Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilən, 14.02.1992-ci il tarixdə həmin adla dövlət qeydiyyatına alınan, 05.09.2014-cü ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi” adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Ümumi Yığıncaq, İdarə Heyəti və Müşahidə Şurası kimi idarəetmə orqanları, Nəzarət-Təftiş Komissiyası, Ağsaqqallar, Ziyalılar, Qəyyumlar, Gənclər və Qadınlar şuraları, İcmanın aparatı, yerli nümayəndəliklər, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kənddən, azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulublar. Bu zaman 200 nəfərdən çox soydaşımız erməni şovinistləri tərəfindən öldürülmüş (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox azərbaycanlı isə yaralanmışdır. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılmış və ya talanmış, əvəzi ödənilmədən əllərindən alınmış, mənimsənilmişdir.
1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 minədək ailənin 20 minə qədərinə dəymiş ziyan artıq hesablanıb və hazırda bu işlər davam etdirilir.
Həmin illərdə Qərbi Azərbaycandakı 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması, vəziyyətinin müəyyən edilməsi ilə bağlı sistemli işlər görür.
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İcma öz fəaliyyətində indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün fəaliyyət həyata keçirən və bu fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən, beynəlxalq hüquqa, aidiyyəti dövlətin daxili hüququna, tarixi faktlara əsaslanaraq, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI”nı qəbul etmişdir.
Konsepsiyaya görə İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.
Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi;
Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyanın yerinə yetirilməsində fəallıq və sahiblik göstərən, bu məqsədlə qanuni çərçivədə resursların əldə olunması üçün səylərini davam etdirən təşkilatdır.
Qərbi Azərbaycan İcması son 200 il ərzində etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalaraq ata-baba yurdlarından ədalətsizcəsinə qovulan soydaşlarımızın, onların varislərinin öz doğma yurdlarına geri dönmək hüququ tanınana və bu qayıdış həyata keçənə qədər mübarizəsini davam etdirəcək.