Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev - (1891, İrəvan – 1927, Bakı) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri vəzifələrində çalışmışdır.
1903-1912-ci illərdə İrəvan kişi gimnaziyasında oxuyub. 1912-1916-cı illərdə Moskva İmperator Universitetinin hüquq fakültəsində oxumuşdur.
Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur.
1917 il martın 29-da Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi yaradıldı. Milli hakimiyyətin rüşeymini təşkil edən müsəlman milli komitələri "Ümumi milli mənafeyi" qorumaq bayrağı altında çıxış edirdilər. Bağır bəy Rzayev İrəvan Milli Komitəsinin üzvü idi.
27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir.
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasında İrəvanın yeni yaradılan Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilməsinə etiraz edən üç deputatdan biri olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Sosialistlər" fraksiyasını təmsil edirdi.
Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur. Parlamentin 15 dekabr 1918-ci il tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənmişdir. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil etmişdir.
28 yanvar 1919-cu ildə Bağır bəy Rzayev parlamentdən xaric edilir və əvəzinə İbrahim Əbilov üzv seçilir.
Bağır bəy Rzayev 15 may 1919-cu il tarixində üzvlükdən çıxan Məhəmməd Məhərrəmovun əvəzinə Sosialistlər fraksiyası tərəfindən parlament üzvlüyünə namizəd göstərilərək üzv seçilir.
Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, intihar etmişdir.