Ziyalılar Şurası

Ziyalılar Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Ziyalılar Şurası sədr, onun iki müavinindən və üzvlərdən ibarətdir. Ziyalılar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən  beş il müddətində təyin və vəzifədən azad edilirlər. Ziyalılar Şurasına Elxan Hüseynov rəhbərlik edir.

Elxan Bahadur oğlu Hüseynov - (1 yanvar 1948, Ata yurdu: Qərbi Azərbaycan, Meğri, Əldərə) — Gəncə şəhərində anadan olmuşdur. 1980–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş müəllim, dosent əvəzi vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. 1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adını almışdır. 2020-ci ildə Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür.  8 avqust 2002-ci ildə Elxan Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir.

Ziyalılar Şurası sədrinin müavinləri 

Nizami Qulu oğlu Cəfərov - (21 sentyabr 1959, Ata yurdu: Qərbi Azərbaycan, Vedi, Qaladibi) - Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Alpaqut Federasiyasının prezidentidir. 50-dən çox kitabın, onlarca məqalənin müəllifidir. Rus, ingilis və fars dillərini bilir. 1985–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, 1994-cü ildən Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetində kafedra müdiri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Fərrux Abbas oğlu Rüstəmov - (1 yanvar 1961, Qərbi Azərbaycan, Çəmbərək, Cil) - Fərrux Abbas oğlu Rüstəmov Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil almışdır. Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimidir. “Tərəqqi” medalı, “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunmuşdur. 3-cü dərəcəli “Əmək” ordenini almışdır. 1982-1985-ci illərdə Quba rayonu Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru, 1990-1991-ci illərdə ADPU-nun Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, 1991-2007 -ci illərdə ADPU-nun Ümumi pedaqogika kafedrasında müəllim, dosent, professor, 2007-2011-ci illərdə ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, 2007-2015-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin dekanı, 2015-2022-ci illərdə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı vəzifələrində çalışmışdır.2023-cü ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiridir.