“İrəvan qalasının təslim edilməsi”: Əsərin müəllifi fransız əsilli rus rəssamı Frans Alekseyeviç Rubodur (17.06.1856 Odessa - 13.03.1928 Münhen) - Fransın atası Alex Rubo, anası Madelin Seneq olan Frans ilk rəssamlıq təhsilini anadan olduğu Odessa şəhərində yerləşən Rəssamlar Akademiyasında almışdır. Rubo ailəsinin kökü Fransanın cənubunda yerləşən Marsel şəhərindən idi və Alex Rubo, Odessaya gəlməmişdən əvvəl, Marseldə kitab satışı ilə məşğul olmuşdur. Frans Rubo əsasən batal janrında müharibə təsvirləri yaratmaqla tanınmışdır. Rubo XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiya imperiyasında panorama rəssamlığının əsas nümayəndələrindən hesab olunur. Rəssamın əsərləri əsasən müharibə və şəhər təsvirlərindən ibarətdir ki, bu baxımından 1813-cü ildə Rusiya imperiyası və Qacarlar arasında baş vermiş Lənkəran döyüşünün təsvir edildiyi eyni adlı tablonu misal göstərmək olar. Rubo Odessa Rəssamlıq Akademiyasında ilkin təhsilini başa vurduqdan sonra Almaniyanın cənubunda yerləşən Münhen şəhərinə yollanmış və 1877-ci ildən etibarən Münhen Rəssamlıq Akademiyasında təhsil almağa başlamışdır.
Rəssamlıq üzrə dövrünün iki tanınmış akademiyasında təhsil alıqdan sonra Rubo, yenidən Rusiya imperiyasına qayıdır və Sankt-Peterburq şəhərində yerləşən, eyni adlı İmperiyal Rəssamlıq Akademiyasında panorama və müharibə rəsimləri çəkməyə başlayır. 1904-1912-ci illərdə şəhərin Rəssamlıq Akademiyasında professor olaraq gənc rəssamlara dərs vermişdir. Fəaliyyətinin bu dövründə, rəssam 1854-1855-ci illərdə baş vermiş Sevastopol mühasirəsindən bəhs edən eyni adlı tablosunu yaratmışdır.
Rəssamın yaratdığı “İrəvan qalasının təslim edilməsi” əsəri 1893-cü ildə, yağlı boya texnikasında 62x87 sm ölçülərində kətan üzərində işlənmişdir və hazırda İrəvanda Tarix Muzeyində saxlanılır. Əsər 1 oktyabr 1827-ci ildə İrəvan qalasının Çar Rusiyası qoşunları tərəfindən işğalını əks etdirir. Tarixdən məlumdur ki, rus qoşunları güclü top atəşlərindən sonra İrəvan qalasının müdafiə qabiliyyətini zəiflətmiş və 23 il sürən ağır və qanlı döyüşlərdən sonra qalanı təslim almağa nail olmuşdur. Bu əsərdə Frans Rubo İrəvan qalasının rusların nəzarəti altına keçməsini əks etdirən səhnə təsvir etmişdir. Qalanın təsviri, arxa fondakı minarə və məscidlər, şəhər əhalisinin tipajları və geyimləri bir daha şəhərin və qalanın müdafiəçilərinin kim olduğunu göstəricisidir. Rus qoşunları tərəfindən işğal olunmasına rəğmən İrəvan şəhəri və qalası bölgənin əsas mərkəzi olaraq qalırdı. İrəvan qalasının dağıdılması prosesinə 1864-cü ildən sonra başlayır.