Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri kimi, İrəvan şəhərində sənətkarlıq və tətbiqi sənət xüsusilə inkişaf etmişdi. Hələ orta əsrlərdən etibarən İrəvanda şəhərlər üçün xas olan bütün infrastruktur yaranmışdı. İrəvan şəhəri müharibələr və zəlzələlər nəticəsində dəfələrlə yerlə yeksan edilsədə, qısa müddət ərzində yenidən bərpa edilmişdi. Şəhərin əlverişli coğrafi mövqeyi, onun Şərqdən Qərbə və əksinə gedən ticarət yollarının üzərində yerləşməsi orada çoxsaylı karvansaraların, məscidlərin, bazarların, zərbxanaların meydana gəlməsinə səbəb olmuşdu. Ərzurum yolu adlanan ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvana bağlayan karvan yolu idi. İrəvandan Tiflisə gedən digər karvan yolu isə Trabzon limanına qədər uzanırdı.
İrəvan şəhərində böyük sənətkarlar zümrəsi formalaşmışdı. Şəhərdə toxuculuq, dulusçuluq, dabbaqlıq, çəkməçilik və papaqçılıq kimi sənətkarlıq sahələri xeyli inkişaf etmişdi. Dərzilik, zərgərlik, dəmirçilik və misgərlik də inkişaf etmiş sahələrdən idi. Azərbaycanın inkişaf etmiş şəhərlərində olduğu kimi, İrəvan şəhərində də əsnaflar sex (emalatxana) təşkilatlarında birləşirdilər.
Rus tarixi-statisti İ.Şopenin şəhərin işğalından sonrakı dövrə aid verdiyi məlumata görə, İrəvanın Dərəkənd hissəsində, Zəngi çayının sahilində dəri emalı emalatxanarı fəaliyyət göstərirdi. Üstəlik həmin emalatxanalarda Bəyaziddən və Makudan gətirilən dərilər emal olunur və satışa çıxarılırdı. Müəllifin yazdığına görə, XIX əsrin əvvəllərində İrəvan şəhərində ildə 4 min iribuynuzlu, 25 min xırdabuynuzlu heyvanların dəriləri emal edilirdi. Həmin dövrdə İrəvanda təkcə dəri istehsalçılarının 32 köşkü mövcud olmuşdur.
İrəvan xan sarayının və digər memarlıq abidələrinin bəzəyən rəngli şüşələr şəhərin özündə istehsal olunurdu. İrəvanda 7 rəngdə – moruğu, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı rənglərdə şüşələr istehsal edilirdi. Lakin rus qoşunlarının şəhərə hücumu zamanı şüşə zavodu dağıdılmışdı.
İrəvan dülgərləri böyük Asya pəncərələri düzəltməkdə ad çıxarmışdılar. Onların düzəltdikləri pəncərələrin kənarları çoxsaylı naxışlarla bəzədilir, kaleydoskopda göründüyü kimi, müxtəlif rəngli şüşələr gözəl rəsm əsərini xatırladırdı.
İrəvanda boyakarlıq sənəti xüsusilə inkişaf etmişdi. İrəvan şəhərinin və onun yerləşdiyi ərazinin zəngin florası təbii boyaq maddələrinin alınması rəngarəng parçaların istehsalına və həmin məhsulların ticarət yolları ilə xarici bazarlara çıxarılmasına şərait yaradırdı. İrəvanda boyakarlıqla məşğul olan sənətkarlar məhəlləsi Şiləçi məhəlləsi adlanırdı. İ. Şopen boyaqçıların məhsulları göy rəngində, şiləçilərin isə qırmızı rəngə boyadıqlarını, digər rənglərdə boyamağın isə sərbəst olduğunu yazır. Boyaqçılar pambıq parçanın üzərinə müxtəlif naxışlar vurur, at, əjdaha şəkillərini həkk edir, süfrələrin üzərində isə boşqab, çəngəl, qaşıq təsvirlərini basırdılar.
Rusiya işğalından sonra azərbaycanlı sahibkarların bir çoxu şəhəri tərk etdiklərindən, boyakarlıq məhsullarının istehsalına tələbat da azalmışdı. Rus tədqiqatçısı A.Erisov İrəvanda olarkən qızmar günəş altında boyakarlıqla məşğul olan iki müsəlmanın taxtadan düzəldilmiş basmaqəliblə parçanı necə rənglədiklərini təsvir etmişdir.
İrəvan xanlığının ərazisində hər bir ailədə toxuculuq dəzgahı mövcud idi. Qadınların əyirdikləri saplardan ailənin ehtiyacına görə pambıq parça toxunurdu. İrəvan xanı hər bir toxuculuq dəzgahından bir qədər pambıq parça vergisi tuturdu.
İrəvanda əsasən qırmız böcəyindən alınan və rusdilli mənbələrdə “koşenil” adlanan boyaq maddəsinin müxtəlif növlərindən geniş istifadə edilirdi. Bu boyaq maddəsi haqqında xüsusi tədqiqat aparan Rusiya elmlər akademiyasının akademiki Qammel İrəvan qırmızını yararlılığına görə Meksika qırmızı ilə müqayisə edirdi.
İrəvanda ipəkçilik sənayesi də inkişaf etmişdi. Basmanaxışlı parçalar daha çox istehsal edilirdi. Bu qəbildən olan parçalar üzrəində bitkilər aləminin realist motivləri, xüsusən də bir-birinə sarınmış şəkildə güllər və çiçəklər öz əksini tapırdı. Basmanaxışlı parçalar adətən 2-3 zolaqdan ibarət olurdu. Ornamentlərlə bəzədilmiş bu zolaqlar al-əlvan və qırmızı xətlərdə bir-birbirindən ayrılırdı. Basma naxışlar həmçinin dulusçuluq məmulatlarında da tətbiq edilirdi.
Xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də bədii tikmədir. İrəvan xanlığı dövrünün bədii tikmə nümunələrindən 2-si hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi.
Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmən bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi.
1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarixi Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart (tuğ), digər üçü isə kitabda “Знамена персидских пехотных полков” (İran piyada alaylarının bayraqları) adı ilə qeyd olunan bayraqlardır.
Bu bayraqlar hazırda Azərbaycan Milli Tarix Muzeyində 461 və 1473 №-li inventarlar altında saxlanılır. Həmin bayraqlar bədii tikmənin nadir və zəngin nümunələri hesab olunurlar. İrəvan sərdarına məxsus üçkünc bayrağın (standartın) qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində şir və Günəş (şiri-xurşid) təsvirləri qurama üsulu ilə tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur. Şir quyruğunu belinə qatlanmış, sağ qabaq pəncəsini qaldırılmışdır. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları sarı sapla tikilmişdir. Şirin arxasından yarımdairə formasında çıxan insan sifətli Günəş sarı mahud parçadan quranmışdır. Günəşin burnu və qaşları qara, gözləri isə qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilmişdir. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş quranmışdır. Şirin quyruğu yanındakı kartuşda ərəb dilində “Mən qanuna (şəriətə) uyğun hərəkət edirəm”, digərində isə “Kömək Allahdandır, yaxın qələbə” sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını bayrağın sapına taxmaq üçün tikilmiş torbacıq yaşıl mahud parçadandır. Bayraq sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin bayraq 1825-1826-cı illərdə (hicri 1241) hazırlanmışdır.
İrəvan xanlığının digər bayrağının qumaş hissəsi (ölçüləri: 156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngini almışdır. Muzeyə qəbul edilərkən tərtib edilən elmi pasportdakı qeydə əsasən həmin bayraq ağ rəngdə olmuş dördkünc qanovuz parça quranmış, ortasında üstündə təbii boyalarla şir və günəş (şiri-xurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir.
Şirin arxasında doğan sarı rəngli Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda “Əs-sultan ben əs-sultan şah Fəthəli Qacar, 1239” sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda – “Möminləri müjdələ”, solda – “Kömək allahdandır və yaxın qələbə”, yuxarıda sağda – “Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”, solda – “Mərhəmətli, rəhimli Allahın adı ilə” sözləri yazılmışdır.
Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. Bayrağın, xüsusilə sağ tərəfdən parçası zədəlidir. Parçaya bayraq sapını taxmaq üçün tikilmiş torbacıq qırmızı mahud parçadandır. Qarağacdan düzəldilmiş bayraq sapı (uzunluğu 261 sm, kəsikdə diametri 3,8 sm) lakla örtülmüşdür. Sapın aşağı hissəsinə taxılan alt ucluğu dəmirdən konusvari formada düzəldilmişdir (uzunluğu 14,5 sm). Burulmuş gümüşü iplərdən toxunmuş qotaz bayraq sapının başına salınmışdır.
Bayrağın üzərindəki hicri 1239-cu il tarixi onun 1823-1824-cü ilə aid olduğunu bildirir.
İrəvan şəhərində yaradılan və bu günədək gəlib çatan xeyli miqdarda tətbiqi sənət nümunələri, daş və ağac üzərində bədiioyma, döymə metal məmulatları, xalçalar, saxsı qablar və naxıştikmələr mövcuddur. Təəssüf ki, bu cür sənət nümunələrinin böyük əksəriyyəti hazırda Ermənistan ərazisindəki və xarici ölkələrdəki muzeylərdə, digər saxlanc yerlərində ermənilərə məxsus nümunələr kimi nümayiş etdirilir.
XIX əsrin 30-cu illərində İrəvan şəhərində sənətkarlıqla 2318 nəfər məşğul olmuşdur. Onlardan 1436 nəfərini azərbaycanlılar, 468 nəfərini yerli ermənilər, 386 nəfərini isə İrəvana köçürülüb gətirilən ermənilər təşkil edirdilər.
İrəvanda hər bir ustanın demək olar ki, bir, yaxud iki şagirdi olurdu. Şagirdlik adətən 12 yaşından başlanır, təqribən 10 ildən sonra ustalıq məqamına yetişirdi. Usta öz şagirdinə əməkhaqqı deyil, şagirdlik pulu, paltar və yemək verirdi. Ustalıq məqamına yüksəlmiş şagirdin belinə qırmızı kəmər bağlanır, bundan sonra onun əməkhaqqı artırılırdı. Ustalar şagirdlərdən əlavə, işə günəmuzd fəhlələr də götürürdülər. XIX əsrin əvvəllərində İrəvanda 722 usta, 667 şagird çalışırdı.
İ. Şopenin XIX əsrin 30-cu illərində İrəvan şəhərində cəmisi iki rəssamın qaldığını, himayədarlar (mesenatlar) tapılmadığından onların öz istedadlarını reallaşdırmaq baxımından acınacaqlı vəziyyətə düşdüklərini yazır. İ. Şopen İrəvan rəssamlarının öz sənətkarlıq məharətlərini güllərin, quşların təsvirlərində, burma naxışlarda büruzə verdiklərini, onların ucuz qiymətə müəyyən mərasimlər üçün peyzajlar, ov səhnələri, portretlər çəkdiklərini yazır. Bununla belə, İ. Şopen İrəvan rəssamlarının əsərlərindəki təravəti və aydın koloriti sevməməyin mümkünsüzlüyünü qeyd edir.
İrəvanda mövcud olan tətbiqi sənət növlərinə Təbriz miniatür və xalçaçılıq məktəblərinin böyük təsiri olmuşdur.
XIX əsrdə Qərbi Avropa və Rusiya bədii yaradıcılığının mütərəqqi ənənələri Azərbaycan sənətkarlarının yaradıcılığına da öz təsirini göstərmişdir. Yeni meyllər ilk növbədə rəssamların iş üslubunda və təsvir formasında özünü biruzə verirdi. Şimali Azərbaycan təsviri sənətində realist meyllər XIX əsr rəssamlığının görkəmli nümayəndələrindən sayılan Mirzə Qədim İrəvaninin yaradıcılığında da öz əksini tapmışdır.
Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) hesab edilir. İrəvanda varlı sənətkar ailəsində doğulan Mirzə Qədimdə rəssamlığa və bəzək işlərinə olan həvəs hələ gənc yaşlarından yaranmışdı. O, taxta üzərində oyma işləri aparan atası Məhəmməd Hüseyndən bu sənətin incəliklərini öyrənmişdi. Mirzə Qədim Tiflisdə gimnaziyada təhsil aldıqdan sonra İrəvana qayıtmış, ömrünün sonunadək teleqrafçı işləmişdir. O, fars, rus, fransız dillərini də mükəmməl öyrənmişdir. Həmçinin Mirzə Qədim İrəvaninin zəngin kitabxanası olmuşdur.
Mirzə Qədim İrəvani irsini tədqiq edən akademik Rasim Əfəndi qeyd edir ki, Mirzə Qədim rəssamlığın bir çox sahələrində fəaliyyət göstərən sənətkarlardan olmuşdur. O, portret və ornamental kompozisiyalar sahəsində xüsusilə böyük məharət göstərmişdir. Onun şüşə, dəri, parça üzərində işlənmiş əsərləri Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir. Mirzə Qədim ilk əsərlərini şüşə üzərində çəkməyi sevirmiş. Bunlar da əsas etibarilə gənc qadın portretləri olmuşdur. Gənclik illərində Mirzə Qədim yerli təkəlduzçular üçün nümunə- ornamental çeşnilər də hazırlayırdı. Zəmanəmizədək qalmış bu tipli çeşni nümunələri göstərir ki, Mirzə Qədim Azərbaycan ornament sənətini dərindən bilən sənətkar olmuşdur.
Onun ornamental çeşniləri orijinal kompozisiyası və müxtəlifliyi ilə diqqəti cəlb edir. Mirzə Qədimin divar boyakarlığı üçün yaratdığı ornamental çeşniləri də məlumdur. Bu tipli ornamental çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edirdi. Canlılar aləmindən götürülmüş motivlər içərisində bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolları, qızılgül, nar gülü əsas yer tuturdu.
Bu baxımdan Mirzə Qədimin hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan qızılgül şaxəsi üzərində oturan bülbül rəsmi xüsusilə diqqəti cəlb edir. Bu motiv Mirzə Qədim yaradıcılığında müxtəlif kompozisiya və ayrı-ayrı materiallar üzərində (şüşə, dəri, parça, kağız) dönə-dönə təkrar olunmuşdur.
XIX əsrin 50-ci illərində baxımsızlıq üzündən yarasız hala düşən, nəmişlikdən divar rəsmləri korlanan, karniz və tavanın güzgüləri qopub tökülən Xan sarayında qismən də olsa bərpa işləri aparılmışdır. 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirmişdir. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etmişdir. Görünür, rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Tədqiqatçı N.Miklaşevskaya qeyd edir ki, Mirzə Qədim İrəvani Sərdar sarayı üçün 2m x1 m ölçülərində bir neçə böyük portretlər çəkmişdir. N Miklaşevskaya kətan üzərində yağlı boya ilə çəkilmiş portretləri mahiyyət etibarilə Azərbaycan dəzgah rəssamlığının ilk əsərləri hesab edir. Tədqiqatçı qeyd edir ki, 1914-cü ildə Sərdar sarayı dağıdılan zaman həmin portretlər divarlardan qoparılmış, Tiflisə aparılmış və hazırda Gürcüstanda muzeydə saxlanılır.
Bu portretləri Azərbaycan incəsənəti tarixində yağlı boya ilə çəkilmiş ilk əsərlərdən saymaq olar. Hazırda Mirzə Qədimin 23 əsəri məlumdur. Onun sulu boya və qələmlə çəkilmiş 20 ədədi Bakıda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş olunur. Mirzə Qədimin əsərlərinin gözəl xüsusiyyətlərindən biri ondadır ki, onların əksəriyyətində müəllifin imzası vardır.
Rəssamın hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan bir əsəri olduqca diqqətəlayiqdir. Bu əsər qovluqşəkilli bir hədiyyədir. Qovluğun içərisində sağda güzgü bənd edilmiş, sol tərəfinə isə bir kişi portreti çəkilmişdir. Portretin altındakı yazıdan (“General Karvilin üçün”) bəlli olur ki, Mirzə Qədim bu əsərini o vaxtlar Qafqazda olan bir rus generalına hədiyyə etmişdir Ornamental bəzəklər qovluğun alt və üst qabığında yerləşdirilərək dəbdəbəli bir xalça kompozisiyasını andırır. Bu ornamental kompozisiyanın ən gözəl hissəsini onun geniş ara sahəsində yerləşən bəzəklər təşkil edir. Burada şəffaf boyalarla, süsən və qızılgüldən böyük bir dəstə, onun da üzərində bülbül təsvir edilmişdir.
Təəssüf ki, Mirzə Qədim İrəvaninin əsərlərinin böyük bir qismi günümüzədək gəlib çatmamış, İrəvanda qalan irsi isə erməni vandalları tərəfindən məhv edilmişdir.
İrəvan xanlığında müxtəlif dekorativ sənət növləri arasında xalçaçılıq xüsusi yer tuturdu. Bunların bir qismi əhalinin şəxsi ehtiyaclarını ödəmək, bir qismi də xarici bazarlara çıxarmaq üçün toxunurdu. Xalça, kilim, palaz, şəddə və s. toxumaq ermənilərin milli mentalitetinə yad xüsusiyyətdir. XIX əsrin əvvəllərindən etibarən İrəvan şəhərinə köçürülərək gətirilən ermənilər əsasən ticarətlə məşğul olur, pinəçilik və bərbərlik edirdilər. Digər tərəfdən, ermənilər əsasən donuzçuluqla, azərbaycanlılar isə qoyunçuluqla məşğul olurdular. Ona görə də toxuculuq və xalçaçılıq sənəti məhz azərbaycanlı mühitində bərqərar olmuşdu. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltar, əlcək, corab toxuduğunu qeyd etmişlər.
İrəvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.), və xovsuz (palaz, kilim, cecim, sumağı, zili və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçaların üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar, çox zaman onun toxunma ili və toxuyanın adı öz əksini tapırdı.
İrəvan şəhərinin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır.
İrəvan xalçalarının özləri də ornamentli və süjetli xalçalar olaraq iki qrupa bölünürdü. Xüsusi kolorit zənginliyi və naxış rəngarəngliyi ornamentli xalçalara xas idi və onlar daha çox toxunurdu.
Qarabağ və Təbriz xalçaçılıq məktəbinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni kolleksionerlərinin malına çevrilmişdir. Bu gün “Yerevan xalçası”, yaxud “erməni xalçası” adı altında dünya bazarlarına çıxarılan xalçaları azərbaycanlı ilmə ustaları toxumuşlar.