Nəzarət-Təftiş Komissiyası – QAİ-nin Nizamnaməsinə əməl olunmasına və maliyyə fəaliyyətinə nəzarət edir. Nəzarət-Təftiş Komissiyası sədrdən, sədr müavinindən və üzvlərdən ibarətdir. Nəzarət-Təftiş Komissiyasının sədri, onun müavini və şura üzvləri Ümumi yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Nəzarət-Təftiş Komissiyasına Vahid Novruzov rəhbərlik edir.
Vahid Tapdıq oğlu Novruzov - (7 yanvar 1950, Qərbi Azərbaycan, Allahverdi) - 1979 - 1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1992–1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur. Vahid Novruzov elmi konfrans və seminarlarda fəal iştirak edir. 100-dən artıq əsərin müəllifidir. 2000-ci ildə professor elmi adı almışdır. Audit və bazar iqtisadiyyatı infrastrukturunun problemləri üzrə dissertant və magistrlara elmi rəhbərlik edir. Vahid Novruzov ABŞ-nin Daxili Auditorlar İnstitutunun Azərbaycanda yaradılmış "Audit-Azərbaycan" bölməsinin prezidenti və Müsahiblərin və Auditorların "AVROASİYA" Regional Federasiyası Şurasının idarə heyətinin üzvüdür. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Novruzov "Şöhrət" ordeni ilə təltif edilib.
Nəzarət-Təftiş Komissiyası sədrinin müavini
Kamal Xaqani oğlu Cəfərov - (15 dekabr 1989, Qərbi Azərbaycan, Basarkeçər, Kərkibaş) - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını, London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirmişdir. İngilis, rus və fransız dillərini bilir. 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Hüquqi təminat şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, sektor müdiri işləmiş, hərbi xidmət keçmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Katibliyinin böyük məsləhətçisi, 2016–2020-ci illərdə isə katibi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Fransa, İtaliya, Lüksemburq, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.