Gənclər Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Gənclər Şurası sədr, iki müavindən və üzvlərdən ibarətdir. Gənclər Şurası sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Gənclər Şurasına Ramin Məmmədov rəhbərlik edir.
Ramin Ələmşah oğlu Məmmədov - (17 fevral 1979, Ata yurdu: Qərbi Azərbaycan, Basarkeçər rayonu, Aşağı Şorca kəndi) - Ağdərə rayonunda anadan olub. 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib. 2009-2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb. Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunub. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. O, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Türkiyə, Serbiya, Bolqarıstan, Tailand parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Ramin Məmmədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (ASEAN) üzvüdür. Deputat “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.
Gənclər Şurası sədrinin müavinləri
Kamal Xaqani oğlu Cəfərov - (15 dekabr 1989, Qərbi Azərbaycan, Basarkeçər, Kərkibaş) - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını, London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirmişdir. İngilis, rus və fransız dillərini bilir. 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Hüquqi təminat şöbəsində aparıcı məsləhətçi, Beynəlxalq və ictimai əlaqələr şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, sektor müdiri işləmiş, hərbi xidmət keçmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Katibliyinin böyük məsləhətçisi, 2016–2020-ci illərdə isə katibi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Fransa, İtaliya, Lüksemburq, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Amin Tağıyev Azər oğlu - (20 may 1998, Ata yurdu: Qərbi Azərbaycan, Çəmbərək, Ardanış) - Bakı şəhərində doğulub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında “İqtisadiyyat” ixtisası üzrə bitirmişdir. Magistr təhsilini Böyük Britaniyanın Koventri Universitetində (Coventry University) “Mühasibat uçotu və maliyyə menecmenti” ixtisası üzrə fərqlənmə dərəcəsi ilə bitirmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantıdır. İspaniyanın Malaqa Universitetində (Universidad de Málaga) Erasmus+ Mobillik Proqramı çərçivəsində tədqiqat işi aparmışdır. 10-dan çox nüfuzlu beynəlxalq sertifikatlarla təltif edilmişdir, 4 beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmiş və 5 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 2021-2022-ci illərdə 62 saylı Saatlı seçki dairəsi üzrə Milli Məclisin deputatı Əziz Ələkbərlinin köməkçisi vəzifəsində çalışmışdır. 2022-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ekspertidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.