Mirabbas Mirhüseyn oğlu Mirbağırov - (təqribən 1880, İrəvan – ?) - İrəvan gimnaziyasını bitirmişdir.
Mirabbas Mirbağırov gənc yaşlarından qardaşı Mirabdulla ilə birlikdə kitab ticarəti ilə məşğul olmuşdur. İrəvanda “Umud” kitab mağazası açan qardaşlar 1909-cu ildə Bakıya gəlmiş və 1914-cü ildə burada yeni kitab mağazası açmışlar.
Mirabbas Mirbağırovun ilk yazısı 19 iyun 1905-ci ildə “Həyat” qəzetində dərc olunmuşdur. Onun 1905–1929-cu illər arasında 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görmüşdür. İlk vaxtlar “Həyat” və “İrşad” qəzetləri ilə sıx əlaqələr quran Mirbağırov sonralar “Təzə Həyat”, “Tərəqqi”, “Yeni İrşad”, “İqbal”, “Sədayi-həqq” qəzetləri ilə də yaxından əməkdaşlıq etmişdir. Ən çox işlətdiyi gizli imzası “Nadi”dir.
Jurnalistlik fəaliyyətini sonrakı illərdə də davam etdirərək, Azərbaycan Cümhuriyyəti dönəmində “Azərbaycan”, sovet hakimiyyəti dövründə “Kommunist”, “Yeni yol” qəzetlərində, “Xalq maarifi”, “Füqəra füyuzatı”, “Maarif və mədəniyyət”, “Azərbaycan Ali İqtisad Şurasının əxbarı”, “Xalq müəllimi”, “Qızıl qələm”, “Əkinçi”, “Maarif işçisi”, “İqtisadi xəbərlər” jurnallarında məqalələr dərc etdirmişdir.
Mirabbas Mirbağırov da İrəvanda teatrın özülünü qoyanlardan biridir.
Mirabbas Mirbağırovun 1913–1914-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7 kitabı nəşr edilmişdir. O, “Osmanlı tarixinin mühüm səhifələri” (Bakı, 1913), “Osmanlı hökumətinin qüdrətli günləri” (1913), “Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi” (1914), “Cənab Yusif və macərayi-məşhuru” (1914), “Osmanlı marşları, Vətən və millət nəğmələri” (1914) və başqa kitabların müəllifidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan quberniyası Həmyerlilər Cəmiyyətinin qərarına əsasən və Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvarında yerli əhalinin problemlərini öyrənmək üçün M.Mirbağırovun rəhbərliyi ilə Naxçıvana nümayəndə heyəti göndərilmişdir. Əhali Azərbaycan Xalq Cümhuriyyətinin elçilərini böyük ruh yüksəkliyi ilə qarşılamışdı. 1919-cu il fevralın 22-də M.Mirbağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda ingilis general-qubernatoru ilə görüşərək, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla bağlı mövqeyini onun diqqətinə çatdırmışlar. Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru da iştirak etmişdir. Azərbaycan hökumətinin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirmişlər. Naxçıvanın könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında tərtib olunan Aktın mətninin hazırlanmasında iştirak etmişdi. Siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələlərə aid bəndlərdən ibarət akt hökumət və Milli Şura üzvləri, əhalinin nümayəndələri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiq edilmişdi. Nümayəndə heyətinin Naxçıvanda gördüyü işlər Azərbaycan tarixinə “Mirbağırov missiyası” kimi daxil olmuşdur.
M.Mirbağırov sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı sistemində, 1923-cü ildən “Kommunist”, 1924-cü ildən “Yeni yol” qəzetlərində, 1925-ci ildən 1929-cu ilədək “Maarif işçisi” jurnalında çalışmışdır.
İqtisadçı, etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi ensiklopedik biliyə malik olan Mirbağırovun əsərləri indi də öz elmi dəyərini itirməmişdir.
1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsi ilə birlikdə Türkiyəyə köçdüyü güman edilir.