Cahangir Həsənəli oğlu Əliyev – (5 may 1931, Qərbi Azərbaycan, Amasiya, Düzkənd – 2010, Bakı) - Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin redaktoru 1981-1985-ci illərdə Cahangir Əliyev olmuşdur. 1952-1954-cü illərdə rayon Komsomol Komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdi. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1956-1962-ci illərdə Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin redaktoru olmuşdu. 1962-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin redaktor müavini, daha sonra Amasiya rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdi.
1965-1969-cu illərdə Amasiya rayon Soveti İcraiyyə Komitəsinin sədri, sonra Ermənistan K(b)P MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı, 1974-1981-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. O, 1982-84-cü illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdu. 1984-cü ildə Bakıya köçmək məcburiyyətində qalan Cahangir Əliyev əvvəlcə Azərbaycan K(b)P MK aparatında mətbuat bölməsində işləmiş, 1991-ci ildən ömrünün sonunadək “Xalq qəzeti”ndə çalışmışdır.
21 iyul 2005-ci ildə “Tərəqqi “ medalına layiq görülmüşdür.