Afad Məhəmməd oğlu Qurbanov – (10 yanvar 1929, Vorontsovka rayonu, Qızıl Şəfəq kəndi – 26 sentyabr 2009, Bakı) - 8 yaşında ikən valideynlərini itirmiş və həyatın keşməkeşli yollarını təkbaşına aşmaq məcburiyyəti ilə üzləşmişdir.
1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olmuşdur. 1948-1951-ci illlərdə Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır.
Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.
Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifələrində çalışmışdır. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.
Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuəsinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linqvistik və «Onomastika» elmi-onomastik curnallarının təsisçisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox komissiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunda Elmi və Müdafiə Şuralarının, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.
1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Respublikası «Bilik» cəmiyyətinin natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onomalogiyası problemləri laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, vəzifəsində çalışmışdır.
1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika cəmiyyətinin, Finlandiyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.
Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında «Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi dinlənilmişdir.
Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı (millət vəkili) olmuşdur.