyək, o qədər imkan da yox idi, müharibə gedirdi. Ancaq get-gedə, ilbəil biz sizin məskunlaşmağınızla məşğul olduq.

Mən adı çəkilən fərmanlarda 1988-ci ildə Ermənistan ərazisindən Azərbaycana zorla köçürülmüş, qaçqın düşmüş insanların, soydaşlarımızın məskunlaşması məsələsini həll etmək qərarına gəldim. Mən əvvəlki illərdə də bunu istəyirdim. Ancaq bilin, imkan, vəsait yox idi. Bunun üçün biz yaşamalı idik, iqtisadiyyatı inkişaf etdirməli, neft strategiyasını həyata keçirməli idik. Beləliklə, gəlirlərimizi artırmalı idik ki, bu cür böyük layihələrin həyata keçirilməsinə başlaya bilək.

Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam.

Əziz dostlar, bu qəsəbədə sizə xoşbəxt həyat arzulayıram. Arzulayıram ki, burada həmişə sevinc olsun, məhəbbət olsun, toy olsun, şənlik olsun, musiqi çalınsın. Burada Aşıq Ələsgərin sazı səslənsin, Aşıq Ələsgərin sözləri bu dağlara yayılsın. Siz burada gözəl, xoşbəxt həyat içində yaşayasınız. Sizin hamınıza cansağlığı arzu edirəm. Sağ olun, sağ olun, sağ olun!

Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinin açılışında nitqi, 13.09.2002

https://lib.aliyev-heritage.org/az/57052493.html

“Naxçıvan Muxtar Respublikası, Zəngəzur mahalı, Azərbaycanın digər hissəsi – bunlar hamısı bütöv bir ərazi olub, Azərbaycan ərazisi olubdur. Ancaq Azərbaycan xalqına düşmən olan qüvvələr məkrli niyyətlərini həyata keçirmək üçün o vaxtlar Naxçıvan ərazisi haqqında çox danışıqlar aparırdılar, çox təlaş edirdilər ki, onu Azərbaycandan ayırsınlar. Nəhayət, 1921-ci ildə Qars müqaviləsinin, sonra Moskva müqaviləsinin nəticəsində – o müqavilələri Azərbaycan Respublikası, Rusiya, Gürcüstan və Ermənistan imzalayıblar – onların əsasında Naxçıvanın Azərbaycana mənsub olması və Azərbaycanın olması sübut edilibdir. Azərbaycanın əsas ərazisindən aralı qaldığına görə də ona muxtariyyət statusu verilibdir”.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin yeni binasının açılış mərasimində nitqi, 11.10.2002

https://lib.aliyev-heritage.org/az/78262282.html

Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80- ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992- ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və anasızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilərinin və onların ideoloqlarının xalqımıza qarşı cinayətlərinin tam olmayan siyahısı belədir. Yüzillər boyu davam edən bu şovinist və davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələri vandallıqla dağıdılmışdır. Keçən dövrdə mütəmadi olaraq erməni xalqının geniş dairələri azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda "türk-azərbaycanlı" düşmən obrazı yaradılmış, bu məqsədə xidmət edən "mədəni- milli cəmiyyətlər", terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur.

31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə Azərbaycan xalqına müraciəti, 27.03.2003 

https://lib.aliyevheritage.org/az/2729622.html