Qadınlar Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Qadınlar Şurası sədr, onun iki müavinindən və üzvlərdən ibarətdir. Qadınlar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Qadınlar Şurasına Məlahət Həsənova rəhbərlik edir.
Məlahət İbrahim qızı Həsənova - (25 aprel 1958, Qərbi Azərbaycan, Basarkeçər, Kiçik Məzrə) - Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda Milli Məclisin deputatı seçilmişdir. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.
Qadınlar Şurasının sədrinin müavinləri
Aytən İxtiyar qızı Sultanova – (20 iyul 1979, Ata yurdu: Qərbi Azərbaycan, Meğri, Lehvaz) - 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Akademik Z.Əliyeva adına Elmi-tədqiqat Göz Xəstəlikləri İnstitutunda həkim-oftalmoloq üzrə internatura kursunu keçmişdir. AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 30.11.2010 tarixində Tibb üzrə fəlsəfə doktoru, 26.05.2017 tarixində Tibb üzrə elmlər doktoru elmi dərəcələri, 27.09.2019 tarixində Göz xəstəlikləri üzrə Dosent elmi adı verilmişdir. 2003-2017-ci illərdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində böyük laborant, böyük elmi işçi, “konsultativ poliklinikanın” şöbəsinin rəhbəri, baş həkim vəzifələrində işləmişdir. 2017-2022-ci illərdə Bakı şəhərində “Caspian İnternational Hospital”da Baş direktor müavini, Baş direktor vəzifələrində işləmişdir. 2022-2024-cü illərdə “Məlhəm Beynəlxalq Hospital”da Baş həkimin müavini vəzifəsində işləmişdir. 2024-cü ilin iyun ayından “Universal Hospital”ın Baş həkim vəzifəsində çalışır.
Telli Pənahqızı Əliyeva - (24 may 1954, Qərbi Azərbaycan, Vedibasar, Böyük Vedi) - Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. Telli Pənahqızı Azərbaycan "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Azərbaycan "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H.B.Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür.