Mığrı qalası (XI əsr)

Mığrı qalası - Zəngəzurda müdafiə-istehkam xarakterli qalalardan biri də analoqu olmayan Mığrı qalası idi. Meğri şəhərinin şimal hissəsində dağ təpələri üzərində nal formasında inşa edilmiş qalanın divarları yonulmamış, hamarlanmamış qranit daşlardan və gil palçıqla hörülmüşdür. Qalanın bir hissəsini də sıldırımlı qayalar, dağlar təbii hasar kimi qoruyurdu. Altıbürclü bu qala haqqında ilk dəfə 1083-cü ildə məlumat verilmişdir. XVIII əsrdə qala tamamilə yenidən bərpa olunmuşdur. Qalanın 6 bürcü (dördü dairəvi, ikisi düzbucaqlı) Meğri şəhərinin “Böyük məhlə” deyilən hissəsinin şimalında, dağın zirvələri üzərində nal formasında düzülərək, sanki şəhəri dövrələmişdir.