“Qərbi Azərbaycan” etnik-mədəni arealı ümumazərbaycan etnomədəni sisteminin üzvi tərkib hissəsi olsa da, bu termin altında nəzərdə tutulan coğrafi ərazidə – indiki Ermənistan Respublikasında yaşayan soydaşlarımız son iki yüz ildə dəfələrlə deportasiya və soyqırımlara məruz qalmış, əcdadlarımızın minilliklər boyu burada yaratdığı milli-mənəvi dəyərlər qəddarcasına dağıdılmış, acgözcəsinə talanmış, xaincəsinə mənimsənilərək böyük bir hissəsi erməni tarixinə, erməni mədəniyyətinə, erməni folkloruna identifikasiya olunmuşdur.
Bununla belə, Qərbi Azərbaycan folklorunun nəinki şifahi, həm də ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Qərbi Azərbaycan ərazisində müşahidə olunan epiqrafik abidələr və onlarda əks olunmuş folklor motivləri;
2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər;
3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri;
4. Erməni mənbələrində istifadə olunan Azərbaycan folklor obraz, motiv və süjetləri.
Tədqiqatlar sübut edir ki, Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılmışdır ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan əlifba ilə türk dilində qələmə alınmışdır. Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı 3-nün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Artaksi (Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyniməzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır. Loru mahalının Cücəkənd kəndindən tapılan üçüncü yazı isə oradakı “Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar” məzmununda olan atalar sözü folklorşünaslıq baxımından daha böyük önəm daşımaqdadır. Daha bir önəmli yazılı qaynaq Mehri (Meğri) rayonu ərazisində, Nüvədi kəndi yaxınlığındakı Qarqadaşı dağında cızılmış runik türk yazısıdır.
Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər də önəm daşımaqdadır. Onlardan biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı salnamədə Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən söhbət açılır və onun nəslinin ata yurdu kimi Böyük Ağrı dağıyla Kiçik Ağrı dağı arasındakı ərazi göstərilir. Bunu Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq edir.
Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində Əbubəkr ət-Tehrani əl-İsfahaninin “Kitabi-Diyarbəkriyyə”si xüsusi yerə sahibdir. Əsərin müəllifi, Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi olan Qara Yülük Osman bəyin nəsil şəcərəsini araşdıraraq 52-ci babada Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi dövlətin əhatə etdiyi əraziləri sadalayır və nəhayət, onun (Oğuz Xaqanın) Göyçə dənizi ətrafında vəfat etdiyini yazır. Əbubəkr Tehrani Oğuzun nəvəsi Bayandur xan haqqında daha maraqlı məlumat verərək göstərir ki, Bayandur xan “Qarabağ qışlağına və Göyçə dəniz yaylağına” yollanır. Burada böyük qurultay çağırır, çoxlu camaat yığır, əzəmətli məclis qurur, çoxlu qızıl və gümüş, beş yüz naxışlı kəmər və kəmərlərin üstündə qızıl və gümüş qılınclar bəxşiş edir və nəhayət, məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə bölüb “bir neçə gündən sonra Allahın dəvətini qəbul edib”.
Bu söylənənlər Qərbi Azərbaycanın “Oğuznamə”lərin formalaşma və yayılma araealına daxil olduğunu, yerli folklor ənənələrinin, xüsusən də oğuzlarla bağlı əfsanə və rəvayətlərin yazılı qaynaqlar üçün etibarlı mənbə olduğunu göstərir.
Vaxtilə İrəvanda olmuş Jan Taverniye, Jan Şarden, Kerr-Porter, Ceyms Morier, Kameron, Lord Linç və başqa Avropa səyyahları da öz qeydlərində Qərbi Azərbaycanın folkloru barədə məlumat vermişlər. Bunlardan İrəvan bəylərbəyini Çuxursəəd bəylərbəyliyi adı ilə təqdim edən Jan Şarden Şərur sultanlığının, Naxçıvan xanlığının onun tərkibində olduğunu göstərir. Həm də İrəvanda heç bir erməni ailəsinin yaşamadığını bildirir.
Tədqiqatlar sübut edir ki, məlum səbəblərdən Şimali Azərbaycanın hər yerinə səpələnmiş qərbi azərbaycanlıların söz yaddaşını yaşadan folklor informatorları lokal və regional şəraitdən asılı olaraq fərqli coğrafi mühitə düşdüklərindən, ənənəvi məişətdən uzaqlaşır, yaddaşlar getdikcə zəifləyir. Çünki folklor öz regional mühitində funksional ola bilir. Mühitdən qopandan sonra isə o, çox sürətlə passiv fona keçir. Bununla belə, Qərbi Azərbaycandan didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş yerli xalqın kompakt şəkildə yaşadıqları bölgələrə təşkil edilən elmi ekspedisiyalar zamanı hələ də yaddaşlardan silinməyən zəngin materiallar toplanmışdır.
Qərbi Azərbaycan folklorunda tarixi yaddaşın və epik təfəkkürün semantikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar sayəsində aşağıdakılar müəyyən edilir:
– Azərbaycanın bütün bölgələrinin folklorunda olduğu kimi, Qərbi Azərbaycan folkloru da toponimik əfsanələrlə zəngindir və onlar özlərində əski yurd yerlərimizin adlarını əbədiləşdirməklə həmin ərazilərin tarixən türklərə məxsusluğunu birmənalı şəkildə təsdiqləyir.
Qərbi Azərbaycan folklorunun etnoregional xüsusiyyətləri araşdırılarkən müəyyən olunur ki, Qərbi Azərbaycanın yerli əhalisinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şorəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi Azərbaycanın tərkib hissəsi olmaqla bərabər, digər mahallarla da sıx əlaqədə olmuşdur. Böyük ticarət yollarının uzərində olan bu bölgəni Osmanlı dövləti ilə, şimali və cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlamışdır. Şəmşəddin, Qaraqoyunlu, Dilican və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə, məişət baxımından Gəncəbasarın yerli əhalisi ilə, demək olar ki, eyni olması tarixi faktdır.
Tarixən Qarabağ xanlığının tərkib hissəsi olan Zəngəzur mahalı adətlərinə, məişətinə görə Qarabağ türkləri ilə eynilik təşkil etmişdir. Bu ərazinin qərb hissəsi Anadolu türkləri ilə qaynayıb-qarışmış, onlarla sıx əlaqədə olmuşdur. İrəvan, Vedibasar, Gərnibasar, Zəngibasar kimi ərazilərin Güney Azərbaycanın Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılığı, əlaqələri də bir faktdır və s. Bu, istər şivələrdə, istərsə də sənətkarlıq nümunələrində, adətlərdə özünü qabarıq şəkildə göstərir. Zəngin mədəni irsi, folkloru, ədəbiyyatı və musiqisi ilə seçilən bu bölgə bütöv Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ayrı-ayrı bölgələrin keçdiyi tarix, mədəni irs, toponimlər də onun ümum-Azərbaycan tarixi və mədəniyyəti ilə birbaşa bağlılığını göstərir. Coğrafi-siyasi termin kimi ötən əsrin sonlarından etibarən işlənməyə başlayan “Qərbi Azərbaycan” anlayışından törəmə olan “Qərbi Azərbaycan folkloru” anlayışı Azərbaycan folklorşünaslığının yeni istiqamətidir. Həm bütövlükdə Azərbaycan, həm də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi, başqa sözlə, məhəlli variantı olan Qərbi Azərbaycan folkloru Azərbaycan və ümumtürk folkloru kontekstindən araşdırıla bilər və araşdırılmalıdır.
Mühitlə bağlı regional xüsusiyyətlər Qərbi Azərbaycanda qeydə alınmış mərasim folklorunda, adət və ənənələrdə də müşahidə edilir. Məsələn, Novruz ərəfəsi və Novruz bayramı ölkəmizin digər bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geniş qeyd olunub. Əhalinin bu el şənliyinə elliklə qatılması olduqca maraqlı folklor nümunələrinin formalaşmasına gətirib çıxarmışdır.
Öz qədimliyi ilə islamiyyətdən çox-çox əvvəllərlə səsləşən Qurban bayramı da Qərbi Azərbaycanda həmişə böyük təntənə ilə və regional özünəməxsusluqlarla keçirilirdi. Ən qədim mərasimlərdən olan Xıdır Nəbini insanlar bu yaxınlara qədər qoruyub saxlamışdılar, yağışlı havalarda cavanlar qodu-qodu gəzdirirdilər.
Azərbaycanın xalq mahnı və janrlarına daxil olan tırınqı və nanayların musiqi forma xususiyyətlərinin öyrənilməsi ən aktual məsələlərdən biri kimi gündəmdə durur. Onların məzmunu incəsənət janrının bütün növlərində olduğu kimi, forma xüsusiyyətlərində də öz əksini tapır. İstər toylarda, istərsə də yığnaqlarda oxunan tırnıqların ana xəttini yurd həsrəti, ayrılıq motivləri təşkil etdiyindən tırınqılar xüsusi yanğı ilə oxunurdu.