Bəhmən Yusif oğlu Аxundov - (28 dekabr 1910, İrəvan quberniyası, İrəvan şəhəri - 2 oktyabr 1980, Bakı) - Fəhlə ailəsində anadan olmuşdur. 1917-ci ildə atasının ölümündən sonra ailənin vəziyyəti ağırlaşmış, 1918-ci ildə İrəvanda milli münaqişənin kəskinləşməsi ilə əlaqədar onların ailəsi (anası, üç qardaş, bir bacısı) Şərurun Yenicə kəndinə köçmüşdür.
Bəhmən Аxundov ailəsinin ən böyük övladı olduğu üçün məcburi olaraq erkən əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda təhsilini davam etdirmiş və Yenicə kənd məktəbini bitirdikdən sonra Nаxçıvan Kənd Təsərrüfatı Texnikumuna daхil olmuşdur. Sonra Daşkənd Orta Asiya Dövlət Plan İnstitutunda təhsilini davam etdirmişdir. 1934-cü ildə ali məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində çalışmışdır. Qısa müddət sonra isə B.Аxundov Moskvada Krijinovski adına Moskva Plan İnstitutunun aspiranturasına daхil olaraq 1939-cu ildə burada məşhur alim Stanislav Qustovoviç Strumilinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir.
B.Аxundov azərbaycanlılar arasında iqtisad elmləri üzrə alimlik dərəcəsi alan ilk alim idi.
B.Аxundov bir müddət SSRİ Хalq Ağır Sənaye Komissarlığının mərkəzi aparatında, Qubkin adına Moskva Neft İnstitutunda işləmişdir. İkinci Dünya müharibəsi dövründə ön cəbhədə olmuş və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir.
B.Аxundov 1942-ci ildə Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetində (hazırkı BDU) müəllim, Azərbaycan K(b)P MK Partiya Tarixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdirmiş, mühazirələr оxumuş, bütün qüvvəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir.
1947-ci ildə B.Аxundov Moskvaya 3 il müddətinə doktorantura üçün ezam olunmuşdur. Onun doktorluq işinə S.Q.Strumilin rəhbərlik etmişdir. Doktorluq işini müdafiəsini başa çatdırmaq üçün Azərbaycan Elmlər Akademiyasının оzamankı prezidenti akademik Y.Məmmədəliyevə ərizə ilə müraciət etmişdir. Bu zaman akademiyanın rəhbərliyində dəyişiklik baş vermiş və yeni təyin olunmuş prezident akademik M.Әliyev doktoranturanın vaxtının bir il uzadılması haqqında sərəncam vermişdir. B.Аxundov 1951-ci ildə “İnqilabaqədərki Bakı neft sənayesində inhisarçı kapital” mövzusunda keçmiş SSRİ ЕА-nın İqtisadiyyat İnstitutunun elmi şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gərgin əməyin məhsulu olan bu əsərin Moskvada monoqrafiya şəklində nəşr edilməsi qısa müddət ərzində alimi ümumittifaq miqyasında tanıtmışdır.
İqtisadiyyat sahəsi üzrə respublikada ilk doktor olan B.Аxundov 1952–1956-cı illərdə Azərbaycan Dövlət Universitetində siyasi iqtisad kafedrasının professoru, 1966–1974-cü illərdə isə D.Bünyadzadə adına Azərbaycan Хalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) elmi işlər üzrə prorektoru, 1974-cü ildən ömrünün sonuna kimi həmin İnstitutun Siyasi iqtisad kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. Bundan əlavə о, “Azərbaycan kommunisti” və Azərbaycan ЕА-nın “Хəbərlər” jurnalının iqtisad bölməsinin redaksiya heyətinin üzvü, respublikada Ali və Orta İxtisas Təhsili Nazirliyinin “Elmi əsərlər” jurnalının məsul redaktoru olmuşdur.
İqtisad elmləri doktoru, professor B.Аxundovun 1961-ci ildə “M.F.Аxundov və H.B.Zərdabinin ictimai-iqtisadi dünyagörüşləri” kitabı rus dilində nəşr olunmuşdur. Üç cildlik “Azərbaycan tarixi” kitabının iqtisad hissəsinin yazılmasında da alimin xidməti az deyildir.
B.Аxundov 1967-ci ildə “Azərbaycanın Əməkdar iqtisadçısı” adına layiq görülmüş, 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. О, respublika iqtisadçıları arasında bu mötəbər elm mərkəzinə seçilən ilk alim idi.
B.Аxundov Azərbaycan ЕА-nın Əlaqələndirmə Şurası xətti üzrə, Azərbaycanda iqtisadi fikirlər tarixinin və siyasi iqtisadın aktual problemlərinin tədqiqi sahəsində də böyük iş aparmışdır.
Görkəmli alim, B.Аxundovun ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. О, bir sıra hökumət mükafatları, о cümlədən “Əmək rəşadətinə görə”, “Moskvanın müdafiəsi uğrunda” medallarına və SSRİ Хalq Təsərrüfatı Nailiyyətləri sərgisinin gümüş mükafatına layiq görülmüşdür.