Gənclər Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Gənclər Şurası sədr, iki müavindən və üzvlərdən ibarətdir. Gənclər Şurası sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər.
Gənclər Şurasının sədri
Şahin Əmir oğlu İsmayılov - (7 fevral 1986, Qərbi Azərbaycan, Keşişkənd) - Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, eləcə də Fransaşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Fransız, ingilis və rus dillərini bilir. 2008–2009-cu illərdə Azərbaycan Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Tədris hissəsinin dispetçeri, İnformasiya resursları kompleksinin baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2009–2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavinidir. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Kanada, Koreya, Latviya, Litva, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Gənclər Şurası sədrinin müavinləri
Səbinə Səməd qızı Xasayeva – (30 mart 1993, Ata yurdu: Qərbi Azərbaycan, Basarkeçər, Şişqaya) - Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr pilləsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirmişdir. İngilis və Norveç dillərini bilir. 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Naqif Ələşrəf oğlu Həmzəyev – (24 may 1983, Qərbi Azərbaycan, Basarkeçər, Nərimanlı) - Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, eləcə də “Yaxın və Orta Şərqin tarixi” ixtisası üzrə magistr pilləsini, Türkiyənin Fırat Universitetinin Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsini, Çin Xalq Respublikasının Renmin Universitetinin Çin siyasəti ixtisası üzrə ikinci magistr pilləsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir. İngilis, Rus və Türk dillərini bilir.
"Dünya Azərbaycanlıları" Gənclərin İctimai Birliyinin təsisçisidir. 2007–2008-ci illərdə hərbi xidmət keçmiş, 2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis, 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, 2009-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-2011-ci illərdə İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, 2012-ci ildə İnformasiya Texnologiyaları və Beynəlxalq Əlaqələr Mərkəzi İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013–2014-cü illərdə Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2022-ci illərdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri vəzifəsində işləmişdir. 2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur. 2021-ci ildə Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2020-ci ildə Avropa Şurası Parlament Assambleyasının Əlillik, Çoxluq və Diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini, 2022-ci ildə Qərbi Azərbaycan İcması gənclər şurasının üzvü, Beşinci, Altıncı və Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Hal-Hazırda Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədr müavini, Milli Məclisin İnsan hüquqları komitəsinin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Hesablayıcı komissiyanın, Asiya Parlament Assambleyasının üzvüdür. Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çili, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Polşa, Türkiyə, Venesuela, Efiopiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.