Əkbər Yunis oğlu Süleymanov – (17 iyul 1921, İrəvan – 28 avqust 1982, İrəvan) - İrəvan şəhərində orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azəbaycan dilində nəşr edilən “Kommunist” (1939-cu ildən “Sovet Ermənistanı”) qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi vəzifəsində işləmişdir. 1951-ci ildə Ermənistan Elmlər Akademiyasının M.Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1954-cü ildə “Erməni və Azərbaycan xalqlarının dostluq ideyasının ədəbiyyatda inikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində “Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası” (1955), “Cəlil Məmmədquluzadə və erməni xalqı” (1966), “Nəsimi” (1973), “Xatabala” həftəlik qəzeti və “Azərbaycan” (1974) kitabları çap olunmuşdur.
Əkbər Yerevanlının “Azəri–erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər” mövzusunda doktorluq dissertasiyası 554 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda “Hayastan” nəşriyyatında çap olunsa da, ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.
Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri” (1958, 270 səh.), “Sabir və erməni xalqı” (1962, 45 səh.), “Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı” (1974, 131 səh.), “Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı” (1975, 192 səh.) tədqiqat əsərləri və bədii yaradıcılıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur.
Əkbər Yerevanlının Sabir Rizayevlə birgə yazdığı 165 səhifəlik illüstrasiyalı “Yunis Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur.
Qeyd edilməlidir ki, Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən teatr bağlananadək Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru olmuşdur.