Digər

Ermənistan-Azərbaycan münaqişəsi

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər.

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.

Münaqişənin başlanğıcı       

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər). Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarıb və bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc şəhid olub. Martın əvvəlində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan “Qarabağ” təşkilatı maneəsiz şəkildə Yerevanda, “Krunk” təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.

İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib. İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.

SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar və terrorçular peyda olmuşdu. Belə bir şəraitdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılan Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi.

1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatının qalib gəlməsi nəticəsində respublikada müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldərək problemi öz məqsədlərinə uyğun, güc yolu ilə həll etməyə üstünlük verdi. Məhz bu səbəbdən Ermənistan danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və bundan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanmağa çalışıb.

İstər müharibə ərəfəsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı olub. Lakin o dövrdə Azərbaycan siyasi elitasının fəaliyyətsizliyi, respublikada siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün xalqın iradəsini, prinsipial mövqeyini görən, əhalini vahid məqsəd uğrunda səfərbər edə bilən uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərdi.

Davamı ...