Ağsaqqallar Şurası – QAİ-nin məşvərətçi kollegial qurumudur. Ağsaqqallar Şurası sədr, onun iki müavinindən və üzvlərdən ibarətdir. Ağsaqqallar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Ağsaqqallar Şurasına Əhliman Əmiraslanov rəhbərlik edir.
Əhliman Tapdıq oğlu Əmiraslanov - (17 noyabr 1947, Qərbi Azərbaycan, Basarkeçər, Zod) - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. Əməkdar elm xadimidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. SSRİ Dövlət mükafatı laureatıdır. SSRİ TEA-nın akademik Petrov adına mükafatına və akademik Bloxin adına qızıl medalına, Polşa TEA-nın Albert Şvaytzer mükafatına və Böyük qızıl medalına, Rusiyanın «Millətin intellekti» beynəlxalq mükafatına, «Akademik Mustafa Topçubaşov» fəxri döş nişanına layiq görülmüşdür. Ümumdünya Onkoloqlar, Ortoped-Travmotoloqlar Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvüdür. 1992– 2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuşdur. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri və həmin universitetin Onkoloji Klinikasının ictimai əsaslarla direktorudur. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Monteneqro, Niderland, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və komissiya sədridir.
Ağsaqqallar Şurası sədrinin müavinləri
Vaqif Bilas oğlu Şadlinski (24 yanvar 1940, Qərbi Azərbaycan, Vedi) - Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. Azərbaycan Dövlət Tibb İnstitunun stomatologiya fakültəsini bitirmişdir (1968). İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən Vaqif Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin (bundan sonra ATU) Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla çalışmışdır. Vaqif Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin, 2021-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. 1999-cu ildə UNESCO nəzdində fəaliyyət göstərən Kadrlar Akademiyasının anatomiya professoru, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2009-cu ildə Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vaqif Şadlinski 2000-ci ildə Əməkdar həkim, 2010-cu ildə Əməkdar elm xadimi fəxri adlarına, 2020-ci ildə "Şöhrət" ordeninə, 2022-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. Vaqif Şadlinski 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən Albert Şveytser adına Gümüş medalı, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının qızıl medalı, 2010-cu ildə Avropa Elmi Cəmiyyətlərinin Rəyasət heyəti tərəfindən elm sahəsinə əvəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın Fəxri Alimi diplomu və Robert Kox adına medalı, 2020 Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsi tərəfindən "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalı, "Dədə Qorqud" Milli Fondu tərəfindən "Vətən Övladı" ordeni ilə təltif edilmişdir. 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"nın müəllifidir.
Eynəddin Hüseyn oğlu Məmmədov - ( 13 sentyabr 1939, Qərbi Azərbaycan, İrəvan) - Eynəddin Məmmədov Kirov adına orta məktəbini bitirmiş, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almış və 1961-ci ildə məzun olmuş, təyinatla Qasım İsmayılov (Goranboy) rayonunun Cinliboluslu kəndində 3 il müəllim işləmişdır. Gəncəyə valideynlərinin yanına yerləşdikdən sonra şəhərdəki dövlət tarix-diyarşünaslıq muzeyinin baş elmi işçisi, şöbə müdiri olmuşdur. Eynəddin Hüseyn oğlu 1966-cı ildən etibarən taleyini Azərbaycan Dövlət Aqrar Universitetinə (o zamankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutu) bağlamışdır. Burada "Kadr uğrunda" çoxtirajlı qəzetin baş redaktoru, partiya komitəsi katibinin müavini, dillər kafedrasının müəllimi, dosenti, sonradan uzun illər kafedra müdiri işləmişdir, hazırda kafedranın professorudur. Yüz əllidən artıq elmi, publisistik, metodiki və müxtəlif yönlü məqalənin, portret-oçerkin, tədris proqramının, 15 dərsliyin, dərs vəsaitinin, lüğətin, habelə "Dramaturgiyamızda ənənə və novatorluq" (Bakı, Yazıçı, 1985, 200 s.), "Həyat nəfəsli nəsr" (Bakı, Yazıçı 1988, 232 s.), "Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının qəhrəmanlıq tarixindən" (Ramiz Quliyevlə birgə; Bakı, "Qanun", 2008, 302 s.) və Qarabağ müharibəsində Azərbaycan Dövlət Aqrar Universitetindən şəhid olmuş, əlil qayıtmış, yaxud qəhrəmanlıq nümunələri göstərmiş müəllim, tələbə və məzunların taleyindən bəhs edilən "Ölməzlik" (Bakı, "Qanun", 2009, 342 s.), Kamillik zirvəsi. Sabir Tağıyev - 80. (Bakı, MBM-2011. 12, 75c. v.) monoqrafiya və kitabların müəllifidir. Gəncə Ağsaqqallar Şurasının həmsədri, şəhər İcra Hakimiyyətinin nəzdində Nizami Gəncəvi, habelə şəhər tarixi və mədəni abidələri komissiyalarının üzvüdür.