İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında KONVENSİYA

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 25 dekabr 2001-ci il
              № 236-IIQ

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
KONVENSİYA

Roma, 4.XI.1950

3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir

1970-ci il sentyabrın 21-də qüvvəyə minmiş 3 saylı Protokolla,

1971-ci il  dekabrın 20-də qüvvəyə minmiş 5 saylı Protokolla,

1990-cı il  yanvarın 1-də qüvvəyə minmiş 8 saylı Protokolla,

1998-ci il  noyabrın 1-də qüvvəyə minmiş 11 saylı Protokolla dəyişikliklər və əlavələr edilmişdir.

 

Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər,

1948-ci il 10 dekabrın-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq;

bu Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsi olduğunu nəzərə alaraq;

Avropa Şurasının məqsədinin onun üzvləri arasında böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə nail olmağın əsas vasitələrindən birinin insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması olduğunu hesab edərək;

dünyada ədalətin və sülhün əsası olan və riayət edilməsi başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə və digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz dərin sədaqətlərini təsdiq edərək;

vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri kimi Ümumi Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımlar atmaq əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

İnsan hüquqlarına hörmət olunması öhdəliyi

 

Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.

 

I BÖLMƏ

HÜQUQLAR VƏ AZADLIQLAR

 

Maddə 2

Yaşamaq hüququ

 

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.

2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:

 

a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.

 

Maddə 3

İşgəncələrin qadağan olunması

 

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

 

Maddə 4

Köləliyin və məcburi əməyin qadağan olunması

 

1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.

2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3. Bu maddənin məqsədləri üçün "məcburi və ya icbari əmək" termini aşağıdakıları ehtiva etmir:

a) bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına müvafiq olaraq həbsdəolan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;

b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət;

c) fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət;

d) adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan hər hansı iş və ya xidmət.

 

Maddə 5

Azadlıq və toxunulmazlıq hüququ

 

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:

a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin I bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.

 

Maddə 6

Ədalətli məhkəmə araşdırması hüququ

 

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

 

Maddə7

Qanunsuz cəzalandırılmamaq

 

1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.

2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

 

Maddə 8

Şəxsi həyata və ailə həyatına hörmət hüququ

 

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

 

Maddə 9

Fikir, vicdan və din azadlığı

 

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və yadigər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

 

Maddə 10

Fikri ifadə etmək azadlığı

 

1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Maddə 11

Yığıncaqlar və birləşmək azadlığı

 

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

 

Maddə 12

Nikah hüququ

 

Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.

 

Maddə 13

Səmərəli hüquqi müdafiə vasitələri hüququ

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

 

Maddə 14

Ayrı-seçkiliyin qadağan olunması

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

 

Maddə 15

Fövqəladə hallar zamanı məhdudlaşdırma

 

1. Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.

2. Bu müddəa, qanuni müharibə əməliyyatları nəticəsində ölüm halları istisna olmaqla, 2-ci maddənin və ya 3-cü maddənin müddəalarından, 4-cü maddənin 1-ci bəndinin və 7-ci maddənin müddəalarından geri çəkilməyə əsas vermir.

3. Bu geri çəkilmə hüququndan istifadə edən Razılığa gələn hər hansı Yüksək Tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının Baş katibini tam məlumatlandırır. O, həmçinin belə tədbirlərin dayandırılması və Konvensiyanın müddəalarının yenidən tam həyata keçirilməyə başlanması haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.

 

Maddə 16

Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması

 

10, 11 və 14-cü maddələrdə heç nə Razılığa gələn Yüksək Tərəflər üçün əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər qoyulmasına maneə hesab edilə bilməz.

 

Maddə 17

Hüquqlardan sui-istifadənin qadağan olunması

 

Bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz.

 

Maddə 18

Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri

 

Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.

 

II BÖLMƏ

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ

 

Maddə 19

Məhkəmənin təsis olunması

 

Razılığa gələn Yüksək Tərəflər bu Konvensiya və ona dair Protokollar ilə öz üzərlərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsini (bundan sonra "Məhkəmə" adlanacaq) təsis edirlər. O, daimi əsaslarla fəaliyyət göstərir.

 

Maddə 20

Hakimlərin sayı

 

Məhkəmə Razılığa gələn Yüksək Tərəflərə bərabər sayda hakimlərdən ibarətdir.

 

Maddə 21

Hakimliyə dair tələblər

 

1. Hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.

2. Hakimlər Məhkəmənin işində şəxsən iştirak edirlər.

3. Vəzifədə olduqları bütün müddət ərzində hakimlər onların müstəqilliyi, qərəzsizliyi ilə və ya tam iş gününün xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir fəaliyyətlə məşğul olmamalıdırlar. Bu bəndin müddəalarının tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həll edir.

Maddə 22

Hakimlərin seçilməsi

 

1. Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn Yüksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.

2. Konvensiyaya Razılığa gələn yeni Yüksək Tərəflər qoşulduqda, həmçinin yaranan boş yerlər doldurularkən Məhkəmənin tərkibinə əlavə seçkilər üçün analoji prosedur tətbiq olunur.

Maddə 23

Səlahiyyət müddəti

 

1. Hakimlər 6 il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilərlər. Lakin birinci seçkidə seçilmiş hakimlərin yarısının səlahiyyət müddəti seçildikləri vaxtdan üç il sonra bitir.

2. Birinci üç ildən sonra səlahiyyət müddəti bitən hakimlər seçildikdən dərhal sonra Avropa Şurasının Baş katibi tərəfindən püşkatma yolu ilə müəyyənləşdirilir.

3. Məhkəmənin yarı tərkibinin hər üç ildən bir, mümkün olduqca, yeniləşməsini təmin etmək məqsədi ilə Parlament Assambleyası hər hansı növbəti seçkilərin keçirilməsinə qədər qərar qəbul edə bilər ki, seçilmiş bir və ya bir neçə hakimin səlahiyyət müddəti və ya müddətləri bütün hallarda üç ildən az və doqquz ildən çox olmamaqla, altı il yox, başqa müddət olacaqdır.

4. Birdən çox səlahiyyət müddətindən söhbət getdiyi və Parlament Assambleyasının bundan əvvəlki bəndin müddəalarını tətbiq etdiyi hallarda səlahiyyət müddətləri Avropa Şurasının Baş katibi tərəfindən seçkilərdən dərhal sonra püşkatma yolu ilə müəyyənləşdirilir.

5. Səlahiyyət müddəti hələ bitməmiş hakimi əvəz etmək üçün seçilmiş hakim bu vəzifəni öz sələfinin səlahiyyət müddətinin qalan hissəsi qədər tutur.

6. Hakimlər 70 yaşa çatdıqda onların səlahiyyət müddəti bitir.

6. Hakimlər öz vəzifələrini onlar dəyişdirilənə qədər tuturlar. Bununla yanaşı, onlar artıq icraatlarında olan işlərə dəyişdirildikdən sonra da baxmaqda davam edirlər.

 

Maddə 24

Vəzifədən azad etmə

 

Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin qoyulan tələblərə daha cavab vermədiyi haqqında qərarı olmadan hakim öz vəzifəsindən azad edilə bilməz.

Maddə 25

Dəftərxana və referentlər

 

Məhkəmənin, vəzifələri və təşkili Məhkəmə Reqlamenti ilə müəyyənləşdirilən dəftərxanası vardır. Referentlər Məhkəməyə xidmət edirlər.

 

Maddə 26

Məhkəmənin Plenumu

 

Məhkəmənin Plenumu:

a) öz Sədrini və Sədrin bir yaxud iki müavinini üç il müddətinə seçir;

onlar yenidən seçilə bilərlər;

b) müəyyən müddət üçün nəzərdə tutulan Palatalar yaradır;

c) Məhkəmə Palatasının Sədrlərini seçir; onlar yenidən seçilə bilərlər;

d) Məhkəmə Reqlamentini təsdiq edir;

e) dəftərxana rəhbərini və onun bir yaxud bir neçə müavinini seçir.

 

Maddə 27

Komitələr, Palatalar və Böyük Palata

 

1. Məhkəmə, ona verilmiş işlərə baxmaq üçün üç hakimdən ibarət komitələr, yeddi hakimdən ibarət palatalar yaradır və on yeddi hakimdən ibarət Böyük Palata yaradır. Məhkəmə palataları müəyyən müddət üçün nəzərdə tutulan komitələr yaradır.

2. İşdə tərəf olan dövlətdən seçilmiş hakim Palatanın və Böyük Palatanın exofficio üzvü olur; belə hakim olmadığı hallarda və ya o, iclasda iştirak edə bilmədikdə, həmin üzv dövlətin təyin etdiyi şəxs hakim qismində iştirak edir.

3. Böyük Palatanın tərkibinə həmçinin Məhkəmənin Sədri, Məhkəmə Sədrinin müavinləri, Palata Sədrləri və Məhkəmə Reqlamentinə müvafiq olaraq təyin edilmiş Məhkəmənin digər üzvləri də daxil olur. 43-cü maddənin müddəalarına müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun iclaslarında, bu Palatanın Sədri və işdə tərəf olan dövlətin hakimi istisna olmaqla, qərar çıxaran Palatanın hakimlərindən heç biri iştirak etməməlidir.

 

Maddə 28

Komitələrin şikayəti qəbul olunmayan elan etməsi

 

Komitə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş fərdi şikayəti yekdil qərarla qəbul olunmayan elan edə bilər və ya əgər belə qərar şikayət əlavə öyrənilmədən qəbul edilibsə, onu icraatda olan işlərin siyahısından çıxara bilər. Bu qərar qətidir.

 

Maddə 29

Şikayətin qəbul olunması və mahiyyəti barədə Palatanın qərarları

 

1. Əgər 28-ci maddədə nəzərdə tutulmuş heç bir qərar qəbul edilməyibsə, Palata 34-cü maddənin müddəalarına müvafiq verilmiş fərdi şikayətin qəbul olunması və işin mahiyyəti üzrə qərar çıxarır.

2. Palata 33-cü maddənin müddəalarına müvafiq olaraq dövlətin verdiyi şikayətin qəbul olunması və mahiyyəti üzrə qərar çıxarır.

3. Əgər məhkəmə istisna qaydasında digər qərar qəbul etməzsə, şikayətin qəbul olunması haqqında qərar ayrılıqda çıxarılır.

 

Maddə 30

Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina

 

Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya ona dair protokolların şərhi barədə ciddi məsələyə toxunursa yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilərsə, tərəflərdən heç biri buna etiraz etmədikdə Palata öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər.

 

Maddə 31

Böyük Palatanın səlahiyyətləri

 

Böyük Palata:

a) Palata 30-cu maddənin müddəalarına əsasən yurisdiksiyasından imtina etdikdə və ya 43-cü maddənin müddəalarına müvafiq olaraq iş ona göndərildikdə 33-cü və ya 34-cü maddələrin müddəalarına müvafiq olaraq verilmiş şikayətlər üzrə qərar çıxarır; və

b) 47-ci maddənin müddəalarına müvafiq olaraq təqdim edilmiş məsləhət rəyləri çıxarmaq üçün verilmiş xahişlərə baxır.

 

Maddə 32

Məhkəmənin səlahiyyəti

 

1. Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair ona verilə bilən, 33,34 və 47-ci maddələrdə nəzərdə tutulmuş bütün məsələlər Məhkəmənin səlahiyyətindədir.

2. Konkret iş üzrə Məhkəmənin səlahiyyəti ilə bağlı mübahisəni Məhkəmənin özü həll edir.

 

Maddə 33

Dövlətlərarası işlər

 

Razılığa gələn hər hansı Yüksək Tərəf Razılığa gələn digər Yüksək Tərəfin Konvensiyanın və ona dair Protokolların müddəalarını hər hansı şəkildə pozması ehtimalı ilə bağlı Məhkəməyə müraciət edə bilər.

 

Maddə 34

Fərdi şikayətlər

 

Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.

 

Maddə 35

Qəbul edilmə şərtləri

 

1. Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.

2. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:

a) anonim olan; və ya

b) mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan yaxud beynəlxalq araşdırmanın və ya tənzimləmənin digər prosedurunun predmeti olan və işə aid yeni faktları əks etdirməyən.

3. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş istənilən fərdi şikayəti, bu Konvensiya və ya ona dair Protokolların müddəaları ilə bir araya sığmayan, açıq-aydın əsassız və ya şikayət vermə hüququndan sui-istifadə hesab edərsə, qəbul olunmayan elan edə bilər.

4. Məhkəmə bu maddəyə müvafiq olaraq qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd edir. O bunu icraatın istənilən mərhələsində edə bilər.

 

Maddə 36

Üçüncü tərəfin iştirakı

 

1. Palataların birində və ya Böyük Palatada olan bütün işlərdə vətəndaşı şikayətçi olan Razılığa gələn hər bir Yüksək Tərəfin yazılı qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək hüququ vardır.

2. Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi naminə Məhkəmənin Sədri işdə tərəf olmayan istənilən Razılığa gələn Tərəfi və ya şikayətçi olmayan istənilən maraqlı şəxsi yazılı qeydlər təqdim etmək və ya dinləmələrdə iştirak etmək üçün dəvət edə bilər.

 

Maddə 37

Şikayətlərin siyahıdan çıxarılması

 

1. Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:

a) şikayətçi daha öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmirsə; və ya

b) məsələ öz həllini tapıbsa; və ya

c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətəbaxışı davam etdirməyə lüzum yoxdursa.

Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.

2. Əgər Məhkəmə işin gedişinin buna bəraət qazandırdığını hesab edirsə, şikayətin baxılmalı işlər siyahısına bərpa edilməsi haqqında qərar qəbul edə bilər.

 

Maddə 38

Maraqlı tərəflərin iştirakı ilə işə baxılma və dostcasına həll proseduru

 

1. Əgər Məhkəmə şikayəti qəbul edilən elan edirsə, o:

a) maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə işə baxılmasını davam etdirir və ehtiyac olduqda, işin hallarını təhqiq edir; bunun səmərəli aparılması üçün maraqlı dövlətlər bütün zəruri şəraiti yaradırlar;

b) bu Konvensiyada və ona dair Protokollarda müəyyən edilmiş insan hüquqlarına hörmət əsasında işin dostcasına həllini təmin etmək məqsədi ilə maraqlı tərəflərə öz xidmətlərini təqdim edir.

2. 1-ci bəndin "b" yarımbəndində nəzərdə tutulan prosedur məxfi xarakter daşıyır.

 

Maddə 39

Dostcasına həllin tapılması

 

Dostcasına həll səmərə verdikdə, Məhkəmə faktların qısa xülasəsini və əldə olunan razılığı əks etdirən qərar çıxarmaqla işi öz siyahısından çıxarır.

 

Maddə 40

Açıq məhkəmə iclasları və sənədlərdən istifadə

 

1. Məhkəmə istisna hal kimi digər qərar qəbul etməzsə, onun iclasları açıq keçirilir.

2. Məhkəmə Sədri digər qərar qəbul etməzsə, saxlanılmaq üçün dəftərxanaya verilmiş sənədlər ictimaiyyət üçün açıqdır.

 

Maddə 41

Əvəzin ədalətli ödənilməsi

 

Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

 

Maddə 42

Palataların qərarları

 

44-cü maddənin 2-ci bəndinin müddəalarına uyğun olaraq Palataların qərarları qətidir.

 

Maddə 43

İşin Böyük Palataya verilməsi

 

1. Palatanın qərar çıxarmasından sonrakı üç ay ərzində, iş üzrə istənilən tərəf, müstəsna hallarda, işin baxılmaq üçün Böyük Palataya verilməsi barədə ərizə verə bilər.

2. Əgər iş bu Konvensiyanın və ona dair Protokolların müddəalarının şəhri və ya tətbiqinə dair ciddi məsələ və ya ümumi xarakterli digər ciddi məsələ qaldırsa, Böyük Palatanın beş hakimdən ibarət Komitəsi ərizəni qəbul edir.

Komitə ərizəni qəbul edirsə, onda Böyük Palata öz qərarını çıxarmaqla işi həll edir.

 

Maddə 44

Qəti qərarlar

 

1. Böyük Palatanın qərarı qətidir.

2. Palatanın qərarı aşağıdakı hallarda qəti olur:

a) tərəflər işin Böyük Palataya verilməsi barədə müraciət etməyəcəklərini bəyan etdikdə; və ya

b) əgər işin Böyük Palataya verilməsi barədə müraciət edilməyibsə, qərar çıxarılan tarixdən üç ay sonra; və ya

c) Böyük Palatanın Komitəsi 43-cü maddənin müddəalarına müvafiq olaraq işin verilməsi haqqında müraciəti rədd etdikdə.

3. Qəti qərar dərc olunmalıdır.

 

Maddə 45

Qərar və qətnamələrin əsaslandırılması

 

1. Qərarlar, həmçinin şikayətləri qəbul edilən və ya qəbul olunmayan élan edən qətnamələr əsaslandırılmalıdır.

2. Əgər qərar bütövlükdə və ya qismən hakimlərin yekdil rəyini ifadə etmirsə, onda hər hansı hakim özünün xüsusi rəyini verə bilər.

 

Maddə 46

Qərarların məcburi qüvvəsi və icrası

 

1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.

 

Maddə 47

Məsləhət rəyləri

 

1. Məhkəmə Nazirlər Komitəsinin sorğusu ilə Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhinə dair hüquqi məsələlər üzrə məsləhət rəyləri verə bilər.

2. Belə rəylər nə Konvensiyanın I Bölməsi və ona dair Protokollarda müəyyən edilən hüquq və azadlıqların məzmun və həcminə dair hər hansı məsələyə, nə də Məhkəmənin və ya Nazirlər Komitəsinin Konvensiyada nəzərdə tutulan hər hansı müraciətə baxarkən toxunmalı olduğu digər məsələlərə aid olmalıdır.

3. Məhkəmənin məsləhət rəyini almaq barədə Nazirlər Komitəsinin qərarı Komitənin iştirak etmək hüququ olan nümayəndələrinin səs çoxluğu ilə qəbul edilir.

 

Maddə 48

Məsləhət rəyləri barədə Məhkəmənin səlahiyyəti

 

Məsləhət rəyi vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən sorğunun Məhkəmənin səlahiyyətinə aid olub-olmamasını, 47-ci maddədə müəyyən edildiyi kimi, Məhkəmə özü həll edir.

 

Maddə 49

Məsləhət rəylərinin əsaslandırılması

 

1. Məhkəmənin məsləhət rəyləri əsaslandırılmalıdır.

2. Əgər məsləhət rəyi ümumilikdə və ya qismən hakimlərin yekdil rəyini əks etdirmirsə, onda hər hansı hakim özünün xüsusi rəyini vermək hüququna malikdir.

3. Məhkəmənin məsləhət rəyləri Nazirlər Komitəsinə göndərilir.

 

Maddə 50

Məhkəmənin saxlanılması xərcləri

 

Məhkəmənin saxlanılması xərclərini Avropa Şurası ödəyir.

 

Maddə 51

Hakimlərin imtiyaz və immunitetləri

 

Hakimlər öz vəzifələrini yerinə yetirərkən Avropa Şurası Nizamnaməsinin 40-cı maddəsində və onun əsasında bağlanmış sazişlərin müddəalarında nəzər də tutulan imtiyaz və immunitetlərə malikdirlər.

 

III BÖLMƏ

 SAİR MÜDDƏALAR

 

Maddə 52

Baş katibin sorğuları

 

Avropa Şurası Baş katibinin sorğusu əsasında Razılığa gələn hər bir Yüksək Tərəf öz daxili hüququnun bu Konvensiyanın hər hansı müddəasının səmərəli tətbiqini necə təmin edəcəyi ilə bağlı izahat təqdim edir.

 

Maddə 53

Təsbit olunmuş insan hüquqları ilə bağlı təminatlar

 

Bu Konvensiyada heç nə Razılığa gələn hər hansı Yüksək Tərəfin qanunvericiliyi və ya onun iştirak etdiyi hər hansı digər sazişlə təmin edilə bilən insan hüquqlarından və əsas azadlıqlardan hər hansını məhdudlaşdırmaq və ya ondan kənara çıxmaq kimi şərh oluna bilməz.

 

Maddə 54

Nazirlər Komitəsinin səlahiyyətləri

 

Bu Konvensiyada heç nə Avropa Şurası Nizamnaməsinin Nazirlər Komitəsinə verdiyi səlahiyyətlərə xələl gətirmir.

 

Maddə 55

Mübahisələrin digər vasitələrlə tənzimlənməsindən imtina

 

Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi saziş imzalanması halları istisna olmaqla, bu Konvensiyanın müddəalarının şərhi və ya tətbiqi ilə bağlı mübahisələri petisiya yolu ilə baxılmağa verərkən, onlar arasında qüvvədə olan müqavilələrə, konvensiyalara və ya bəyannamələrə müraciət etməyəcəklərinə və mübahisələrin tənzimlənməsinin bu Konvensiyada nəzərdə tutulan vasitələrindən başqa, digər vasitələrdən istifadə etməməyə razılıq verirlər.

 

Maddə 56

Ərazilərə tətbiq

 

1. Hər hansı dövlət imzalama yaxud ratifikasiya zamanı və ya sonra istənilən vaxt Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə bu maddənin 4-cü bəndi nəzərə alınmaqla, beynəlxalq əlaqələrinə görə həmin dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə yaxud onlardan hər hansı birinə şamil ediləcəyini bəyan edə bilər.

2. Konvensiya bildirişdə adı çəkilən əraziyə və ya ərazilərə Avropa Şurası Baş katibinin bildirişi almasının otuzuncu günündən şamil edilir.

3. Bu Konvensiyanın müddəaları belə ərazilərdə yerli şəraitin lazımi qaydada nəzərə alınması ilə tətbiq edilir.

4. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə ərazinin adından Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq, Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.

 

Maddə 57

Qeyd-şərtlər

 

1. İstənilən dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiqnaməni saxlanmağa verərkən Konvensiyanın hər hansı konkret müddəası ilə bağlı, o dövrdə, onun ərazisində qüvvədə olan bu və ya digər qanunun həmin müddəaya uyğun olmaması ilə əlaqədar qeyd-şərt verə bilər. Bu maddəyə müvafiq olaraq, ümumi xarakterli qeyd-şərtlərə yol verilmir.

2. Bu maddəyə uyğun olaraq edilmiş istənilən qeyd-şərtdə müvafiq qanunun qısa şərhi verilməlidir.

 

Maddə 58

Denonsasiya

 

1. Razılığa gələn Yüksək Tərəf, yalnız bu Konvensiyanın tərəfi olduğu tarixdən beş il keçdikdən sonra və bu barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərdikdən altı ay sonra bu Konvensiyanı denonsasiya edə bilər; Baş katib Razılığa gələn digər Yüksək Tərəfləri bu barədə məlumatlandıracaq.

2. Denonsasiya Razılığa gələn müvafiq Yüksək Tərəfi denonsasiyanın qüvvəyə minəcəyi tarixədək törədə biləcəyi və bu Konvensiya üzrə onun öhdəliklərini poza biləcək hər hansı əməlinə münasibətdə belə öhdəliklərindən azad etmir.

3. Avropa Şurasının üzvlüyündən çıxan Razılığa gələn hər hansı Yüksək Tərəf eyni şərtlərlə bu Konvensiyanın da Tərəfi olmur.

4. Konvensiya 56-cı maddənin müddəalarına əsasən, onun şamil olunmasının bəyan edildiyi istənilən əraziyə münasibətdə əvvəlki bəndlərin müddəalarına müvafiq olaraq denonsasiya edilə bilər.

 

Maddə 59

İmzalama və ratifikasiya

 

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. O, ratifikasiya olunmalıdır. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

2. Bu Konvensiya on təsdiqnamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir.

3. Konvensiya onu sonradan ratifikasiya edən dövlətlər üçün onların öz təsdiqnamələrini saxlanılmağa verdikləri tarixdən qüvvəyə minir.

4. Avropa Şurasının Baş katibi Konvensiyasının qüvvəyə minməsi, onu ratifikasiya etmiş Razılığa gələn Yüksək Tərəflərin adları və sonralar alına biləcək təsdiqnamələrin saxlanılmağa verilməsi haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

1950-ci il noyabrın 4-də Romada hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır və Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Konvensiyanı imzalamış bütün dövlətlərə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların

müdafiəsi haqqında Konvensiyaya dair

 

PROTOKOL

 

Paris, 20 mart 1952-ci il

 

(Protokol (qeyri rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır)

Protokolun mətni  1998 il noyabrın 1-də qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına müvafiq olaraq dəyişdirilib.

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) I bölməsinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Mülkiyyətin müdafiəsi

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

 Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Maddə 2

Təhsil hüququ

Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

Maddə 3

Azad seçki hüququ

Razılığa gələn Yüksək Tərəflər  qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.

Maddə 4

Ərazilərə tətbiq

Razılığa gələn hər hansı Yüksək Tərəf imzalanma yaxud ratifikasiya zamanı və ya sonradan istənilən vaxt Avropa Şurasının Baş katibinə, beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, bəyanatda adı çəkilən ərazilərə bu Protokolun müddəalarının şamil ediləcəyi ilə bağlı öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərə bilər.

Əvvəlki maddənin müddəalarına müvafiq olaraq bəyanat göndərmiş Razılığa gələn hər hansı Yüksək Tərəf zaman keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının tətbiqinin dayandırılması haqqında yeni bəyanat göndərə bilər.

Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.

Maddə 5

Konvensiyaya bağlılıq

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1, 2, 3 və 4-cü maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq surətdə tətbiq olunur.

Maddə 6

İmzalanma və ratifikasiya

Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya olunmalıdır. Protokol on təstignamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət üçün Protokol onların öz təstignamələrini saxlanılmağa verdikləri tarixdən qüvvəyə minir.

Təstignamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir, o, Protokolu ratifikasiya etmiş dövlətlər haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

      1952-ci il martın 20-də Parisdə, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Baş katib təsdiq olunmuş surətləri bu Protokolu imzalamış hər bir hökumətə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların

müdafiəsi haqqında Konvensiyaya dair
 

4 saylı PROTOKOL

Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında
 

Strasburq, 16 sentyabr 1963-cü il

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) I bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1,2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq,

 aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması

Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.

Maddə 2

Hərəkət etmək azadlığı

1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.

Maddə 3

Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması

1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz.

2. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz.

Maddə 4

Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının alınması

Əcnəbilərin kollektiv çıxarılması qadağandır.

Maddə 5

Ərazilərə tətbiq

1. Razılığa gələn hər hansı Yüksək Tərəf bu Protokolun imzalanması yaxud ratifikasiyası zamanı və ya sonradan istənilən vaxt Avropa Şurasının Baş katibinə bu Protokolun müddəalarının, beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, orada adı çəkilən ərazilərə şamil ediləcəyi ilə bağlı öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərə bilər.

2. Əvvəlki bəndin müddəalarına müvafiq olaraq bəyanat göndərmiş Razılığa gələn hər hansı Yüksək Tərəf zaman keçdikdə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının tətbiqinin dayandırılması haqqında yeni bəyanat göndərə bilər.

3. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.

4. Bu Protokolun ratifikasiyası və ya hər hansı dövlətin onu qəbul etməsi əsasında onun tətbiq olunduğu hər hansı dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 2-ci və 3-cü maddələrdə dövlətin ərazisinə istinad məqsədi ilə, ayrı-ayrı ərazilər hesab edilir.

5. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1-ci, 2-ci, 3-cü və 4-cü maddələrinin və ya hər hansı birinə riayət olunması ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.

Maddə 6

Konvensiya ilə müqayisə

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 7

İmzalanma və ratifikasiya

1. Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurası üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya olunmalıdır. Protokol beş təsdiqnamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət üçün Protokol onun öz təsdiqnaməsini saxlanılmağa verdiyi tarixdən qüvvəyə minir.

2. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir, o, Protokolu ratifikasiya etmiş  dövlətlər haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

1963-cü il sentyabrın 16-da Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır. Həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri hər bir imzalayan dövlətə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair

6 saylı PROTOKOL

Ölüm cəzasının ləğvinə dair

Strasburq, 28 aprel 1983-cü il

 

Avropa Şurasının üzvü olub, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra "Konvensiya" adlanacaq) bu Protokolunu imzalayan dövlətlər,

Avropa Şurasının ayrı-ayrı üzv dövlətlərində baş vermiş təkamülün ölüm cəzasının ləğv olunması xeyrinə ümumi tendensiyanı ifadə etdiyini nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Ölüm cəzasının ləğvi

Ölüm cəzası ləğv olunur. Heç kəs ölüm cəzasına məhkum edilə və ya edam oluna bilməz.

Maddə 2

Müharibə zamanı ölüm cəzası

Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.

Maddə 3

Öhdəliklərin yerinə yetirilməsindən geri çəkilmənin qadağan olunması

Konvensiyanın 15-ci maddəsinə əsasən, bu Protokolun müddəalarından geri çəkilmək olmaz.

Maddə 4

Qeyd-şərtlərin qadağan olunması

Konvensiyanın 57-ci maddəsinə əsasən, bu Protokolun müddəaları ilə bağlı qeyd-şərt edilə bilməz.

Maddə 5

Ərazilərə tətbiq

1. Hər bir dövlət imzalama zamanı və ya öz təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədini saxlanılmağa verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini yaxud əraziləri göstərə bilər.

2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş katibin belə bəyanatı aldığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bənd əsasında verilmiş və belə bəyanatda göstərilmiş hər hansı əraziyə dair istənilən bəyanat Baş katibin adına ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə bilər. Geri götürülmə Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

Maddə 6

Konvensiyaya bağlılıq

İştirakçı dövlətlər bu Protokolun 1-5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq edilir.

Maddə 7

İmzalanma və ratifikasiya

Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzvü olan dövlət Konvensiyanı eyni zamanda və ya əvvəlcədən ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr yaxud qəbul və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

Maddə 8

Qüvvəyə minmə

1. Bu Protokol Avropa Şurasının üzvü olan beş dövlətin 7-ci maddənin müddəalarına müvafiq olaraq, Protokol üzrə öhdəlikləri öz üzərlərinə götürməyə razılıqlarını bildirdikləri tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

2. Protokol üzrə öhdəlikləri sonradan öz üzərinə götürməyə razılığını bildirmiş hər hansı üzv dövlət üçün bu Protokol onun öz təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərini saxlanılmağa verdiyi tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.

Maddə 9

Depozitarinin funksiyaları

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzv dövlətlərini aşağıdakılar barədə xəbərdar edir:

a) hər hansı imzalanma;

b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi;

c) 5-ci və 8-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;

d) bu Protokola dair digər hərəkət, bildiriş və ya xəbərdarlıq.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

1983-cü il aprelin 28-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

 

İnsan hüquqlarının və əsas azadlıqların

müdafiəsi haqqında Konvensiyaya dair

7 saylı PROTOKOL

Strasburq, 22 noyabr 1984-cü il

 

Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər,

1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra "Konvensiya" adlanacaq) tətbiqi vasitəsi ilə bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda gələcək addımlar atmaq əzmində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əcnəbilərin çıxarılmasına dair prosedur təminatları

1.   1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:

a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;

b) öz işinə yenidən baxılmasını tələb etmək və;

c) bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və ya belə orqanın təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq.

2.   2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik mülahizələri ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin a, b və c yarımbəndlərində sadalanan hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər.

Maddə 2

Cinayət işlərinə dair hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ

1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir.

2. Qanunla xırda xətalar hesab olunan hüquqpozmalarla bağlı və ya müvafiq şəxs artıq birinci instansiyada yuxarı məhkəmə tərəfindən məhkum edilibsə və ya onun bəraəti məsələsinə yenidən baxılma nəticəsində təqsirli hesab edilib və məhkum edilibsə, bu hüquqdan istisnaya yol verilir.

Maddə 3

Məhkəmə səhvinə görə kompensasiya

Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.

Maddə 4

İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ

1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

2. Bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.

3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq olaraq, bu maddənin müddəalarından kənara çıxmağa yol verilmir.

Maddə 5

Ər-arvadın hüquq bərabərliyi

Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

Maddə 6

Ərazilərə tətbiq

1. Hər hansı dövlət imzalama zamanı və ya özünün təsdiqnaməsini yaxud qəbul və ya bəyənmə haqqında sənədini saxlanılmağa verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri və bu Protokolun müddəalarının şamil ediləcəyi belə ərazi və ya ərazilərlə bağlı öhdəliklərinin çərçivəsini göstərə bilər.

2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş katibin belə bəyanatı aldığı tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bənd əsasında verilmiş və orada göstərilən hər hansı əraziyə aid olan istənilən bəyanat Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

4. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.

5. Bu Protokolun hər hansı dövlətin onu ratifikasiya etməsi, qəbul etməsi və ya bəyənməsi əsasında tətbiq olunduğu həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 1 -ci maddədə dövlətin ərazisinə istinad məqsədi ilə, ayrı-ayrı ərazilər hesab edilə bilər.

6. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1, 2, 3, 4 və 5-ci maddələri ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.

Maddə 7

Konvensiyaya bağlılıq

İştirakçı dövlətlər bu Protokolun 1-6-cı maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 8

İmzalanma və ratifikasiya

Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzvü olan dövlət Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

Maddə 9

Qüvvəyə minmə

1. Bu Protokol Avropa Şurasının üzvü olan yeddi dövlətin 8-ci maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən iki ay keçdikdən sonra gələn ayrı birinci günü qüvvəyə minir.

2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlərinin saxlanılmağa verildiyi tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə 10

Depozitarinin funksiyaları

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan hər bir dövləti:

a) hər bir imzalanma;

b) hər bir təsdiqnamənin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi;

c) 6-cı və 9-cu maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;

d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və ya bəyanat barədə xəbərdar edir.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

1984-cü il noyabrın 22-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatı

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 5-ci və 6-cı maddələrinə dair

Azərbaycan Respublikasının qeyd-şərti

 

Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 5-ci və 6-cı maddələrinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin maddələrin müddəaları Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48, 49, 50, 56-60-cı maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı məhkəmədənkənar intizam cəzalarının tətbiqinə mane olmur.

Qeyd-şərtə əlavə:

Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli,

885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası

Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ("Azərbaycan Respublikası

Ali Sovetinin məlumatı", 1995-ci il, № 5-6, maddə 93)

"48. Əsgərlərə və matroslara:

...d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

49. Müddətli xidmət çavuşlarına:

...ğ) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

50. Müddətindən artıq xidmət çavuşlarına:

...q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs... verilə bilər.

56. Bölük (4-cü dərəcəli gəmi) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 3 sutkayadək həbs etmək hüququ vardır.

57. Tabor (3-cü dərəcəli gəmi) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 5 sutkayadək həbs etmək hüququ vardır.

58. Alay (briqada) komandirinin:

...q) əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır.

59. Diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin alay (briqada) komandirlərinə verilmiş hüquqlardan əlavə:

a) əsgərləri, matrosları və çavuşları 10 sutkayadək həbs etmək hüququ vardır.

60. Korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müdafiə nazirinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər".

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair

Azərbaycan Respublikasının qeyd-şərti

Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinə dair belə bir qeyd-şərt irəli sürür ki, həmin bəndin müddəaları "Kütləvi informasiya vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun təfsir və tətbiq olunacaqdır.

 

Qeyd-şərtə əlavə:

"Kütləvi informasiya vasitələri haqqında"

Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 2, maddə 82)

"maddə 14:

...Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və ya vətəndaşlarına məxsus olduqda və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür)".

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokoluna dair Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası Protokolun 2-ci maddəsinin ikinci cümləsini belə təfsir edir ki, bu müddəa dini təhsilin maliyyələşdirilməsi ilə bağlı dövlətin üzərinə hər hansı öhdəlik qoymur.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 4 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 6 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

"İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında"

Konvensiyanın 7 saylı Protokoluna dair

Azərbaycan Respublikasının bəyanatı

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

 

*Bax: "Azərbaycan Respublikasının qanunvericilik toplusu", 2002-ci il, № 1, səh. 40.