Əfşan Ələkbər qızı Qədimbəyova – (1915, İrəvan – 1980, Bakı) - Mirzə Qədim İrəvaninin Qədimbəyov soyadını daşıyan törəmələri içərisində bir çox parlaq şəxsiyyətlər olmuşdur. Onların arasında 1915-ci ildə İrəvan şəhərində anadan olmuş Əfşan xanım xüsusilə seçilir. O, 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1931–1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Ana dili ilə yanaşı, rus və ingilis dillərini mükəmməl bilən Əfşan xanım iki il Moskvada Pedaqoji İnstitutun aspiranturasında təhsil aldıqdan sonra Bakıya qayıtmış, 1942-ci ildə Azərbaycan Gənclər İttifaqının üçüncü katibi seçilmiş və dörd il həmin vəzifədə çalışmışdır.
Daha sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə.Qədimbəyova 1949–1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru işləmişdir. Əfşan xanım 1953-cü ildə həm də Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.
Ə.Qədimbəyova dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1965-ci ildə “1920–1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda” namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış və 1980-ci ildə dünyasını dəyişmişdir.