Əli Hacı Zeynalabdin oğlu Rəhimov – (1886, İrəvan – 1934) - Mollanəsrəddinçi, şair, publisist özünə “Məhzun” təxəllüsü götürmüşdür. Yüksək erudisiyaya malik ziyalı, istedadlı qələm sahibi Əli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir. Əsərləri “Molla Nəsrəddin”, “Məzəli”, “Babayi-Əmir” jurnallarında, “İqbal”, “Sədayi-həqq” qəzetlərində və s. mətbuat orqanlarında dərc edilmişdir.
Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə” imzaları ilə yazılarını dərc etdirirərək özünü qaragüruhçulardan qorumağa çalışırdı. 25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün İrəvanın rəsmi dairələrindən icazə almışdılar. Öz ətrafında gənc aktyorları birləşdirən bu şirkətin aktyorları qısa müddət ərzində “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha”, “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar”, “Səfalətin sonu” əsərlərini tamaşaya qoymuşdular.
Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görmüşdür. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə olmuşdur. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndirilməsi məqsədilə məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. “Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi missiyalar da daşıyırdı.
Ermənilərin 1918-1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycanda məskunlaşmış, müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərmişdir.