İrəvanda Azərbaycan mətbuatı tarixindən

XlX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-siyasi, ədəbi-bədii fikri, elmi-nəzəri düşüncəsi maarif və mədəniyyəti tarixində yeni bir milli intibaha geniş yol açdı.Yeni dövrün bəxş etdiyi bu imkan sayəsində Azərbaycan ictimai, ədəbi-mədəni həyatında bir sıra əlamətdar hadisələr baş verdi ki, bunlardan da biri böyük alim, maarifçi Həsən bəy Zərdabinin dörd illik mübarizəsi nəticəsində onun redaktorluğu ilə 1875-ilin iyun ayının 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü görməsi idi. Milli mətbuatımızın ilk bünövrəsi olan "Əkinçi" qəzetinin mövcudluğu dövründə cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, xalqımızın mədəni, ictimai-siyasi tərəqqisinə, maarifçilik ideyalarının təbliğinə, milli özünüdərkin formalaşmasına böyük təsir göstərmişdir. "Əkinçi"nin uğurlu fəaliyyəti qısa zaman ərzində onun yayılma arealını daha da genişləndirmiş, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinə və azərbaycanlılar yaşayan bir çox bölgələrə də gedib çatmışdır. İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni həyatın önündə gedən, ədəbi-bədii sözün görkəmli xadimləri Məşədi İsmayıl Hacı Kazımzadə "Bəzmi" (1846-1888), Mirzə Kazım Əsgərzadə Axund Əhmədov "Mütəlle", (1832-1892), Hacı Seyid Rza Əmirzadə "Sabir" (1906), Məhəmmədəli bəy Məşhədi Əsədulla bəy oğlu Vəliyev (1831-1892) kimi şair və ziyalılar "Əkinçi"nin İrəvan üzrə təmsilçiləri olmaqla yanaşı, həm də müxtəlif janrlarda yazdıqları dəyərli bədii nümunələrini onun səhifələrində çap etdirirdilər.

"Əkinçi" nin fəaliyyətinə son qoyulduqdan sonra Tiflisdə meydana çıxan "Kəşkül", "Ziya", "Ziyayi-Qafqaziyyə", "Şərqi-Rus", Bakıda nəşr edilən "İrşad", "Təkamül", "Fiyuzat", "Həyat", "İqbal", "Sovqat", "Şəlalə", "Dirilik", "Açıq söz", Şərqin müxtəlif ölkələrində nəşr edilən "Sürəyya" (Qahirə), "Həblül-mətn" (Kəlküttə), "Tərcüman" (Bağçasaray), "Ənkəbud" (Təbriz), "Suri-İsrafil" (Tehran), "Nəsimi şimal" (Rəştdə), "Şeyda", "Əxtər", "Türk yurdu" (Türkiyə), rus dilində çıxan "Zakafkazye", "Kafkazskaya reç" və başqa mətbuat orqanları da İrəvanda yayılmışdı. İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı nümayəndələrindən olan Mirzə Əlixan Şəmsül Hükəma "Ləli" (1845-1907) "Şərqi-Rus", Mirabbas Mirbağırov "İrşad", Mirzə Cabbar Əsgərzadə "Molla Nəsrəddin", "Kafkaz", "Məzəli", "Kəlniyyat", "Babayi-Əmir", "Zənbur", Əli Məhzun Rəhimov " Molla Nəsrəddin", Mirzə Naseh İrəvani "Yeni İrşad", "Tuti", Mirzə Cabbar Məmmədov "Yeni iqdam" və s. mətbuat orqanlarının İrəvan üzrə ən fəal müxbirləri olmaqla yanaşı, həm də həmin qəzet və jurnalların bölgədə geniş oxucu auditoriyasına çatdırılmasında böyük rol oynamışdılar. İrəvanda Azərbaycan mətbuatının, ictimai-siyasi, bədii fikrinin aparıcı simaları Mirzə Cabbar Əsgərzadə, Mirməhəmməd Mirfətullayev, Əli Məhzun, Axund Məhəmmədbağır Qazızadə, Mirabbas Mirbağırov, Abbas Razi Məmmədzadə, Mirzə Cabbar Məmmədzadə və burada yaşayıb-yaradan, Cənubi Qafqazda ana dilində ilk dərsliklərin müəllifləri olan İrəvan ziyalıları da doğma dilimizdə qəzet, jurnal yaratmağın vacibliyini dərk edir və bu ideyanı gerçəkləşdirmək üçün ciddi səy göstərirdilər. Bunu həm də mövcud dövrün ədəbi-mədəni, ictimai-siyasi proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi.İrəvanda belə bir qəzetin nəşrinə ilk dəfə Mirzə Cabbar Əsgərzadə təşəbbüs edir və uzun illər həyata keçirmək istədiyi bu arzusunu gerçəkləşdirməyə nail olur. 1914-cü ilin fevral ayının 22-də İrəvanın tanınmış ziyalıları Mirzə Cabbar Əsgərzadənin redaktorluğu, Mirfətulla Mirfətullayevin naşirliyi ilə İrəvanda Azərbaycan dilində ilk mətbuat orqanı olan "Lək-lək"in birinci nömrəsi işıq üzü görür.

Cəmi beş ay nəşr edilmiş "Lək-lək" məcmuəsi elə həmin ildə 1914-cü ilin iyun ayının 30-da özünün sonuncu 12-ci nömrəsində bir sıra səbəblər üzündən bir daha çıxmayacağı və gələcəkdə daha mükəmməl, böyük həcmli jurnalla əvəz ediləcəyini elan etməsinə baxmayaraq, jurnal bir daha nəşr edilməmişdir. "Lək-lək" də "Molla Nəsrəddin" kimi səkkiz səhifəlikdir. "Lək-lək"in cəmi beş ay ərzində işıq üzü görən nömrələrini ardıcıl izlədikdə onun "Molla Nəsrəddin"nin ideya və dəst-xəttinə sadiq qaldığı bir daha aydın olur.

"Lək-lək"in nəşri dayandırıldıqdan sonra şair və publisist Əli Hacı Zeynalabdinzadə Rəhimovun ("Məhzun") müdirliyi, mühərrirliyi və İrəvanın tanınmış maarif fədailərindən olan Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci yanvar ayının 7-də "Bürhani-həqiqət" adlı yeni bir məcmuə işıq üzü görmüşdür. Bu jurnalın səhifələrində Mirzə Cabbar Məmmədzadə, Mirzə Cabbar Əsgərzadə, Əli Məhzun və başqaları çıxış etmişlər. Jurnalın səhifələrində osmanlı şairlərindən Tofiq Fikrətin və Təhsin Nahidin əsərlərinə də rast gəlinir. "Lək-lək" kimi "Bürhani-həqiqət"in də ömrü uzun sürməmişdi. Jurnalda Əli Məhzunun bir neçə satirik şeirləri də özünə yer tapmışdır. "Bürhani-həqiqət"in səhifələrində dərc olunmuş bu əsərlərdə mövcud dövrün problemlərinə, siyasi, sosial-mədəni hadisələrinə bədii sənət dili ilə münasibət bildirilmişdir. "Lək-lək" kimi "Bürhani-həqiqət"in də ömrü uzun sürməmişdi. Elə həmin ildə 1917-ci ilin iyun ayının 29-da cəmi 9 nömrəsi işıq üzü görən "Bürhani-həqiqət"in də fəaliyyəti dayandırıldı.

"Bürhani-həqiqət" məcmuəsinin nəşri dayandıqdan sonra İrəvanda Azərbaycan mətbuatının olması haqqında professor Nazim Axundov "Azərbaycanda dövri mətbuat (1832-1920)" adlı biblioqrafik məlumat kitabında 1920-ci ildə İrəvanda "Cavanlar şurası" adlı qəzetin azərbaycanlı ziyalıların milli şurası tərəfindən nəşr olunduğunu qeyd edir. Tədqiqatçı-alim İsrafil Məmmədov isə İrəvanda "Cavanlar şurası" adlı mətbuat orqanının 1920-ci ildə deyil, 1917-ci ildə işıq üzü gördüyünü bildirir. İsrafil Məmmədovun "Cavanlar şurası"nın nəşri ilə bağlı verdiyi məlumat daha inandırıcıdır. Çünki 1918-1920-ci illərdə ermənilərin İrəvanda və eyni zamanda azərbaycanlılar yaşayan bölgələrdə soydaşlarımıza qarşı törətdikləri qətliamlar zamanı azərbaycanlı əhalinin bir qismi qətlə yetirilmiş, bir qismi isə qəddarcasına qətlə yetirilməkdən xilas olmaq üçün Azərbaycana və müxtəlif ölkələrə köçməyə məcbur olmuşdular. 1918-1920-ci ildə İrəvanda və eləcə də yerlərdə barmaqla sayıla biləcək qədər adam qalmamışdır. Bu baxımdan 1920-ci ildə İrəvanda "Cavanlar şurası" adlı qəzetin nəşr edilməsi həqiqəti əks etdirmir.

1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Hakimiyyət başına kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklardan daha məkrli, daha siyasətbaz adamlar gəldi. Onlar özlərinin anti-türk siyasətini bolşevik maskası altında daha incə üsullarla həyata keçirməyə başladılar. Amma iqtisadi cəhətdən Azərbaycandan tam asılı olduqları üçün öz çirkin məqsədlərini açıq şəkildə həyata keçirə bilmirdilər. Bunu sosial-siyasi həyatın bütün sahələrində görmək olardı.

 

Bütün respublikalarda olduğu kimi, Ermənistanda da ilk növbədə kommunist-bolşevik mətbuatı yaratmaq məsələsi zəruri idi. Bu səbəbdən də 1921-ci ilin yanvar ayının 7-də İrəvanda Azərbaycan dilində "Kommunist" qəzeti nəşr edilməyə başlandı. "Kommunist" qəzeti 1921-ci ilin yanvar ayının 7-dən fevral ayının 8-nə qədər nəşr olunmuşdur. Qəzetin redaktoru isə Həmid Qənizadə idi. 1921-ci ilin fevral ayının 9-da erməni daşnakları İrəvanda yenidən tüğyan edərək, terror, qətliamlar və total qırğınlar, dağıntılar törədərkən Azərbaycan dilində nəşr olunan "Kommunist" qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır. "Zəngi" qəzeti nəşr olunmasının iki illiyi münasibəti ilə dərc etdiyi "İki bayram" adlı redaksiya məqaləsində yazır: "İrəvanda həftəlik türkcə "Kommunist" qəzetəsi nəşrinə başlandı. Qəzetə bir neçə ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı və bir neçə ay sonra "Rəncbər" qəzetəsi nəşrinə başlandı. O da bir neçə ay davam etdikdən sonra qapandı". Bununla da azərbaycanlı əhali yenidən anadilli mətbuat orqanından məhrum edilir.

"Rəncbər" qəzeti 1921-ci ilin iyun ayında nəşr edilmiş, cəmi 73 nömrəsi işıq üzü görmüşdür. 1923-cü ilin ortalarında onun da nəşri müxtəlif bəhanələrlə əvvəlcə əngəllənmiş, sonra isə dayandırılmışdır. Ermənistanın şovinist dairələri İrəvanda yaşayan azərbaycanlıların qəzet nəşr etdirmək iqtidarında olmadıqlarını bəhanə gətirərək, azərbaycanlı oxucuları uzun müddət milli mətbuat orqanından məhrum etdilər. Halbuki, Ümumittifaq Kommunist bolşevik Partiyası Zaqafqaziya Ölkə Komitəsi və onun mərkəzi orqanı olan "Zarya Vostoka" qəzeti göstərirdi ki, "Azərbaycan mətbuatı öz kəmiyyət və keyfiyyətinə görə Zaqafqaziyada birinci yeri tutur". Çünki 1920-ci ildən Bakıda "Bakinskiy raboçiy" (rus dilində), "Kommunist" azərbaycanca, "Kommunist" (ermənicə) nəşr edilirdi. Bu azmış kimi, 1920-ci ildən Şuşada erməni dilində "Гюхнацакан комунна" (Kəndli komyunnası) qəzeti nəşr edilirdi. Bu iki tutarlı fakta baxmayaraq, yenə Zaqafqaziya ölkə komitəsi İrəvanda və Batumidə Azərbaycan dilində nəşr olunan qəzetlərin nəşrinin dayandırılması haqqında qərar qəbul etmişdi. Uzun onilliklər boyu Zaqafqaziyada mətbuat və kitab nəşrinin erməni məmurlarının inhisarında olması mədəniyyətimizə də ağır zərbələr vurmuşdur. Ermənilər azərbaycanlılara qarşı bütün sahələrdə siyasi-mənəvi terroru hər zaman ardıcıl şəkildə davam etdirmişlər. İrəvanda yaşayan azərbaycanlı əhalinin isə qəzet nəşrinə olan tələbatı gündən-günə artırdı. İrəvan ziyalıları mədəni həyatda köklü dirçəlişin həyata keçirilməsi üçün Azərbaycan dilli mətbuatın yaranmasının zərurət olduğunu aydın şəkildə dərk edirdilər.

Azərbaycanlı ziyalıların, xüsusilə Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Mehdi Kazımovun, Əkbər Rizayevin, Mutuza Muradovun milli və siyasi iradəsi, qətiyyəti, uzun müddətli gərgin mübarizəsi sayəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1924-cü ilin noyabr ayında qəzetin "Zəngi" adı ilə nəşr olunmasına icazə verilir. Zəngi qəzeti bu barədə yazır: "Ermənistanda şura hökuməti qurulduğu zamanlarda İrəvanda "Kommunist", bilaxirə "Rəncbər" adında qəzetlər çıxmaqda idi. Fəqət qəzetlərin davam etdirilməsi üçün ən ziyadə maddi cəhətin olmaması ikinci məsələyə də mane olurdu.Cumhuruyyətimizin təsərrüfatı artmış və bu yolda qazandığımız müvəffəqiyyət Ermənistanda yenidən bir türk qəzetinin çıxmasını meydana atmışdır. Buna ğörə də Ermənistan K (b) P MK əfkari naşiri olmaq üzrə "Zəngi" adında qəzeti nəşrə başlamışdır. Qəzetin fikri və məqsədi yalnız şura türk kəndlərini xəbərdar etmək və qəzalarda olan türklərin yaşamasına yardım etməkdir". Araşdırmalar nəticəsində məlum olur ki, bu qəzetin də nəşrinə 1922-ci illərdə Ermənistanın Xalq Maarif Komissarı, 1924-cü ildən isə EK (b) P MK-nın katibi olmuş Aşot Ohanesyan mane olurmuş. Amma "Zəngi" qəzeti bu haqda yaza bilmirdi. "Zəngi"nin xələfi olan "Qızıl şəfəq" qəzeti bu barədə yazır: " ÜİK (b) P Zaqafqaziya Ölkə Komitəsi millətçi Konturrevolyusioner Aşot Ohanesyanın millətçi fikrini rədd edərək, 1924-cü ildə "Zəngi" qəzeti nəşr etməyi qərara aldı".

"Zəngi" qəzetinin icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç də asan olmamışdır.Qəzetin nəşrini təmin etmək üçün mətbəə, şrift, bir sıra texniki avadanlıqların əldə olunması, işçi qüvvəsinin toplanması, məqalə yazmaq və s. bu kimi meydana gələn problemlərin həll edilməsi günün təxirəsalınmaz ən vacib məsələlərindən idi. Mətbəədə texniki və mütəxəsis çatışmazlığına baxmayaraq, "Zəngi" qəzetinin birinci nömrəsi nəzərdə tutulduğu vaxtda, Bala Əfəndiyevin redaktorluğu ilə 29 noyabr 1924-cü ildə iki səhifədən ibarət ilk sayı işıq üzü gorür. Qəzetin ilk və sonrakı bir neçə nömrəsi Bala Əfəndiyevin, Mustafa Hüseynovun, Əkbər Rizayevin, Murtuza Muradovun böyük səyi və əzmkarlığı ilə araya-ərsəyə gəlmişdir. Onlar bütün qüvvə və bacarıqlarını "Zəngi" qəzetinin vaxtlı-vaxtında, yüksək keyfiyyətlə çıxmasına sərf edirdilər.

"Zəngi" qəzetinin ilk nömrəsinin işıq üzü görməsi münasibəti ilə Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Qəzənfər Musabəyov, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qafar Babayev, Zaqafqaziya Kommunist Universitetində təhsil alan irəvanlı tələbə, sonralar "Sovet Ermənistanı " qəzetinin baş redaktoru olmuş Rza Vəlibəyov və başqaları "Zəngi" qəzetinə təbrik məktubları göndərmişdi. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qafar Babayevin təbrikində deyilirdi:" Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi minlərcə şərqin qapısında yaşayan zəhmətkeş kütlələrin adından "Zəngi" qəzetinin birinci nömrəsinin işıq üzü görməsi münasibətilə səmimi qəlbdən təbrik edir, türk zəhmətkeşləri atasında maarif və mədəniyyətin təbliğində böyük rol oynayacağına əminik".

 

İlk növbədə qəzetçilik ənənəsini formalaşdırmaq, yüksək keyfiyyətli qəzet nəşr etmək, onun yayılma arealını genişləndirmək, oxucu kütləsi ilə təmasını güclədirmək redaksiya heyətinin qarşısında duran ən vacib məsələ idi. Qəzet nəşr olunduğu ilk günlərdən azərbaycanlı oxucularda böyük maraq doğurduğundan "Zəngi"nin ətrafına xeyli sayda müxbirlər, yaradıcı ziyalılar toplaşmağa başlayır. Mövcud dövrün bir sıra ziddiyyətləri ilə dolu olan həmin illərdə müxbirlik etməyin olduqca çətin və məsuliyyətli bir iş olmasına baxmayaraq, qısa zaman ərzində Əli Şabanov, Hüseyn Münşiyev, Kərim Əhmədov, Qulam Fəhradov, Məcid Sultanov, Mehdi Kazımov, Lütfullah Muğanlinski, Qəşəm Şahbazov, Əsgər Əsgərzadə, Məhəmməd Məhəmmədov və başqa ziyalılar qəzetin işində fəal iştirak edərək, onun ən aktiv müxbirlərinə çevrilmişdilər.

Qəzetin keyfiyyətli və qüsursuz, sanballı nəşri üçün təcrübəli mütəxəsis kadrlara isə böyük ehtiyac olduğundan Bala Əfəndiyevin, Mustafa Hüseynovun şəxsi təşəbbüsü və yardımı sayəsində redaksiyanın əməkdaşları peşə ixtisasını artırmaq məqsədilə Moskva, Leninqrad, Xarkov, Rostov və başqa şəhərlərdə nəşr olunan "Pravda", "İzvestiya" kimi qəzetlərin redaksiyalarında iş təcrübəsi kecməyə göndərilirdilər.

Bütün bunlara baxmayaraq, "Zəngi" qəzeti erməni şovinist dairələri tərəfindən məqsədli şəkildə yaradılan problemlərlə üzləşməli olurdu. Qəzetin redaksiyasının binası olmadığından ilk vaxtlar EK ( b) P MK-nın nəzdində yaradılmış "Azsaylı xalqlar şöbəsi"nin idarəsində darısqal bir otaqda yerləşirdi. Redaksiyanın daimi binası olmadığı üçün ünvanlar tez-tez dəyişir, kağız problemi ortaya çıxır, həm də onun abunəçi məsləsi çox vaxt problemə çevrilirdi. "Zəngi" qəzetinin bütün bölgələrdə Ağbabada, Basarkeçərdə, Zəngibasarda, Üçmüəzzində, Vedibasarda, Qaraqoyunluda və digər bölgələrdə müxbir məntəqələri fəaliyyət göstərirdi. Bölgələdə mətbuat yayımı şöbələrinə isə əsasən ermənilərdən təyin edilməsi, qəzetin abunəçilərinə vaxtlı- vaxtında çatdırılmaması azərbaycanlı oxucular və abunəçilər arasında ciddi narazılğa və onların haqlı iradlarına səbəb olurdu. Burada erməni şovinist dairələrinin əsas məkrli məqsədlərindən biri azərbaycanlı oxucunu anadilli mətbuatla canlı təmasdan məhrum etmək idi. Yaradılan bu maneələrə, əngəllərə baxmayaraq, azərbaycanlı oxucular kütləvi şəkildə qəzetə abunə yazılmalarını davam etdirirdilər. Bu isə qəzetin daha məzmunlu və oxunaqlı çıxması üçün onun fədakar kollektivini daha da ruhlandırırdı. Redaktordan tutmuş mürəttibə kimi hamı fədakarlıqla çalışır, əlindən gələni edirdilər ki, qəzet müntəzəm nəşr olunsun. Bunun üçün redaksiya heyəti Bakı, Naxçıvan, Şəki və başqa şəhərlərdən də abunəçilər cəlb edirdi. "Zəngi" qəzeti "Həlli çatmış məsələ" rubrikası adı altında "Şərq qapısı" (Naxçıvan), "Şəki fəhləsi" (Şəki) qəzetlərinin işi haqqında və onları məqalələrini təkrar verirdi. Hər üç qəzet "Gənclər səhifəsi" açaraq bir-biri ilə əlaqə yaradırdılar. Bu ənənəni sonraki illərdə də qəzetlər davam etdirdi. "Zəngi" qəzeti Bakıda "Kommunist", "Yeni yol", Türkiyədə "Cumhuriyyət", "Hakimiyyəti milliyə", Rusiyada "Pravda", Tiflisdə "Zarya vostoka" və başqa şəhərlərdə nəşr edilən müxtəlif qəzetlərdəki aktual məqalələri çap etməklə İrəvan ziyalılarını elm, maarif, mədəniyyət sahəsində, o cümlədən dünyada və müxtəlif ölkələrdə gedən proseslərlə tanış edirdi.

"Zəngi" qəzeti Azərbaycanla əlaqələrə çox böyük önəm verirdi. Qəzet ilk növbədə Naxçıvanda özünə geniş və daimi oxucu auditoriyası tapmışdı. Bakıda Məhəmməd Zəki, Naxçıvanda Qulam Səfərov, Şərurda İbrahim Qazıbəyov, Məhəmməd Abbas Əliyev, Ordubadda Səfa Əylisli, Gəncədə isə Məhərrəm Əliyev qəzetin ən fəal təmsilçiləri idilər. Gəncədə Səməd Vurğun, Cəfər Xəndan da qəzetin abunəçisi olmaqla yanaşı, həm onunyayılmasında da yaxından iştirak edirdilər.