Cəfər Xəndan

Cəfər Zeynal oğlu Hacıyev  – (8 may 1910, İrəvan –  10 avqust 1961) - Onun doğum yeri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə onun Uluxanlı mahalının Ağhəmzəli kəndində, bəzilərində isə Ağhəmzəli ilə qonşu olan Cəbəçəli kəndində anadan olduğunu bildirilir. Cəfər Xəndanın təvəllüd tarixi bəzi mənbələrdə 1910-cu il, bəzi mənbələrdə isə 1911-ci il kimi göstərilmişdir.

1918-ci ildə İrəvanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklər nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdu tərk edib Gəncəyə köçməli olmuşdur. Cəfər burada ata-anasını itirmiş və bir müddət bacısı ilə uşaq evində qalmışdır. Əvvəlcə Gəncə Pedaqoji Texnikumunu, sonra Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Dil və ədəbiyyat fakültəsini bitirmişdir. İnstitutda oxuduğu illərdə Cəfər həm də işçi fakültəsində müəllimlik etmişdir.

Elmə olan güclü həvəs C.Xəndanı aspiranturaya gətirib çıxarmışdır. Sonra institutda Ədəbiyyat kafedrasının assistenti, sonra dosent kimi fəaliyyət göstərmişdir. Bundan sonra gənc ədəbiyyatşünasın fəaliyyəti daha da genişlənmişdir. О, M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi işləmişdir.

Bu illərdə Cəfər Xəndan pedaqoji elmi fəaliyyəti ilə yanaşı jurnalistlik fəaliyyətini də davam etdirmişdir. О, həmin dövrdə “Ədəbiyyat” qəzeti redaksiyasının məsul katibi, “Gənc işçi” qəzeti redaksiyasında Ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Cəfər Xəndan 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” haqqında əsərini dissertasiya kimi təqdim edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

1941-ci ildə müharibə başlayarkən gənc alim də səfərbərliyə alınmış, ordunun tərkibində siyasi rəhbər və jurnalist kimi fəaliyyət göstərmişdir. О, müxtəlif cəbhələrdə siyasi şöbənin təlimatçısı, cəbhə qəzetlərində (“Vətənin şərəfinə”, “Qələbəyə doğru”, “Vətən yolunda”) məsul redaktorun müavini işləmişdir. Müharibə qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, “Kommunist” qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri, 1947–1949-cu illərdə isə universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. Cəfər Xəndan 1948-ci ildə “1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli Azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyasını etmiş və bir il sonra professor adına layiq görülmüşdür.

1950-ci ildə professor Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru seçilmiş və dörd il respublikanın bu ilk ali məktəbinə başçılıq etmişdir. Həyatının mühüm bir hissəsini burada dosent, dekan, rektor kimi çalışmış, həm də uzun illər (1952–1961) universitetdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur.

1930-cu ildən dövri mətbuatda görünməyə başlayan Cəfər Xəndanın yaradıcılığı zəngin və çoxşaxəlidir. Poeziya onun yaradıcılığında əsas qollardan birini təşkil edir. Bu mənada Cəfər Xəndanın 1936-cı ildə ölməz şairimiz Mikayıl Müşfiqin redaktəsi ilə “Bəyaz gecələr” adlı ilk kitabının nəşr olunması da təsadüfi deyildir. Sonralar şairin “Cəbhə” şerləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) şeirlər kitabları çapdan çıxmışdır.

Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etmişdir. Cəfər Xəndan ilk “Müasir Azərbaycan ədəbiyyatı”nın, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifidir. Hələ 1940-cı ildə nəşr etdirdiyi “Sabir” kitabı sabirşünaslığın tarixində Sabirə həsr olunmuş ilk iri monoqrafik tədqiqat əsəri kimi xüsusi əhəmiyyətə malikdir. Bu siyahıya alimin Cənubi Azərbaycan ədəbiyyatı haqda ilk sanballı (ikicildlik) min səhifəlik əsəri, ilk dəfə üzə çıxardığı “Azərbaycan ədəbiyyatı tarixi” kitabını da əlavə etmək olar. Bəllidir ki, repressiyadan sonra uzun illər Müşfiqin şeirləri qadağan edilmişdi. Şairin haqqında ilk monoqrafiya da Cəfər Xəndana məxsusdur. О, bu əsəri 1956-cı ildə nəşr etdirmişdi. C.Xəndan həmkarı akademik M.Ariflə orta məktəb şagirdləri üçün “Sovet ədəbiyyatı” kitabını (1957) yazmış və bu kitab təkmilləşərək dəfələrlə nəşr olunmuşdur.

Cəfər Xəndan XX əsr və müasir Azərbaycan ədəbiyyatına daha çox meyl etmiş və həmin sahələrə aid bir sıra monoqrafiyalar nəşr etdirmişdir: “Sabir” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1965), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Molla Nəsrəddin” (1956), “Şairin həyatı” (1961), “Sovet ədəbiyyatı” (I hissə 1952), “Sovet ədəbiyyatı” (II hissə, 1952), “C.Cabbarlının həyat və yaradıcılığı” (1954), “Mikayıl Müşfiq” (1956), “Mir Cəlal” (1968).

1940-cı ildə Sabir haqqında nəşr etdirdiyi monoqrafiya ilə kifayətlənməyən alim, şairin nəhəng yaradıcılıq dünyasına yenidən qayıdaraq “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı monumental əsərini yazmışdır.

Cəfər Xəndan ədəbiyyat nəzəriyyəsinə aid kitab yazmasına baxmayaraq, müntəzəm olaraq həmin sahəyə qayıtmış, bu mövzu ilə bağlı məqalələr nəşr etdirmişdi: “Bədii ədəbiyyatda tipiklik”, “Ədəbi stil, metod və cərəyan haqqında”, “Ədəbiyyat nəzəriyyəsinin inkişaf yolları haqqında”, “Bədii ədəbiyyatın əsas predmeti”. Görkəmli ədəbiyyatşünas alimin pedaqoji fəaliyyəti diqqətə layiqdir. О, ömrünün 30 ildən çoxunu müəllimlik sənətinə həsr etmişdir.

C.Xəndan həm də fəal ictimai xadim idi. О, Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı və Azərbaycan KP MK-nın üzvü olmuşdur. “Qırmızı ulduz” (1942), “Qırmızı əmək bayrağı” (1946), “Şərəf nişanı” ordenləri, eləcə də “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir.