Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsinin ən dəhşətli nəticələrindən biri də azərbaycanlı əhalinin Ermənistandan deportasiyası olmuşdur.
XX əsrdə Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsini fərqləndirmək olar:
- 1918–1920
- 1948–1953
- 1987–1991
1918–1920-ci illər
1918–1920-ci illərdə azərbaycanlı əhalinin soyqırımının və azərbaycanlıların Ermənistandan deportasiyasının əsas səbəbi ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası idi.
Ərazi əldə etməyə və etnik ərazini süni şəkildə genişləndirilməyə güclü meyil, mədəni üstünlüyə və yaşayış yeri ilə bağlı xüsusi hüquqlara malik olmaq ideyası ermənilər arasında total xarakter almışdı. Erməni şovinistləri hesab edirdilər ki, “Böyük Ermənistan” əhalinin əksəriyyətinin iradəsinə arxalanmaqla yox, silah gücü ilə, zorla qəbul etdirilə bilər. Xülyası qurulan gələcək dövlət müsəlmanlardan (azərbaycanlılardan) təmizlənmək yolu ilə xarabalıqlar və günahsız “yadellilər”in meyitləri üzərində qan və dəmirlə qurulmalıdır.
Əvvəlcə Osmanlı Türkiyəsinin ərazisində, 1918–1920-ci illərdə isə Cənubi Qafqazda “Böyük Ermənistan” üçün ərazinin formalaşdırılması ilə bağlı bu məkrli planın gerçəkləşdirilməsi lap əvvəldən kəskin qarşıdurmanın və müsəlman (azərbaycanlı) əhalinin soyqırımının qaçılmazlığı ilə bağlı idi.
1918-ci ilin mayında Cənubi Qafqazda ilk dəfə yaradılmış erməni dövlətinin tərkibinə daxil olan İrəvan quberniyasının qəzalarında baş verən dəhşətli hadisələr Şimali Azərbaycanın şərqində, Bakı quberniyasında 1918-ci ilin yazında Bakı Sovetinin bolşevik-daşnak birləşmələrinin azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi hadisələrlə, demək olar ki, eyni vaxtda başlamışdı.
Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda türk-müsəlman əhalini qətlə yetirməkdə zəngin təcrübəsi olan, təpədən dırnağacan silahlanmış erməni dəstələri Qafqaz cəbhəsini tərk edən rus ordusu ilə birləşərək 1918-ci ilin əvvəllərində İrəvan quberniyası ərazilərinin azərbaycanlı əhalidən təmizlənməsi istiqamətində bir sıra silahlı aksiyalar həyata keçirmişdilər. Azərbaycanlı əhaliyə qarşı zorakılığın miqyasına dair tam təsəvvürə malik olmaq üçün “1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman (Azərbaycan) kəndlərinin siyahısı” ilə tanış olmaq kifayətdir.
Bu siyahıya İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin və Novo-Bəyazid qəzalarında erməni silahlı dəstələri tərəfindən qarət olunmuş və nəticədə müsəlman (azərbaycanlı) əhali tərəfindən tərk edilmiş 199 kəndin adı daxil idi. Bununla yanaşı, dinc sakinlərin fiziki məhvi, qanlı qırğınlar, vəhşiliklər, hədə-qorxu, panika yaradan şayiələr – bütün bunlardan ermənilər kökü buradan olan insanları ulu babalarının əsrlər boyu yaşadığı torpaqlardan çıxmağa məcbur etmək üçün istifadə edirdilər. Beləliklə, ermənilərin kompakt yaşadıqları məskənlər süni şəkildə yaradılmışdı və Türkiyədən erməni qaçqınların axını hesabına durmadan genişlənir və böyüyürdü.
1918-ci il may ayının sonlarında İrəvan quberniyası ərazisində Cənubi Qafqazda əvvəllər sahəsi 10 min kv. km-dən çox olmayan Ararat Respublikası yaradıldıqdan sonra isə soyqırımı siyasəti artıq dövlət səviyyəsində həyata keçirilməyə başladı.
Bütün bunlar 4 iyun 1918-ci il tarixli Batum müqaviləsinin 6-cı bəndinə əsasən Ermənistan hökumətinin ölkə ərazisində yaşayan müsəlmanların (azərbaycanlıların) təhlükəsizliyini və azad inkişafını təmin edəcəyinə, onların ana dilində təhsil almalarına və dini ayinlərini həyata keçirmələrinə şərait yaradacağına dair öhdəlik götürməsinə məhəl qoyulmayaraq həyata keçirilirdi.
Azərbaycan Milli Şurasının İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəşt edilməsi barədə 29 may 1918-ci il tarixli Qərarı (“Qafqaz təqvimi”nin 1 yanvar 1916-cı il tarixinə olan məlumatına əsasən, bu şəhərdə 12605 nəfər azərbaycanlı yaşayırdı) şəhərin azərbaycanlı əhalisinin taleyinə faciəvi təsir göstərdi. “Azərbaycan” qəzetinin 29 iyun 1919-cu il tarixli buraxılışında İrəvanda azərbaycanlı əhaliyə zülm edilməsinin şahidlərindən birinin xatirələri dərc olunmuşdu: “İrəvandakı müsəlmanlar (azərbaycanlılar) o qədər müdafiəsiz və köməksiz idilər ki, nəinki gecə, hətta günorta vaxtı, hətta müsəlman (azərbaycan) məhəlləsində belə onların salamat paltarlarını əyinlərindən çıxarırdılar. Müsəlmanların (azərbaycanlıların) pulları və qiymətli əşyaları da eynilə əllərindən alınırdı… Müsəlmanların (azərbaycanlıların) fərdi evləri də talandan və zorakılıqdan yan keçə bilmirdi, təpədən dırnağacan silahlanmış ermənilər burada “artıq” olan hər şeyi talayıb aparırdılar. Bütün bunlar Ermənistanın paytaxtı İrəvanda bu gün də baş verir. Müsəlmanların (azərbaycanlıların) İrəvanda yaşadıqları əzab-əziyyəti, məruz qaldıqları işgəncəni təsvir etmək mümkün deyil. Çoxları dözməyərək dəli olub, digərləri isə vaxtından əvvəl qocalıblar… Şəhərdə müsəlmanların (azərbaycanlıların) vəziyyəti belədir”.
17-31 avqust 1919-cu il tarixlərində Ermənistan Respublikasının ərazisində Eçmiədzin, Sürməli, İrəvan və Novo-Bəyazid qəzalarında 50-yə qədər müsəlman (Azərbaycan) kəndi dağıdılmışdı.
Azərbaycan Respublikasının himayədarlıq nazirinin Ermənistandakı müvəkkili T.Makinski 2 sentyabr 1919-cu il tarixində Azərbaycanın himayədarlıq nazirinə yazdığı məktubunda İrəvan quberniyasında baş verən qanlı hadisələrə qiymət verərkən quberniyanın azərbaycanlı əhalisinin ağır iqtisadi vəziyyətini belə təsvir edirdi: “Son günlər baş verən hadisələr müsəlmanların (azərbaycanlıların) vəziyyətini daha da acınacaqlı etmişdir. Sakinləri geri qayıdan 50-60 kənd yenidən talan edilmiş, əhalinin salamat qalmış qismi isə öz əmlakını, ərzağını və anbarlarda taxılını atıb qaçmışdır… Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarından 150 minə qədər müsəlman (azərbaycanlı) mühacirət etmişdir.
Hazırda Ermənistan sərhədlərində nisbətən az sayda müsəlman qalıb, lakin onların sayı da hər ötən gün qarət və qarət qorxusu səbəbindən azalır. Hazırda Novo-Bəyazid rayonunda heç müsəlman (azərbaycanlı) qalmayıb. İrəvan qəzasında Ermənistan hakimiyyətinə tabe olan müsəlmanların (azərbaycanlıların) sayı 25 mindən çox deyil, Eçmiədzin qəzasında da o qədərdir (25 min), Sürməli qəzasında isə (yenə də təkcə Ermənistan hakimiyyətinə tabe olan rayonlarda) 15 min nəfər müsəlman (azərbaycanlı) var. Bundan başqa, İrəvan qəzasında 13 min qaçqın və yerli əhali yaşayır. Aleksandropol qəzasında isə müsəlmanların sayı həmişə az olub. Beləliklə, İrəvan quberniyasının ehtiyac içində olan müsəlmanlarının (azərbaycanlıların) uçotu zamanı bütün əhalinin sayı maksimum 80000, minimum isə 70000-ə bərabər olacaqdır.
Müsəlman (azərbaycanlı) əhalinin faktiki vəziyyəti dəhşətlidir: onların nə çörək, nə taxıl, nə kənd təsərrüfatı avadanlığı, nə mal-qara ehtiyatı var; çoxunun isə evi belə yoxdur. Müsəlman (azərbaycanlı) əhali ac, tükənmiş, hüquqsuz və yoxsul vəziyyətindən bezərək ümidsizliyə qapılmış haldadır. Ermənistan ərazisində müsəlman (azərbaycanlı) əhalinin böyük əksəriyyətinin əkin sahəsi yoxdur, yeni qarətlərə məruz qalmayanlar isə öz torpaqlarından istifadə etmək imkanından məhrumdurlar (icarəyə verilib və zəbt edilib)”.
1919-cu ilin son iki ayında Eçmiədzin qəzasının 62 kəndi, Sürməli qəzasının 34 kəndi və İrəvan qəzasının müsəlman (azərbaycanlı) kəndlərinin hamısı (Zəngibasardan başqa) erməni silahlı dəstələri tərəfindən yenidən dağıdılmışdı.
Himayədarlıq Nazirliyinin məlumatlarına əsasən, bunun nəticəsi olaraq, 1919-cu ilin sonuna qədər Novo-Bəyazid, İrəvan və Eçmiədzin qəzalarının dağıdılmış müsəlman (Azərbaycan) kəndlərindən olan qaçqınların sayı 200 min nəfər təşkil etmişdir.
Onların əsas hissəsi Naxçıvan, Şərur, Qazax, Gəncə və Şamaxıda məskunlaşmışdı. 1920-ci ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.İ.Solovyovun RSFSR Xalq Komissarları Sovetinin sədri V.Leninə ünvanladığı “Çevrilişdən sonrakı iki ayda (may-iyun) bizim Azərbaycanda siyasətimiz” adlı hesabat qeydində Ermənistanın müsəlman (azərbaycanlı) əhalisinin acınacaqlı vəziyyətindən bəhs edirdi. O bildirirdi ki, “Ermənistan Respublikası yaranarkən onun hüdudları çərçivəsində 250 müsəlman kəndi var idi, onların hamısı məhv edilib, hazırda orada bir nəfər də müsəlman (azərbaycanlı) yoxdur”.
İrəvan quberniyasının azərbaycanlı əhalisinə qarşı kütləvi zorakılıq faktları erməni tarixçilərinin əsərlərində də öz əksini tapmışdır. Erməni tarixçisi A.Lalayan yazırdı: “Əksinqilabi “Daşnaksütyun” partiyasının diktaturası dövründə (1918–1920) bütün qeyri-erməni əhali qanundankənar sayılırdı. “Daşnaksütyun” hakimiyyətdə olduğu iki il yarım ərzində Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı silahlı mübarizə aparmış, ucdantutma bütün dinc əhalini öldürərək və qarət edərək, dinc əhalinin məskunlaşdığı kəndləri məhv etmişdir”.
Lalayan həmçinin qeyd edir ki, “Daşnaksütyun” partiyasının hakimiyyətdə olduğu 30 aylıq dövrdə Ermənistanın türk (azərbaycanlı) əhalisinin sayı 77% azalmışdı.
Ümumilikdə, Ararat Respublikasının mövcud olduğu dövr (1918–1920-ci illər) əyani şəkildə göstərdi ki, erməni siyasi xadimləri ölkəni idarə etmək üçün deyil, azərbaycanlı əhalini məhv etmək və onların əmlakını ələ keçirmək üçün dövlət hakimiyyəti qurublar. Bu hadisələr əyani şəkildə sübut etdi ki, öz “mədəniyyəti” və “qədim tarixi” ilə öyünən ermənilər, əslində, sadəcə öz dövlətinə malik olmaq, xüsusilə də digər xalqları idarə etmək üçün kifayət qədər inkişaf etməyiblər.
1948–1953-cü illər
Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü davam etmişdir. Bu proses xüsusilə İkinci Dünya Müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya şəklini almışdı.
Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Fərmana əsasən, Ermənistandan 100 min nəfərlik azərbaycanlı əhalinin 1948–1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu.
Xalq Təsərrüfatı üzrə uçot məlumatlarına və Ermənistan SSR Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, köçürülmə başlanmamışdan əvvəl 1948-ci ildə Ermənistanda 25 min azərbaycanlı ailəsi, yaxud 110 minə yaxın azərbaycanlı yaşayırdı. Onlardan yalnız 9 min ailə və ya 35 min nəfər Aran rayonlarında, qalan 75 min nəfər isə Ermənistan SSR-in yüksək dağlıq rayonlarında yaşayırdı.
Azərbaycanlıların köçürülməsinə səbəb ABŞ, Avropa, Yaxın Şərq ölkələrində yaşayan ermənilərin guya Vətənə köçmək istəyi idi. Azərbaycanlı əhalinin Ermənistandan köçürülməsi xarici ölkələrdən köçürülən ermənilərin qəbul edilməsi və yerləşdirilməsi şərtlərini xeyli yüngülləşdirirdi. Buna görə də, qərara əsasən, azərbaycanlı əhalinin köçürülməsi nəticəsində azad edilən tikililər və yaşayış evləri gələn erməni əhalinin məskunlaşması üçün istifadə olunurdu.
Ermənistandan köçürülən azərbaycanlılara güzəştlər və kreditlər verilsə də, onlar faktiki olaraq, ilk növbədə, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından qarşılıqsız olaraq məhrum olurdular.
İstənilən halda, faktlar onu göstərir ki, planlaşdırılan sayda azərbaycanlı ailənin Ermənistandan köçürülməsini müəyyən edilmiş müddətdə həyata keçirmək mümkün olmayıb. Ona görə də 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951–1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edir. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.
Beləliklə, Moskva köçürmə kampaniyasının müddətini uzadaraq azərbaycanlıların Ermənistandan köçürülməsinə, 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli əvvəlki qərarlara əsasən müəyyən edilmiş 100 min kimi arzuolunan rəqəmə nail olmağa çalışırdı.
Bu deportasiya çeçenlərin, inquşların, balkarların, qaraçaylıların və digər xalqların Qazaxıstana və Orta Asiyaya deportasiyası ilə eyni səviyyədə qərarlaşır. Azərbaycanlılar məcburən deportasiyaya məruz qaldılar və bu deportasiya, on minlərlə insanın adi, vərdiş etdiyi həyat ritmini pozmuş, onları yeni şəraitə, yeni həyat tərzinə, yeni məşğuliyyətlərə uyğunlaşmağa vadar etmişdi.
1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların Ermənistan ərazisindən köçürülməsi prosesinin intensivliyində dayanıqlı azalma müşahidə olundu. Bu, bir tərəfdən, Sovet hakimiyyətinin müəyyən etdiyi müddətdə və sayda azərbaycanlının köçürülməsi planlarının yerinə yetirilməməsi, digər tərəfdən isə əsasən Qərbdə kifayət qədər rahat həyatını Sovet Ermənistanında üzləşdikləri ağır sosial-məişət şəraitinə dəyişmək istəyən ermənilərin sayının kəskin şəkildə azalması ilə bağlı idi. Buna baxmayaraq, hətta köçürülmə kampaniyasının öz qızğınlığını itirdiyi vaxtda belə, Ermənistanda “ikinci sort” insan olduqlarını hiss edən azərbaycanlıların tədricən, yavaş-yavaş baş verən köçü qaçılmaz oldu və SSRİ-nin süqutuna qədər tədricən daimi tendensiya şəklini aldı.
1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda xüsusilə qeyd olunurdu ki, bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə, onun vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakına zidd olan mövqeyi də az rol oynamamışdır.
1987–1991-ci illər
Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1987–1991-ci illərə təsadüf etmişdir. 1948–1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi. Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi.
Sosial tərkibinə görə, Ermənistandan olan azərbaycanlı qaçqınların əsas hissəsini tarixi yurdlarını, ata-babalarına məxsus otlaqları, əkinə yararlı torpaqları, çəmənlikləri və s. tərk edən kəndlilər təşkil edirdi. Onların yalnız kiçik bir hissəsi kiçik sənaye şəhərlərinin və Yerevanın (İrəvanın) sakinləri idi.
Azərbaycanlılar erməni dilini bilir və ana dili olan Azərbaycan dilində olduğu kimi, bu dildə də səlis danışırdılar, lakin daimi ayrı-seçkiliyə məruz qalırdılar və hüquqları tapdalanırdı. Ermənistanda azərbaycanlılara “türk” olduqları daim hiss etdirilib.
Deportasiya başlanandan sonra Ermənistanın müxtəlif rayonlarından olan azərbaycanlıların onlarla nümayəndə heyəti, minlərlə ayrı-ayrı vətəndaş ali hakimiyyət orqanlarına, partiya və hökumət rəhbərlərinə müraciət etmiş, onlara qarşı həyata keçirilən zorakılıq aktları barədə təşviş içində məlumat vermiş, onların qarşısının alınmasını xahiş etmişdilər.
Bu alçaldılmış və təhqir olunmuş, yaxınlarını və ata yurdlarını itirmiş insanlar intiqam yox, ədalət istəyirdilər. Ancaq bütün bu siqnallar cavabsız qalır və onlara heç bir reaksiya verilmirdi. Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1988-ci il tarixinə olan məlumatına əsasən, Ermənistandan olan qaçqınların sayı artıq 78 min nəfərdən çox idi. 1989-cu ildə SSRİ əhalisinin ümumittifaq siyahıya alınması üzrə məlumatlara əsasən, Ermənistan SSR-də hələ də 84 860 nəfər azərbaycanlı yaşayırdı – onlar Ermənistan SSR-i 1990-cı ildə tərk etmişdilər.
Qaçqınlar müvəqqəti olaraq keçid məntəqələrində yerləşdirilir, buradan isə gələcək yaşayış məskənlərinə göndərilirdilər. Azərbaycanlıların Ermənistandan köç etməsi ilə Ermənistanla Azərbaycan arasında münaqişənin miqyası artmışdır.
Sovet Konstitusiyasının kütləvi şəkildə kobudcasına pozulduğu bir şəraitdə, Sovet rəhbərliyi qəbul etdiyi qərarlarda sadəcə bunu əsas götürürdü ki, ayrı-ayrı istehsal sahələrinin, nazirliklərin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin cəzalandırılması yolu ilə gücünə və formasına görə vulkan püskürməsinə bənzəyən bu siyasi prosesi dayandırmaq olar. Moskvada Ali rəhbərliyin qəbul etdiyi qərarların məzmunu açıq şəkildə sübut edirdi ki, mərkəzi hakimiyyət münaqişənin kim tərəfindən başlanmasından, ilk qaçqın axınının haradan gəlməsindən asılı olmayaraq, bütün kritik vəziyyətlərdə münaqişə tərəflərinin məsuliyyətinin bərabərləşdirilməsi prinsipinə sadiq qalmışdır.
Moskva baş vermiş faciənin humanitar və siyasi nəticələrini, onun azərbaycanlıların və ermənilərin birgə, qonşuluq şəraitində yaşadığı bütün yaşayış məntəqələrinə qaçılmaz təsirini anlamadı və layiqincə qiymətləndirmədi. Bu hadisələr göstərdi ki, Sovet rəhbərliyinin niyyətindən asılı olmayaraq, onun siyasi və təşkilati səylərinin ikimənalı xarakteri, tərəflərin bərabər məsuliyyəti taktikası prosesin idarəolunmaz hala gəlməsinin, münaqişə tərəfləri arasında getdikcə daha da şiddətli polemikaya sövq etməsinin və hər iki tərəfdə mərkəzi hakimiyyətə inamsızlıq yaratmasının əsas səbəblərindən biri idi.
Beləliklə, 1987-ci ildən başlayaraq bir neçə il ərzində qaçqın fenomeni Azərbaycanın siyasi və sosial həyatının qarşısıalınmaz amilinə çevrildi.