İdarə Heyəti – QAİ-nin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti sədrdən və iki müavindən və üzvlərdən ibarətdir. İdarə Heyətinin sədri, onun müavinləri və şura üzvləri Ümumi yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. İdarə Heyətinin sədri Əziz Ələkbərlidir.
Əziz Yusif oğlu Ələkbərli - (5 oktyabr 1960, Qərbi Azərbaycan, Vedi, Qaralar) - Əziz Ələkbərli 1991–1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993–1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997–1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur. 1996–1997-ci illərdə "Xalq qəzeti" qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru vəzifəsində çalışır və Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biridir. Həmçinin "Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun üzvüdür. 2012-2014-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, 2014-2022-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olmuşdur. 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmişdir, Milli Məclisin Əmək və sosial siyasət və Mədəniyyət komitələrinin və Toponomiya komissiyasının üzvüdür. 2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilmiş və Əziz Ələkbərli İcmanın İdarə Heyətinin sədri seçilmişdir.
İdarə Heyətinin sədrinin müavinləri
Hikmət Baba oğlu Məmmədov - (17 aprel, 1966, Qərbi Azərbaycan, Amasiya, Göllü) - 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Fəlsəfə Doktoru 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzdində Dövlət İdarəçilik Akademiyasının rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri olub. 2018-ci ildən hal-hazıradək Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.
Ramil Sahib oğlu Həsən - (23 sentyabr, 1978, Qərbi Azərbaycan, Qafan) - 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd olmuşdur. O, seçkilərdə ümumi səslərin 52,2 %- ni toplayaraq deputat seçilmişdir. Hal-hazırda Ramil Həsən Milli Məclisin Gənclər və idman komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. İspaniya, İtaliya, Qətər, Moldova, Özbəkistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramil Həsən 2005-ci il tarixində Siyavuş Novruzovun ardınca Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2-ci sədri seçilmişdir. O, bu vəzifəni 2011-ci ilədək daşımışdır.