Qaçqınların statusu haqqında
Konvensiya
PREAMBULA
Yüksək razılığa gələn tərəflər,
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və Baş Məclis tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuş İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin <<bütün insanlar heç bir ayrı-seçkiliyə yol verilmədən əsas hüquq və azadlıqlardan istifadə etməlidirlər>> prinsipini müəyyən etdiyini nəzərə alaraq.
Birləşmiş Millətlər Təşkilatının dəfələrlə qaçqınların taleyinə dərin maraq göstərdiyini və onların həmin əsas hüquq və azadlıqlardan daha geniş şəkildə istifadəsini təmin etmək üçün səylər göstərdiyini nəzərə alaraq.
Qaçqınların statusuna dair əvvəllər bağlanmış müqavilələrə yenidən baxılması və onların konsolidasiyası, bu müqavilələrin tətbiq sahəsinin genişləndirilməsi və yeni müqavilə bağlamaqla onların müdafiəsinin gücləndirilməsinin lazımlı olduğunu nəzərə alaraq.
Sığınacaq hüququ verilməsinin bəzi ölkələrin üzərinə həddindən artıq ağır yük qoya biləcəyini və beynəlxalq miqyası və xarakteri Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilmiş problemlərin beynəlxalq əməkdaşlıq olmadan həllinin qeyri-mümkünlüyünü nəzərə alaraq.
Bütün dövlətlərin qaçqın probleminin sosial və humanitar xarakterini təsdiq edərək bu problemlə bağlı dövlətlər arasında ixtilafların qarşısını almaq üçün bütün tədbirləri görməsini arzulayaraq.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarına qaçqınların müdafiəsinə dair beynəlxalq konvensiyaların yerinə yetirilməsini müşahidə etməyin tapşırıldığını qeyd edərək və bu problemin həlli üçün görülən tədbirlərin koordinasiyasının səmərəliliyinin dövlətlərin Ali komissarla əməkdaşlığından asılı olduğunu etiraf edərək,
Aşağıdakı sazişi bağlamışlar:
I FƏSİL
Ümumi müddəalar
Maddə 1. Qaçqın anlayışının tərifi
A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o:
1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya Beynəlxalq Qaçqınlar Təşkilatının nizamnaməsinə görə qaçqın sayılmışdır:
Beynəlxalq Qaçqınlar Təşkilatının öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə açqın statusu verilməsinə mane olmur:
2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir.
Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır.
B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr” sözləri ya
a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya
b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdən baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklər barədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir.
2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər.
B. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şamil edilmir:
1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya
2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya
3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya
4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya
5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə:
əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur:
6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə:
əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur.
Q. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur.
Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər.
D. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir.
E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir:
a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər:
B) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər:
V) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər.
Maddə 2. Ümumi öhdəliklər
Hər bir qaçqının öz qaldığı ölkənin qanunlarına və sərəncamlarına, həmçinin ictimai qaydanı qorumaq üçün götürülən tədbirlərinə tabe olmaq barədə öhdəlikləri vardır.
Maddə 3. Ayrı-seçkiliyin yolverilməzliyi
Razılığa gələn dövlətlər bu Konvensiyanın müddəalarını qaçqınlara irqi, dini əlamətə və ya mənşəcə mənsub olduğu ölkəyə görə heç bir ayrı-seçkilik qoymadan tətbiq edəcəklər.
Maddə 4. Dini etiqad
Razılığa gələn dövlətlər ərazilərində olan qaçqınların öz dininə etiqad etmək və öz uşaqlarına dini tərbiyə vermək azadlığı baxımından onlara ən azı öz vətəndaşlarının malik olduğu əlverişli şəraiti yaradacaqlar.
Maddə 5. Bu Konvensiyadan asılı olmayaraq verilmiş hüquqlar
Bu Konvensiyanın heç bir müddəası razılığa gələn hər hansı dövlətin qaçqınlara bu Konvensiyadan asılı olmayaraq verdiyi heç bir hüquq və üstünlüyü pozmur.
Maddə 6. “Eyni vəziyyətdə” ifadəsi
Bu Konvensiyada “eyni vəziyyətdə” ifadəsi o deməkdir ki, qaçqın əgər qaçqın olmasaydı, müvafiq hüquqdan istifadə etmək üçün uyğun gəlməli olduğu hər hansı tələblərə (o cümlədən ölkədə qalmaq və ya yaşamaq müddətinə və şərtlərinə aid tələblərə) uyğun gəlməlidir, amma o tələblər istisna təşkil edir ki, öz xarakterinə görə onları qaçqın yerinə yetirməyə qadir deyildir.
Maddə 7. Qarşılıq prinsipindən istisna
1. Bu Konvensiyaya əsasən qaçqınlara daha əlverişli hüquqi vəziyyət yaradılması hallarından başqa, Razılığa gələn Dövlət onlara ümumiyyətlə, əcnəbilərin istifadə etdiyi vəziyyəti yaradacaqdır.
2. Razılığa gələn Dövlətlərin ərazisində yaşamalarının üç ili başa çatdıqdan sonra bütün qaçqınlar qanunvericilik yolu ilə müəyyənləşdirilmiş qarşılıq tələbindən azad olunacaqlar.
3. Razılığa gələn Dövlət bu Konvensiyanın qüvvəyə mindiyi günədək qaçqınların həmin dövlət barədə heç bir qarşılıq olmadan ixtiyarları çatan hüquq və vəzifələri onlara bundan sonra da verəcəklər.
4. Razılığa gələn Dövlətlər qaçqınlara 2 və 3-cü bəndlərə müvafiq surətdə ixtiyarları çatan hüquq və üstünlüklər verilməsinə, 2 və 3-cü bəndlərdə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməyən qaçqınların qarşılıq tələbindən azad edilməsinə xeyirxah münasibət bəsləyəcəklər.
5. 2 və 3-cü bəndlərin müddəaları həm bu Konvensiyanın 13, 18, 19, 21 və 22-ci maddələrində sadalanan hüquq və üstünlüklərə, həm də bu Konvensiyada nəzərdə tutulmayan hüquq və üstünlüklərə tətbiq olunur.
Maddə 8. Müstəsna tədbirlərdən istisna
Razılığa gələn Dövlətlər xarici dövlət vətəndaşlarının əmlakı və mənafeləri barədə tətbiq edilə bilən müstəsna tədbirləri rəsmən həmin dövlətin vətəndaşları olan qaçqınlar barədə yalnız onların vətəndaşlığını əsas götürməklə tətbiq etməyəcəklər. Bu maddədə ifadə edilən ümumi prinsipin tətbiqinə yol verməyən qanunvericiliyi olan Razılığa gələn Dövlətlər müvafiq hallarda bu cür qaçqınların mənafeyi naminə istisnalar müəyyənləşdirəcəklər.
Maddə 9. Müvvəqəti tədbirlər
Bu Konvensiyanın hər bir müddəası Razılığa gələn Dövləti müharibə dövründə fövqəladə və müstəsna hallar yarandıqda dövlət təhlükəsizliyi naminə bu və ya digər müəyyən şəxs barədə lazım bildiyi müvəqqəti tədbirləri tətbiq etmək, özü də onun həqiqətən qaçqın olduğunu aydınlaşdıranadək və onun barədə həmin tədbirlərin tətbiqini davam etdirməsinin dövlət təhlükəsizliyi naminə zəruri olduğunu müəyyənləşdirənədək tətbiq etmək hüququndan məhrum etmir.
Maddə 10. Yaşayış fasiləsizliyi
1. Əgər qaçqın ikinci dünya müharibəsi dövründə deportasiya olunmuşsa və Razılığa gələn Dövlətlərdən birinin ərazisinə çıxarılaraq orada məskunlaşmışsa, bu məcburi qalma müddəti şəxsin həmin ərazidə qanuni yaşaması hesab olunur.
2. Əgər qaçqın ikinci dünya müharibəsi dövründə deportasiya olunmuşsa və daimi yaşayış üçün məskunlaşmaq məqsədilə bu Konvensiya qüvvəyə minənə qədər oraya qayıtmışsa, bu deportasiyaya qədərki və sonrakı yaşayış müddəti yaşayış fasiləsizliyinin tələb edildiyi bütün hallarda bir fasiləsiz müddət sayılacaqdır.
Maddə 11. Dənizçi qaçqınlar
Əgər qaçqınlar Razılığa gələn Dövlətlərdən birinin bayrağı altında üzən gəmilərin heyətlərində normal qulluq edən şəxslərdirsə, onda bu dövlət həmin şəxslərin öz ərazisində məskunlaşmasını asanlaşdırmaq məqsədilə onlara yol sənədlərinin və ya öz ərazisinə müvəqqəti daxil olmaq hüququnun verilməsinə xeyirxah münasibət bəsləyəcəklər.
II FƏSİL
Hüquqi şəxs
Maddə 12. Şəxsi status
1. Qaçqının şəxsi status onun daimi yaşadığı ölkənin qanunları ilə əgər belə ölkə yoxdursa, yaşadığı ölkənin qanunları ilə müəyyənləşdirilir.
2. Qaçqının şəxsi status ilə bağlı əvvəllər əldə etdiyi hüquqlara, o cümlədən nikahdan irəli gələn hüquqlarına Razılığa gələn Dövlətlər tərəfindən bu dövlətin qanunları ilə müəyyənləşdirilmiş rəsmiyyət lazım gələrsə, həmin rəsmiyyət icra edildikdən sonra riayət olunacaqdır, bir şərtlə ki, müvafiq hüquq həmin şəxs qaçqın olmasaydı, onun bu dövlətin qanunları ilə tanına bilən hüquqlarından biri olsun.
Maddə 13. Daşınar və daşınmaz əmlak
Razılığa gələn Dövlətlər daşınar və daşınmaz əmlakın əldə edilməsi və bununla bağlı digər hüquqlar barədə, həmçinin daşınar və daşınmaz əmlaka dair icarə müqavilələri və digər müqavilələr barədə qaçqınlara mümkün qədər daha əlverişli şərait, hər hansı əcnəbilərin eyni vəziyyətdə adətən istifadə etdikləri şəraitdən az əlverişli olmayan şərait yaradacaqlar.
Maddə 14. Müəllif və sənaye hüquqları
İxtiralar, çertyojlar və modellər, ticarət markaları, firma adları ilə bağlı hüquqlar, ədəbi, bədii və elmi əsərlərə hüquqlar qəbilindən olan sənaye hüquqlarına gəlincə, qaçqınlara adətən yaşadıqları ölkədə həmin ölkənin vətəndaşları ilə eyni himayə göstəriləcəkdir. Razılığa gələn hər hansı digər Dövlətin ərazisində onlara adətən yaşadıqları ölkənin vətəndaşları ilə eyni himayə göstəriləcəkdir.
Maddə 15. Assosiasiya hüququ
Razılığa gələn Dövlətlər onların ərazisində qanuni yaşayan qaçqınlar siyasi xarakter daşımayan və mənfəət götürmək məqsədi güdməyən assosiasiyalar, həmkarlar ittifaqları barədə eyni vəziyyətdə olan xarici dövlət vətəndaşlarının şəraitinə uyğun ən əlverişli şərait yaradacaqlar.
Maddə 16. Məhkəməyə müraciət hüququ
1. Hər hansı qaçqın Razılığa gələn Dövlətlərin ərazilərində məhkəmələrə sərbəst müraciət etmək hüququna malikdir.
2. Hər bir qaçqın adətən yaşadığı Razılığa gələn Dövlətin ərazisində məhkəməyə müraciət etmək hüququ barədə, o cümlədən hüquqi yardım göstərilməsi və məhkəmə xərcləri ödəməkdən azad edilmək məsələlərində vətəndaşlar ilə eyni şəraitə malik olacaqlar.
3. Hər bir qaçqına, onun adətən yaşadığı ölkədən savayı, bütün qalan ölkələrdə 2-ci bənddə sadalanmış məsələlər barədə adətən yaşadığı ölkənin vətəndaşları ilə eyni şərait yaradılacaqdır.
III FƏSİL
Gəlir gətirən məşğuliyyət
Maddə 17. Muzdlu iş
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara onların muzdla işləmək hüququ barədə eyni vəziyyətdə xarici dövlətlərin vətəndaşları üçün yaradılan ən əlverişli hüquqi şərait yaradacaqlar.
2. Hər halda əcnəbilərə və ya əcnəbilərin muzdla işə götürülməsinə aid olan və daxili əmək bazarını qorumaq məqsədilə tətbiq edilən məhdudiyyət tədbirləri bu Konvensiyanın qüvvəyə mindiyi günədək müvafiq razılığa gələn Dövlətdə həmin tədbirlərin şamil edilmədiyi və ya aşağıdakı şərtlərdən birinə uyğun gələn qaçqınlara tətbiq olunmayacaqdır;
a) Ölkənin hüdudları daxilində azı üç il yaşayırlar;
b) Arvadı (əri) yaşadıqları ölkənin vətəndaşıdır. Əgər qaçqın öz ailəsini tərk etmişdirsə, bu qərara istinad edə bilməz;
v) Bir və ya bir neçə uşağı yaşadıqları ölkənin vətəndaşıdır.
3. Razılığa gələn Dövlətlər bütün qaçqınların, o cümlədən işçi qüvvəsini cəlbetmə proqramlarının yerinə yetirilməsi qaydasında və ya immiqrasiya planlarına müvafiq surətdə onların ərazisinə daxil olmuş qaçqınların muzdla işləmək hüquqlarının vətəndaşların hüquqları ilə bərabərləşdirilməsinə xeyirxah münasibət bəsləyəcəklər.
Maddə 18. Öz müəssisəsində iş
Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara müstəqil surətdə kənd təsərrüfatı, sənaye, sənətkarlıq və ticarətlə məşğul olmaq hüququ, həmçinin ticarət və sənaye ortaqlıqları təsis etmək hüququ barədə mümkün qədər daha əlverişli hüquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər üçün adətən yaradılan şərait qədər əlverişli hüququ şərait yaradacaqlar.
Maddə 19. Sərbəst peşələr
1. Razılığa gələn hər Dövlət öz ərazisində qanuni yaşayan və bu dövlətin səlahiyyətli hakimiyyət orqanları tərəfindən tanınmış diploma olan, sərbəst peşələrlə məşğul olmaq istəyən qaçqınlara mümkün qədər daha əlverişli hüquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər üçün adətən yaradılan şərait qədər əlverişli hüququ şərait yaradacaqlar.
2. Razılığa gələn Dövlətlər beynəlxalq münasibətləri üçün məsuliyyət daşıdıqları metropoliyadan kənar ərazisində bu cür qaçqınların yerbəyer olmasını təmin etmək üçün öz qanunlarının və konstitusiyalarının yol verdiyi bütün tədbirləri görəcəklər.
IV FƏSİL
Sosial himayə
Maddə 20. Pay sistemi
Qıt ərzaq mallarının ümumi bölgüsünü tənzimləyən, bütün əhali üçün məcburi olan pay sisteminin mövcud olduğu yerlərdə bu cür sistem qaçqınlara vətəndaşlarla bərabər əsaslarla tətbiq edilir.
Maddə 21. Mənzil məsələsi
Mənzil məsələsi qanunlarla və ya sərəncamlarla tənzimlənmədiyinə görə, yaxud dövlət hakimiyyəti orqanlarının nəzarəti altında olduğuna görə Razılığa gələn Dövlətlər öz ərazisində qanuni yaşayan qaçqınlara mümkün qədər daha əlverişli hüquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər üçün adətən yaradılan şərait qədər əlverişli hüququ şərait yaradacaqlar.
Maddə 22. Xalq təhsili
1. Razılığa gələn Dövlətlər ibtidai təhsil barədə qaçqınlara vətəndaşları ilə eyni hüquqi şərait yaradacaqlar.
2. Razılığa gələn Dövlətlər ibtidai təhsildən əlavə, xalq təhsilinin digər növləri, o cümlədən təhsil almaq imkanı, xarici atestatların, diplomların və dərəcələrin tanınması, təhsil almaq hüququ üçün haqdan və rüsumdan azad edilmə, həmçinin təqaüdlərin verilməsi barədə qaçqınlara mümkün qədər daha əlverişli hüquqi şərait, hər halda eyni vəziyyətdə əcnəbilər üçün adətən yaradılan şərait qədər əlverişli hüququ şərait yaradacaqlar.
Maddə 23.Hökumət yardımı
Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara öz vətəndaşlarına verilən hökumət yardımı və köməyi barədə eyni şərait yaradacaqlar.
Maddə 24. Əmək qanunvericiliyi və sosial təminat
1. Aşağıdakı məsələlər barədə Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara vətəndaşları üçün yaradılan şəraiti yaradacaqlar:
a) əmək haqqı, o cümlədən əmək haqqının bir hissəsi kimi ailə müavinəti, iş gününün müddəti, əsas vaxtdan əlavə iş, ödənişli məzuniyyətlər, evdə iş üçün məhdudiyyət, muzdla işləyən şəxslərin minimum yaşı, şagirdlik və peşə hazırlığı, qadınların və yeniyetmələrin əməyi, kollektiv müqavilələrin üstünlüklərindən istifadə-bu məsələnin qanunlar və sərəncamlarla nizamlanan və inzibati hakimiyyət tərəfindən nəzarət edilən hissəsində;
b) sosial təminat (işdə bədbəxt hadisələrə, peşə xəstəliklərinə, analığa, xəstəliyə, əlilliyə, qocalığa, ölümə, işsizliyə, ailə barədə vəzifələrə dair qanunlar, daxili qanunlara və sərəncamlara uyğun olaraq sosial təminat sistemində nəzərdə tutulan digər hallar) aşağıdakı məhdudiyyətlərlə:
I) əldə edilmiş hüquqların və əldə edilmək prosesində olan hüquqların saxlanılmasının lazımi qaydada mövcud ola bilər;
II) yaşadıqları ölkənin qanun və ya sərəncamlarında tamamilə dövlət vəsaiti hesabına ödənilən tam və ya qismən müavinətin və normal pensiya almaq üçün tələb edilən ödənişlərə dair şərtlərin hamısını yerinə yetirməmiş şəxslərə ödənilən müavinətlərin alınmasının xüsusi qaydası nəzərdə tutula bilər.
2. İşdə bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində qaçqının ölümü üçün kompensasiya hüququndan istifadə edən şəxsin Razılığa gələn Dövlətin ərazisində yaşamaması onun bu hüququna təsir göstərmir.
3. Razılığa gələn Dövlətlər əldə edilmiş hüquqların və əldə edilmək prosesində olan hüquqların saxlanması barədə öz aralarında bağladıqları və ya gələcəkdə bağlaya biləcəkləri sazişlərdən irəli gələn sosial təminat barədə üstünlükləri qaçqınlara yalnız həmin sazişləri imzalamış dövlətlərin vətəndaşlarına tətbiq olunan şərtləri gözləməklə verəcəklər.
4. Razılığa gələn Dövlətlər öz aralarında və müqavilədə iştirak etməyən dövlətlər arasında hər an qüvvədə ola bilən bu cür sazişlərdən irəli gələn üstünlüklərin mümkün olduğu qədər qaçqınlara verilməsi məsələsinə xeyirxah münasibət bəsləyəcəklər.
V FƏSİL
İnzibati tədbirlər
Maddə 25. İnzibati kömək
1. Qaçqınların hər hansı hüquqdan istifadə etməsi üçün onların müraciət edə bilmədikləri xarici dövlətin hakimiyyət orqanlarının köməyinin tələb olunduğu hallarda bu qaçqınların öz ərazisində yer vermiş Razılığa gələn Dövlətlər tədbirlər görəcəklər ki, həmin dövlətin hakimiyyət orqanları və ya hər hansı beynəlxalq qurum onlara bu cür kömək göstərsinlər.
2. 1-ci bənddə göstərilən hakimiyyət orqanları və ya beynəlxalq qurum qaçqınları vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə adətən əcnəbilərə verilən sənədlər və vəsiqələr ilə təchiz edəcək, yaxud öz nəzarətləri altında bunu təmin edəcəklər.
3. Bu qaydada verilən sənədlər və vəsiqələr vətəndaşı olduqları dövlətlərin hakimiyyət orqanları tərəfindən və ya onların vasitəsilə əcnəbilərə verilən rəsmi sənədləri əvəz edəcək və onların etibarsızlığı sübut olunmadıqca etibarlı sayılacaqdır.
4. Binəsiblərə verilən xüsusi güzəştlər istisna olmaqla, bu maddədə sadalanan xidmətlərə görə haqq alına bilər; lakin bu haqq kiçik olacaq və eyni xidmətlər üçün ölkənin vətəndaşlarından alınan haqqa uyğun olacaqdır.
5. Bu maddənin müddəaları 27 və 28-ci maddələrin müddəalarına toxunmur.
Maddə 26. Hərəkət sərbəstliyi
Hər bir Razılığa gələn Dövlət öz ərazisində qanuni yaşayan qaçqınlara eyni vəziyyətdə adətən tətbiq olunan bütün qaydaları gözləmək şərtilə ərazisi hüdudlarında yaşayış yeri seçmək hüququ və sərbəst hərəkət etmək hüququ verəcəkdir.
Maddə 27.Şəxsiyyət vəsiqəsi
Razılığa gələn Dövlətlər öz ərazilərində olan və etibarlı yol sənədləri olmayan qaçqınlara şəxsiyyət vəsiqəsi verəcəkdir.
Maddə 28. Yol sənədləri
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınlara dövlət təhlükəsizliyinin və ictimai qaydanın qorunması mülahizələrini nəzərə almaqla öz ərazilərdən kənarda hərəkət etmək üçün yol sənədləri verəcəklər; həmin sənədlərə bu Konvensiyaya əlavə edilmiş qaydalar tətbiq olunacaqdır. Razılığa gələn Dövlətlər öz ərazilərində olan hər hansı digər qaçqına bu cür yol sənədləri verə bilərlər; o cümlədən onlar öz ərazilərində olan və qanuni yaşadıqları ölkədə yol sənədi almaq imkanına malik olmayan qaçqınlara bu cür yol sənədləri verilməsi məsələsinə xeyirxah münasibət bəsləyəcəklər.
2. Əvvəlki beynəlxalq sazişlərin iştirakçıları tərəfindən həmin sazişlərə əsasən qaçqınlara verilmiş yol sənədlərini Razılığa gələn Dövlətlər sanki bu maddəyə əsasən verilmiş yol sənədləri hesab edəcəklər.
Maddə 29.Vergilər
1. Razılığa gələn Dövlətlər qaçqınların üzərinə eyni şəraitdə vətəndaşlarından tutduqları və ya tuta biləcəkləri gömrük haqqından, rüsumlardan və ya vergilərdən əlavə və ya yuxarı gömrük haqqı, rüsumlar və ya vergilər qoymayacaqlar.
2. Əvvəlki bəndin müddəaları əcnəbilərə inzibati sənədlərin, o cümlədən şəxsiyyət vəsiqəsinin verilməsi üçün rüsumlara dair qanunların və sərəncamların qaçqınlara tətbiqini qətiyyən istisna etmir.
Maddə 30. Əmlakın aparılması
1. Öz qanunlarına və sərəncamlarına uyğun olaraq Razılığa gələn Dövlətlər qaçqınların özləri ilə onların ərazisinə gətirdikləri əmlakı məskunlaşmaq üçün daxil olmaq hüququ verilmiş başqa ölkəyə aparmasına icazə verəcəklər.
2. Razılığa gələn Dövlətlər qaçqınlara daxil olmaq hüququ verilmiş başqa ölkələrdə, məskunlaşmaq üçün lazım olan əmlakı, harada olursa-olsun, aparmağa icazə verilməsi barədə qaçqınların vəsatətlərinə xeyirxah münasibət bəsləyəcəklər.
Maddə 31. Onlara sığınacaq verən ölkədə qanunsuz qalan qaçqınlar
1. Razılığa gələn Dövlətlər bilavasitə həyat və ya azadlıq üçün 1-ci maddədə nəzərdə tutulan təhlükənin mövcud olduğu ərazidən icazəsiz onların ərazisinə daxil olan və ya ərazisində qalan qaçqınlara buna görə tənbeh tədbirləri tətbiq etməyəcəklər, bu şərtlə ki, həmin qaçqınlar ləngimədən özləri hakimiyyət orqanlarına müraciət edərək qanunsuz daxil olmalarını və ya qalmalarının səbəblərini qənaətbəxş izah etsinlər.
2. Razılığa gələn Dövlətlər qaçqınların hərəkət sərbəstliyini zərurətlə irəli gələməyən məhdudiyyətlərlə azaltmayacaqlar; belə məhdudiyyətlər yalnız bu qaçqınların həmin ölkədə statusu tənzimlənənə qədər və ya onlar başqa ölkəyə daxil olmaq hüququ əldə etməsi üçün onlara kifayət qədər vaxt verəcək və lazım olan bütün şəraiti yaradacaqlar.
Maddə 32. Ölkədən çıxarma
1. Razılığa gələn Dövlətlər öz ərazilərində qanuni yaşayan qaçqınları yalnız dövlət təhlükəsizliyinin və ictimai asayişin qorunması səbəblərinə görə ölkədən çıxaracaqlar.
2. Bu cür qaçqınlar yalnız məhkəmə qaydasında qəbul edilən qərarların icrası naminə çıxarılacaqlar. Dövlət təhlükəsizliyi ilə bağlı üzürlü mülahizələrin olduğu hallardan başqa, qaçqınlara özlərinə bəraət qazandırmaq üçün sübutlar təqdim etmək və lazımi instansiyalara və ya bu instansiyalar tərəfindən xüsusi təyin olunmuş şəxsə və ya şəxslərə şikayət etmək, həmçinin bu məqsədlə öz nümayəndələrini təyin etmək hüququ veriləcəkdir.
3. Razılığa gələn Dövlətlər bu cür qaçqınlara digər ölkəyə daxil olmağa qanuni hüquq almaq üçün kifayət qədər vaxt verəcəklər. Razılığa gələn Dövlətlər bu müddət ərzində zəruri saydıqları daxili xarakterli tədbirləri tətbiq etmək hüququnu saxlayırlar.
Maddə 33. Qaçqınların gəldikləri ölkəyə göndərilməsinin və ya məcburi qaytarılmasının qadağan olunması
1. Razılığa gələn Dövlətlər irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət, siyasi əqidə səbəblərinə görə həyat və ya azadlığını təhlükə gözləyən ölkənin sərhədlərinə heç vəchlə göndərməyəcək və ya qaytarmayacaqlar.
2. Lakin bu qərar üzürlü səbəblərə görə qaldıqları ölkənin təhlükəsizliyi üçün qorxulu sayılan və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qüvvəyə minmiş hökmü ilə məhkum olunmuş və ölkə üçün ictimai təhlükə törədən qaçqınlara şamil edə bilməz.
Maddə 34. Təbəəliyə götürmə
Razılığa gələn Dövlətlər qaçqınların assimilyasiyasını və təbəəliyə götürülməsini imkan daxilində asanlaşdıracaqlar. O cümlədən, onlar təbəəliyə götürülmə üzrə kargüzarlığı sürətləndirmək və bununla bağlı rüsum və xərcləri imkan daxilində azaltmaq üçün əllərindən gələni edəcəklər.
VI FƏSİL
Konvensiya tətbiqinə və keçid dövrünə aid müddəalar
Maddə 35. Milli hakimiyyət orqanları ilə Birləşmiş Millətlər Təşkilatı arasında əməkdaşlıq
1. Razılığa gələn Dövlətlər Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı ilə və ya onun funksiyalarının həvalə oluna biləcəyi Birləşmiş Millətlər Təşkilatının hər hansı orqanı ilə əməkdaşlıq etməyi, o cümlədən bu Konvensiyanın müddəalarının tətbiqini müşahidə vəzifələrini yerinə yetirməkdə onlara kömək göstərməyi öhdələrinə götürürlər.
2. Ali Komissarlığına və ya Birləşmiş Millətlər Təşkilatının onun yerini tuta biləcək hər hansı orqanına Birləşmiş Millətlər Təşkilatının müvafiq orqanlarına məruzələr təqdim etmək imkanı yaratmaq üçün Razılığa gələn Dövlətlər onları aşağıdakı məsələlərə dair tələb etdikləri lazımi formada arayışlarla və statistika məlumatı ilə təmin etməyi öhdələrinə götürürlər:
a) Qaçqınların vəziyyəti,
b) Bu Konvensiyanın həyata keçirilməsi və,
c) Qaçqınların məsələsi ilə bağlı qüvvədə olan və sonralar qüvvəyə minə biləcək qanunlar, sərəncamlar və dekretlər.
Maddə 36. Milli qanunvericilik aktları haqqında məlumat
Razılığa gələn Dövlətlər bu Konvensiyanın həyata keçirilməsi məqsədilə qəbul etdikləri qanunların və sərəncamların mətnləri barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə məlumat verəcəklər.
Maddə 37. Əvvəllər bağlanmış Konvensiyalar
Bu Konvensiyanın 28-ci maddəsinin 2-ci bəndi qüvvədə qalmaqla, bu Konvensiya onun iştirakçıları olan tərəflər üçün 5 iyul 1922-ci il, 31 may 1924-cü il, 12 may 1926-cı il, 30 iyun 1928-ci il və 30 iyul 1935-ci il aktlarını, 28 oktyabr 1933-cü il və 10 fevral 1938-ci il Konvensiyalarını, 14 sentyabr 1939-cu il Protokolunu və 15 oktyabr 1946-cı il Sazişini əvəz edir.
VII FƏSİL
Yekun müddəalar
Maddə 38. Mübahisələrin həlli
Bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı onun iştirakçıları arasında əmələ gələn mübahisələr başqa üsulla həll edilə bilmədikdə mübahisə edən hər hansı tərəfin tələbi ilə Beynəlxalq Məhkəməyə veriləcəkdir.
Maddə 39. İmzalama, ratifikasiya, qoşulma
1. Bu Konvensiya 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmaq üçün açılacaq və bundan sonra Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulacaqdır. Konvensiya 1951-ci il iyulun 28-dən avqustun 31-dək Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsinə imzalanmaq üçün açıq olacaq və 1951-ci il sentyabrın 17-dən 1952-ci il dekabrın 31-dək Birləşmiş Millətlər Təşkilatının Mərkəzi İdarələrində imzalanmaq üçün yenidən açılacaqdır.
2. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlər adından, həmçinin qaçqınların və apatridlərin statusu məsələsinə dair Səlahiyytəli nümayəndələrin konfransında iştirak etməyə dəvət olunmuş hər hansı dövlət və ya Baş Məclisin imzalamaq üçün açılacaqdır. Bu Konvensiya ratifikasiya olunmalıdır, həm də təsdiqnamələr Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin yanında depozitə qoyulacaqdır.
3. Bu Konvensiya bu maddənin 2-ci bəndində göstərilmiş dövlətlərin qoşulması üçün 1951-ci ilin iyulun 28-dən açılacaqdır. Qoşulma Birləşmiş Millətlər Təşkilatının
Maddə 40. Konvensiyanın ərazi tətbiqi haqqında qərarlar
1. Hər hansı dövlət bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən bəyan edə bilər ki, Konvensiyanın qüvvəsi beynəlxalq münasibətləri üçün həmin dövlətin məsuliyyət
daşıdığı ərazilərin hamısına və ya bəzilərinə şamil olunacaqdır. Bu bəyanat Konvensiyanın bu dövlət üçün qüvvəyə mindiyi gün qüvvəyə minəcəkdir.
2. Hər hansı sonrakı məqamda Konvensiyanın qüvvəsinin bu cür şamil olunması Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə göndərilən bildiriş vasitəsilə elan edilməlidir və Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bu bildirişi aldığı gündən etibarən doxsanıncı gün və ya Konvensiyanın bu dövlət üçün qüvvəyə mindiyi gün (əgər bu tarix daha gecdirsə) qüvvəyə minəcəkdir.
3. İmzalanma, ratifikasiya və ya qoşulma zamanı bu Konvensiyanın şamil olunmadığı ərazilərə qaldıqda, hər hansı maraqlı dövlət bu Konvensiyanın qüvvəsinin həmin ərazilərə şamil olunması, həm də konstitusiya xarakterli səbəblərə görə ərazilərin hökumətlərinin razılığının tələb edildiyi hallarda bu cür razılıq alınmaqla şamil olunması üçün lazımi tədbirlərin görülməsi məsələsinə baxacaqdır.
Maddə 41. Federativ dövlətlər haqqında müddəalar
Federativ və ya qeyri-unitar dövlətlərə aşağıdakı müddəalar tətbiq olunacaqdır:
a) Bu Konvensiyanın federal qanunvericilik hakimiyyəti orqanının qanunvericilik yurisdiksiyasına aid olan maddələri barədə federal hökumətin öhdəlikləri göstərilən hüdudlarda bu Konvensiyanın federativ dövlət olmayan tərəflərinin öhdəliklərinə uyğun gələcəkdir;
b) Bu Konvensiyanın federasiyaya daxil olan və federasiyanın konstitusiya quruluşuna görə qanunvericilik tədbirləri görməyə borclu olmayan ştatların, əyalətlərin və ya kantonların qanunvericilik yurisdiksiyasına aid olan maddələrinə gəlincə, federal hökumət ilk imkan düşən kimi ştatların, əyalətlərin və ya kantonların müvafiq hakimiyyət orqanlarını həmin maddələrlə tanış edəcək və onlara öz müsbət münasibətini bildirəcəkdir.
v) Bu Konvensiyanın tərəfi olan federativ dövlətlər Razılığa gələn hər hansı digər Dövlətin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə ona verilmiş tələbi ilə federasiyada və onun tərkib hissələrində Konvensiyanın hər hansı konkret müddəası barədə mövcud olan qanunlar və praktika haqqında arayış verəcək, həm də bu müddəanın qanunvericilik yolu ilə və ya başqa yolla nə dərəcədə həyata keçirildiyini göstərəcəklər.
Maddə 42. Qeyd-şərtlər
1. İmzalanma, ratifikasiya və qoşulma zamanı hər bir dövlət Konvensiyanın 1, 3 və 4-cü maddələrindən, 16-cı maddəsinin 1-ci bəndindən, 33-cü maddəsindən və 36-46-cı maddələrindən başqa, bütün maddələrinə qeyd-şərtlər qoya bilərlər.
2. Bu maddənin 1-ci bəndində müvafiq surətdə qeyd-şərt qoyulmuş hər hansı bir dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş verməklə bu qeyd-şərtdən imtina edə bilər.
Maddə 43. Qüvvəyə minmə
1. Bu Konvensiya altıncı təsdiqnamənin və ya qoşulma aktının depozitə qoyulduğu gündən etibarən doxsanıncı gün qüvvəyə minəcəkdir.
2. Altıncı ratifikasiya fərmanından və ya qoşulma aktından sonra Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş bütün dövlətlər üçün Konvensiya müvafiq dövlətin öz
təsdiqnaməsini və ya qoşulma aktını depozitə qoyulduğunu gündən etibarən doxsanıncı gün qüvvəyə minəcəkdir.
Maddə 44. Etibarsız elanetmə
1. Razılığa gələn hər hansı Dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bu Konvensiyanı etibarsız elan edə bilər.
2. Bu cür etibarsız elanetmə Razılığa gələn müvafiq Dövlət üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin bildirişi aldığı gündən bir il sonra qüvvəyə minəcəkdir.
3. 40-cı maddəyə əsasən bəyanat vermiş və ya bildiriş göndərmiş hər hansı dövlət bundan sonra istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərmək vasitəsilə bəyan edə bilər ki, bu Konvensiya Baş Katibin göstərilən bildirişi aldığı gündən bir il sonra müvafiq əraziyə şamil olunmayacaqdır.
Maddə 45. Yenidən baxılma
1. Razılığa gələn hər hansı Dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə bu Konvensiyaya yenidən baxılmasını tələb edə bilər.
2. Əgər bu cür tələblə bağlı hər hansı tədbirlərin görülməsi zərurəti yaransa, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi müvafiq tədbirləri tövsiyə edəcəkdir.
Maddə 46. Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin göndərdiyi bildirişlər
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və üzvü olmayan, 39-cu maddədə göstərilən dövlətlərə aşağıdakılar barədə məlumat göndərəcəkdir:
a) 1-ci maddənin B bölməsinə əsasən daxil olmuş bəyanatlar və bildirişlər;
b) 39-cu maddədə nəzərdə tutulmuş imzalar, ratifikasiyalar və qoşulmalar;
c) 40-cı maddədə nəzərdə tutulmuş bəyanatlar və bildirişlər;
d) 42-ci maddədə nəzərdə tutulmuş qeyd-şərtlər və qeyd-şərtlərdən imtinalar;
e) 43-cü maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minmə günü;
f) 44-cü maddədə nəzərdə tutulmuş etibarsız elanetmələr və bildirişlər;
g) 45-ci maddəyə əsasən daxil olmuş yenidən baxılma tələbləri. Bunun təsdiqi üçün aşağıda imza edənlər lazımi qaydada vəkil olunaraq bu Konvensiyanı öz hökumətləri adından imzaladılar.
Min doqquz yüz əlli birinci il iyulun iyirmi səkkizində Cenevrədə ingiliscə və fransızca mətnləri eyni dərəcədə autentik olmaqla, tərtib edilmişdir. Bu nüsxə Birləşmiş Millətlər Təşkilatının arxivində depozitə qoşulmuş, onun təsdiqlənmiş surətləri Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və üzvü olmayan 39-cu maddədə göstərilən dövlətlərə göndərilir.