Məhəmməd Ağa oğlu Ağayev - (1896, İrəvanda -1949, ABŞ, Kolumbiya) - 1916-cı ildə Moskva Dövlət Universitetini, 1926-cı ildə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, yunan dillərini bilmişdir.
MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, İran, Suriya və Orta Asiyaya səfərə çıxmışdır. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak etmişdir. Bakıda “İstiqbal” muzeyi yaratmış, arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiyə, Avstriyaya, 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonunadək orada yaşamışdır. Elə o ildə Detroyt Universitetində islam mədəniyyəti şöbəsini, sonra islam incəsənəti qalereyasını yaradır. 1933-1938-ci illərdə M.Ağaoğlu bu universitetdə Şərq xalqları mədəniyyəti kafedrasının professoru, 1934-cü ildə “Art İslamica” (“İslam incəsənəti”) jurnalını təsis edərək ömrünün sonunadək onun redaktoru olmuşdur. M.Ağaoğlu 50-dən artıq elmi əsərin, habelə “İslam incəsənəti tarixi” (İstanbul, 1928), “XV əsrdə İranda kitab çapı” (Miçiqan, 1935), “Səfəvilər dövrünün manufaktura və xalçaları” (Nyu-York, 1941) monoqrafiyalarının müəllifidir.
Məhəmməd Ağaoğlu ABŞ-ın Kolumbiya ştatında dəfn olunmuşdur.