İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2007-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyi tamam olur. Milli teatr sənətimizin inkişafında mühüm yer tutan İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qafqazın qocaman sənət ocaqlarından biridir.1882-ci ilin əvvəllərində azərbaycanlılardan ibarət teatrtruppasının göstərdiyi tamaşa ilə fəaliyyətə başlamış bu mədəni mərkəz teatr tariximizə parlaq səhifələr yazmışdır. Görkəmli ictimai xadim, ədəbiyyatşünas Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşaya qoyulması İrəvan Azərbaycan Teatrının təşəkkülünə güclü təkan vermişdir. Teatr XIX əsrin sonlarında əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvanda özünün maraq doğuran repertuarı ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır. 1928-ci ildə dövlət statusu alan, 1935-ci ildən görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi milli mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətlər göstərmiş bir sıra görkəmli səhnə ustasının adı ilə sıx bağlıdır.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı keşməkeşli sənət yolu keçmişdir. İosif Stalinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr və “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarları ilə azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından kütləvi deportasiyasında reallaşan qərəzli siyasət İrəvan teatrının da taleyindən yan keçməmişdir. Həmin illərdə bağlanan teatr fəaliyyətini yalnız 1967-ci ildə bərpa edə bilmiş və öz işini çətin şəraitdə davam etdirmişdir. Sovet dövründə Qafqazdakı sərhədlərin süni olaraq müəyyən edilməsi nəticəsində Ermənistan SSR-ə qatılmış tarixi Azərbaycan torpaqlarında yaşayan on minlərlə soydaşımızın Azərbaycan mədəni-ədəbi fikrinin inciləri ilə tanışlığında və milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsində İrəvan Azərbaycan Teatrı qüvvəsini əsirgəməmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar öz doğma yurdlarından xüsusi qəddarlıqla didərgin salındıqları zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. 1988-ci ildən Bakı şəhərində məskunlaşan teatr yenə də öz dəsti-xətti ilə seçilir və yaradıcılıq uğurları ilə teatrsevərlərin diqqətini daim cəlb edir.
Azərbaycan xalqının mədəni və ictimai həyatında rolunu nəzərə alaraq, İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 avqust 2006-cı il.