Bağır Qasım oğlu Seyidzadə - (1912, İrəvan – 1968, Bakı) - Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən Seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və B.Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur.
B.Seyidzadə 1932–1939-cu illərdə “Gənc işçi” qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan Gənclər İttifaqının katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə İranın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1949–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur.
B.Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Respublika Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.
B.Seyidzadə Fəxri Xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləmişdir.