Əhməd Rəcəbli

Əhməd Cabbar oğlu Rəcəbli – (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) - 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. 1923-cü ildə İtaliyada Ali Eksperimental Aqrar Kral İnstitutunu bitirmişdir. Seleksiyaçı genetik alim, professor, Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilmişdir. Rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilmişdir.

İtaliyada təhsilini başa vurduqdan sonra 1923-ci ildə Bakıya qayıdan Rəcəbli torpaq komissarlığından iş təklifi alır. Ancaq bioloq özünün xahişi ilə seleksiya fəaliyyəti üçün əlverişli şəraiti olan Zaqatalaya göndərilir və burada aqronom kimi işə başlayır. O, 1924-cü ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər təhsil müəssisəsinə rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi işləyir. Onun təşəbbüsü və iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır. Həmçinin, Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə Zaqatalada təcrübə-sınaq stansiyası qurulur və 1937-ci ilin iyuluna kimi özü həmin stansiyaya rəhbərlik edir.

Əhməd Rəcəbli 1924–1930-cu illərdə genetika elminin yaradılması ilə məşğul olmuş, 1930–1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. 1937-ci ildə Stalin repressiyalarının qurbanı olaraq Kolımaya sürgün edilmiş və 8 il burada istilik təsərrüfatı yaradaraq tərəvəz yetişdirmiş, yeni sortlar əldə etmişdir.

1945-ci ildə Ə.Rəcəbli Azərbaycana qayıtmış, müəllimlik və elmlə məşğul olmuşdur. 1950-ci ildə yenidən repressiya olunaraq Qazaxıstana sürgün olunmuşdur. Stalinin ölümündən sonra bəraət alaraq vətənə qayıdıb elmlə məşğul olmuşdur.

Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Əhməd Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur.

Əhməd Rəcəbli 100-dən artıq elmi işin, 24 monoqrafiyanın müəllifidir. Onun “Azərbaycanda məhsuldarlıq” kitabı iki dəfə nəşr olunmuşdur. Ə.Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qozmənşəli meyvələrin yeni sortları əldə edilmişdir.

1992-ci ildə Qubadakı Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş və foyedə büstü qoyulmuşdur.

Əhməd Cabbar oğlu Rəcəbli Bakıda dəfn edilmişdir.