Əziz Məmmədkərim oğlu Əliyev – (1 yanvar 1897, İrəvan - 27 iyul 1962) - İlk təhsilini İrəvanda İbadulla bəy Muğanlinskinin pansionatında almışdır. Ona pansionatda Fars Abbasın oğlu, gələcəyin tanınmış dilçi-alimi Cabbar Məmmədzadə dərs demişdir. Burada onlar ərəb, fars və rus dilləri ilə yanaşı fransız dilini də öyrənirdilər. Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. Görkəmli tədqiqatçı-alim Əziz Şərif yazır ki, о zaman azərbaycanlı uşaqları gimnaziyaya hazırlaşdırmaq üçün İrəvanda iki pansionat var idi. Bunların birini müəllim Cəfər bəy Cəfərov, ikincisini İbadulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmədov saxlayırdı. Əziz Əliyev pansionatı bitirdikdən sonra 1908-ci ildə İrəvan gimnaziyasında təhsilin davam etdirmişdir.
İrəvan gimnaziyasında təhsil alan gənc Əziz Əliyev öz üzərində ciddi çalışırdı. О, 1914-cü ildə atasının xəstələnməsi ilə əlaqədar təhsilini davam etdirməklə yanaşı, axşamlar uşaqları hazırlaşdırmaqla məşğul olmuşdur. 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmiş, lakin təhsilini davam etdirməyə maddi imkanı çatmamışdır. Ə.Əliyev bu məqsədlə məşhur milyonçu, xeyirxah insan H.Z.Tağıyevə məktubla müraciət etmiş və Hacı ona 300 manat pul göndərmişdir. Ə.Əliyev həmin hesabla Peterburqa gedərək Hərbi-Tibb Akademiyasına daxil olmuşdur.
Ə. Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
1918-ci ildə 2-ci kursda təhsil alarkən Əziz yay tətilini İrəvanda keçirmişdir. Həmin il atası vəfat etdiyindən ailənin bütün ağırlığını çiynində daşımağa məcbur olan Ə.Əliyev təhsilini yarımçıq qoymalı olmuşdur. Daşnak fitnəkarlarının baş qaldırması üzündən onlar ailəlikcə əvvəlcə Naxçıvanın Şərur rayonuna, sonra Şahtaxtı kəndinə, oradan da Cənubi Azərbaycanın Ərəblər kəndinə köçmüşlər. 1921-ci ildə yenidən Şahtaxtıya qayıdan ailə iki il burada yaşamışdır.
1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra etmişdir və həmin il Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin terapevt şöbəsinə qəbul olunaraq 4 il sonra oranı müvəffəqiyyətlə bitirmişdir. Universitetin daxili xəstəliklər kafedrasında saxlanılır. O, 1929-cu ildə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb və namizədlik dissertasiyasını müdafiə etmişdir. О, 1929-cu ilin oktyabr ayından respublika xalq səhiyyə komissarının müavini, sonra Kliniki İnstitutun direktoru, 1932-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilmişdir. Rektor olduğu üç il müddətində (1932–1935) onun yüksək təşkilatçılığı sayəsində Azərbaycan dilində 45 adda dərslik və dərs vəsaiti hazırlanıb nəşr olunmuşdur. Onların içərisində Ə.Əliyevin “Kliniki-diaqnostik laboratoriya analizi”, K.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, U.Musabəylinin “Göz xəstəlikləri”, Y.Qazıyevin “Yüngül vərəm” və s. fundamental əsərlər bu qəbildəndir.
Ə.Əliyev həmişə yüksək və məsul vəzifələrdə çalışmışdır. О, 1934-cü ilin mart ayında Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri seçilmiş və 3 aydan sonra yenidən əvvəlki vəzifəsinə, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılmışdır. О, eyni zamanda Azərbaycan Əczaçılıq İnstitutunun direktoru olmuş və 1938-ci il iyunun 1-ə kimi hər iki instituta başçılıq etmişdir.
1935-ci ildə Ə.Əliyev namizədlik dissertasiyası müdafiə etmiş və iki il sonra dosent adına layiq görülmüşdür. Zəhmətkeş alim 1937-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi 1938-ci ilin sonunda pul mükafatına layiq görülmüşdür.
Ə.Əliyevin elmi işi onu ictimai fəaliyyətindən heç də təcrid etməmişdir. О, 1936-cı ildən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuş, 1937-ci ildə isə SSRİ Ali Sovetinə, sonra isə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Bu illər ərzində Ə.Əliyev 20-dən artıq elmi və publisistik məqalələr dərc etdirmiş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığına, Azərbaycan Dövlət Universitetinə başçılıq etmişdir.
1930-cu illərin sonunda Ə.Əliyev artıq öz təşkilatçılıq bacarığı ilə respublikada ən nəzərə çarpacaq kadrlardan idi. Getdikcə о, daha məsul vəzifələrə irəli çəkilmiş, əvvəlcə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi, 1941-ci ilin mart ayında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. İkinci Dünya müharibəsi başlayarkən əldə olunmuş razılığa əsasən keçmiş Sovet Ordusu İrana daxil olarkən Ə.Əliyev hərbi şuranın üzvü kimi oraya göndərilmişdir.
Alman qoşunları keçmiş SSRİ-nin, demək olar ki, bütün Avropa hissəsini işğal etmişdi. Artıq Şimali Qafqaz almanların əlində idi, döyüşlər Dağıstanın sərhədlərinə gəlib çatmışdı. Dağıstan kimi çoxmillətli respublikaya rəhbərlik etmək üçün son dərəcə yüksək səviyyəli bir kadr lazım idi. Belə bir şəxs Ə.Əliyev olmuşdur. 1942-ci ilin sentyabr ayında Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsi onu Dağıstana birinci katib göndərmişdir. Dağıstanda 1942–1948-ci illərdəki fəaliyyəti Ə.Əliyevin həyatında xüsusi mərhələ təşkil edir. Bu zaman vilayət özünün çox ağır bir dövrünü keçirirdi. Dağıstan ərzağın, neftin eşalonlarla göndərilməsi üçün cənub respublikaları ilə cəbhə arasında bir növ körpü rolunu oynayırdı. Əziz Əliyev belə bir ağır şəraitdə fəaliyyətə başlamış, gərgin əməyi və yorulmadan çalışması sayəsində qarşıdakı bu çətinliklərin öhdəsindən bacarıqla gəlmişdir.
Əziz Əliyevin Dağıstanın rəhbəri olduğu illərdə vilayətin bütün sahələrində — kənd təsərrüfatında, elmdə, təhsildə, mədəniyyətdə güclü inkişaf özünü göstərmişdir. Bu dövrdə Dağıstanda akademik mərkəz elmi-tədqiqat bazası (sonralar SSRİ ЕА-nın filialına çevrilir), Qadınlar İnstitutu və qadınlar məktəbi açılmışdır. Vilayətin gəncləri təhsil almaq üçün keçmiş SSRİ-nin ali məktəblərinə göndərilmışdir. Ə.Əliyev respublikanın ədəbiyyat və incəsənət xadimlərinə də həmişə qayğı göstərmiş, onların yaradıcılığı üçün lazımi şərait yaratmışdır.
Əziz Əliyev Dağıstanda işlədiyi 6 il müddətində muxtar respublikada misli görünməmiş dərəcədə böyük işlər görmüş və eyni zamanda həmin ərazidən SSRİ Ali Sovetinə və Dağıstan MSSR Ali Sovetinə deputat seçilmişdir. Xalq arasında “Qurucu Əziz” adı ilə tanınan Əziz Əliyev 1948–1950-ci illərdə ÜİK(b)P MK-nın inspektoru, 1950–1951-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Uzun müddət öz peşəsindən – həkimlik sənətindən ayrılan Ə.Əliyev 1952-ci ildə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru təyin olunaraq yenidən öz peşəsinə qayıtmışdır. Onun rəhbərlik etdiyi müddətdə institutun beşcildlik elmi əsərləri, 122 elmi iş və metodik xarakterli 13 broşür nəşr olunmuşdur. Əziz Əliyev 1958-ci il aprel ayının 14-də professor adına layiq görülmüş və həmin ildən ömrünün sonuna kimi – 1962-ci ilədək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna başçılıq etmişdir.
Əziz Əliyev Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycanda və Dağıstanda bir sıra küçələrə onun adı verilmişdir.