Müşahidə Şurası – QAİ-nin Nizamnaməsinə uyğun fəaliyyət göstərən idarəetmə orqanıdır. Şura sədrdən, sədr müavinindən və üzvlərdən ibarətdir. Müşahidə Şurasının sədri, onun müavini və şura üzvləri Ümumi Yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Müşahidə Şurasına Misir Mərdanov rəhbərlik edir.
Misir Cumayıl oğlu Mərdanov - (3 oktyabr 1946, Qərbi Azərbaycan, Karvansara, Göyərçin) - 1989-cu ilin iyun ayından 1992-ci ilin oktyabrına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləmişdir. 1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin Vitse-prezidentidir. 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir. 2000-ci il yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci il aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011–2014-cü illərdə Türkdünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2013-cü ilin mayından Azərbaycan Milli Elmlər Akademiyasının (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin) Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü il оktyabrın 28-dən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olmuşdur. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. 2020-ci ilədək isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adı, 2006-cı ildə isə "Şöhrət" ordeni, 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 2011-ci ildə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Müşahidə Şurasının sədrinin müavini
Kamran Sultan oğlu İmanov - (5 noyabr 1946, Ata yurdu: Qərbi Azərbaycan, Meğri) - Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə Azərbaycan Neft-Kimya İnstitutunda başlayıb, müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, birinci prorektoru, Azərbaycan universitetləri rektorlar Şurasının katibi, Azərbaycan Respublikası rəhbərliyinin İctimai rəyin öyrənilməsi üzrə Sosioloji tədqiqatlar Mərkəzinin elmi katibi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test sistemi layihəsinin rəhbəri, həmin Komissiyanın sədri və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (ilk rəhbəri), Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifələrində çalışmışdır. 2018-ci ildən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri professorudur. Azərbaycan Respublikasının Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir.